Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib
15 Yanvar 2022 11:54 SiyasətEnerji daşıyıcılarının ixracının artması digər ölkələrin də enerji təhlükəsizliyinə müsbət təsir göstərir
Azərbaycan nəinki regionda, eləcə də dünyada enerji təhlükəsizliyi sahəsində ən etibarlı tərəfdaş kimi tanınır. Buna səbəb ölkəmizin Avropanın bir sıra ölkələrini dayanıqlı enerji daşıyıcıları ilə təmin etməsidir. Hazırda ölkəmiz bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Elə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Sözügedən elektrik stansiyasının istehsal gücü 240 meqavatdır. Məlumat üçün qeyd edək ki, inşa olunacaq stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətidir. Şirkət enerji sahəsində dünyanın ən böyük şirkətidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. İnşa olunacaq stansiyanın əhəmiyyəti təkcə iqtisadi mənfəətlə bitmir. Stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşdırılacaqdır. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır. Bizim ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bütün Azərbaycan xalqı işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
Ekspertlərin qənaərinə görə, iqtisadi sahədə ölkələrimiz arasındakı əməkdaşlığın çox böyük perspektivləri var. Çünki, bizim ölkələr energetika sahəsində OPEC+ formatında fəal əməkdaşlıq edir. OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik - bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, indiyə qədər Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulur. Başqa sözlə, bunun üçün Azərbaycanda iqtisadi əsaslar məvcuddur. Belə ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.
Nurlan