Ramiyə Məmmədova: “Bakıda Nuru Paşanın heykəlinin qoyulması məqsədə uyğun olardı”
15 Sentyabr 2021 16:59 Siyasət"Bu gün Bakının erməni vandalizmindən azad olunmasından 103 il ötür. 103 il bundan öncə də ermənilər öz işğalçı siyasətlərini yürütməkdə idilər. Bakını və Bakının ətraf rayonlarını tamamilə işğal etmişdilər."
Bu fikirləri Bakının işğaldan azad olmasının 103-cü ildönümü ilə bağlı Olaylar.az-a açıqlama verən politoloq Ramiyə Məmmədova söyləyib:
"Təbii ki, burda da azərbaycanlıların kütləvi qırğını gedirdi. Nəzərə alsaq ki, o zaman da dünya qarışıq idi, Birinci Dünya müharibəsi gedirdi, Osmanlı imperiyası bu müharibədə uduzurdu. Buna baxmayaraq erməni vandalizminə qarşı Osmanlı imperiyası yenə də Türkiyə olaraq Azərbaycana dəstək oldu. Baxmayaraq ki, Osmanlı imperiyasının özünün vəziyyəti yaxşı deyildi.Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın Milli Ordusu ilə birləşib ağır döyüşlərdə iştirak edərək, Bakı şəhərini erməni daşnaqlarından və bolşevik qüvvələrindən tamamilə azad etdi. Sovet dönəmində bunların heç biri açıqlanmırdı. Lakin bu gün bunlar hamısı qeyd olunur. Çünki görürük ki, tarix yenidən təkrarlanır. Təbii ki, minlərlə şəhid verdik. Həmçinin Türk İslam Ordusu da minlərlə şəhidlər verdi. Buna baxmayaraq o zaman da erməni vandalizmi geri çəkildi. Hər yer erməni daşnaqlarından təmizləndi. Erməni xislətini bilərəkdən bütün insani qayda-qanunlara üstün gəlmişdi.Onlar Azərbaycanda qan tökürdülər.
Bunlara baxmayaraq bu iki dövlətin qardaşılığı, bir-birinə əl uzatması o zaman belə Azərbaycanı separatizmdən qurtardı. Bu gün də vəziyyət dəyişilməz olaraq qalır. 103 il sonra, 44 günlük vətən müharibəsindən sonra Türkiyə ilə Azərbaycan yenidən birləşdi. 44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytardı. Erməni separatizminə son qoymağa çalışdı və çalışmaqda davam edir. O zaman da Rusiya dövləti Qafqazda hegemonluq edirdi və Rusiya dövlətinin də ermənilərə verdiyi dəstək danılmazdır. Onlar da bilir ki, ermənilər Rusiya bolşevizminin dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı erməni dəstələri yaradaraq qırğınlar törədiblər. Bu günki gündə onlara Qarabağı almaqda rus ordusu, dövləti yardım etdi. Qarabağ 30 il işğal altında qaldı. Lakin Azərbaycan öz hərbi gücünə arxalanaraq, Azərbaycan Qarabağı qaytara bildi.Qarabağda hal -hazırda quruculuq və torpaqlarımızın yenidən cənnət məkanına çevrilməsi üçün işlər getməkdədir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Türk -Azərbaycan qardaşlığı və həmçinin geosiyasi hərbi əməkdaşlığı yenə də gündəmdədir. Nuru Paşanın gördüyü iş, Azərbaycan üçün gördüyü fəaliyyət çox təqdirə layiq haldır. Bakıda Nuru Paşanın heykəlinin qoyulması məqsədə uyğun olardı.Bu məsələ artıq neçə ildir ki, danışılır. Nuru Paşa Türkiyə ordusunun ən tanınmış, ən öndə gedən paşalardan biri olub."