Paşinyanın yeni problemi-Qaqik Tsarukyan

Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir

Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir

44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda erməni cəmiyyəti öz məğlubiyyətinin şokunu yaşayır. Çiçəklənən Ermənistan Partiyasının lideri, iş adamı Qaqik Tsarukyan gənclərlə görüşü zamanı deyib ki, "Ermənistan vətəndaşları kredit bataqlığında batır və onlara bu bataqlığdan çıxmağa şərait yaratmaq lazımdır". Politoloq Əlimusa İbrahimov bildirib ki, Qaqik Tsarukyan Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini keçirmək haqqında təklifini qəbul edən müxalifət nümayəndəsi hesab olunur. Onunla birlikdə Ziyalı Ermənistan Partiyasının başçısı Edmon Marukyanın  seçkilərə getməsi ilə Ermənistan müxalifətinin cərgələrində parçalanma baş verdi və Paşinyan bu vəziyyətdən uğurla istifadə edə bildi. Paşinyanla bu iki müxalifət partiyası arasında hansı səviyyədə sövdələşmənin mövcud olması haqqında ətraflı məlumat verilməsə də seçkiqabağı kompaniya zamanı özlərini "sakit" apardıqları təqdirdə onların gələcək parlamentdə təmsil olunacaqları gözlənilir. Bu həm də Paşinyan üçün əlverişlidir ki, müxalifətin iştirakı ilə hakimiyyət formalaşdıracaq: "Amma heç bir halda Tsarukyana əlində olan maliyyə resurslarında istifadə edərək Paşinyanın millətə verdiyi vədləri  üstələyən sözlərlə  seçkiqabağı kompaniya aparmağa imkan verilə bilməz. İş adamı isə hələ də vədlər verməkdə davam edir. Onun  hesablamalarına görə hazırda Ermənistanda 2.2 milyon insanın kredidi var . O vəd verir ki, növbədənkənar parlament seçkisi nəticəsində hakimiyyətə gələrsə 2 milyan adamı 3 milyon dram ( 6 min dollara yaxın ) kredit ödəməkdən azad edəcək. Onun partiyası seçkiqabağı proqramda bu barədə müvafiq bənd salıb. Gənclərlə görüşdüyü üçün tələbələrin təhsil haqqı problemlərinə toxunub. İş adamı hakimiyyətə gələrsə bu sahədə də inkişaf etmiş ölkələrdə mövcud olan metodlardan istifadə edəcəyinə söz verib. Onun təklifinə əsasən dövlət tələbənin təhsil haqqını ödəyir, tələbə isə universiteti bitirdikdən 5 il sonra təhsil haqqı üzrə olan borcu dövlətə qaytarmağa başlayır". Politoloq qeyd edib ki, Tsarukyanın bu formada kompaniya aparmasının  Paşinyan üçün müəyyən problemlər yaratması şübhəsizdir. Onun verdiyi bu vədlər qarşısında Baş nazir vəzifələrinin icraçısı ya daha da şirnikləndirici vədlər verməli, sonra da onu yerinə yetirməli, ya da Tsarukyanın vədlərinin indiki Ermənistan şəraitində həyata keçirməyin mümkün olmadığını deyib onu gözdən salmalıdır: "Hər iki halda xoşagəlməz vəziyyətdir. Amma  burada da çıxış yolu var. O da Tsarukyana seçicilərlə söhbət zamanı həddini çox aşmamağı tapşırmaqdır. İş adamının növbəti görüşlərində hansı qaydalara riayət edəcəyini hiss edəcəyik. Tsarukyanın gənclərlə görüşü zamanı diqqəti çəkən məqam onun Qarabağ məsələsi ətrafında söhbət aparmaması olub. Deməli, Qarabağ bu günkü erməni gəncləri üçün prioritet deyil və qarşıdan gələn növbədənkənar parlament seçkilərinin əsas şüarı olmayacaq".

Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda erməni cəmiyyəti öz məğlubiyyətinin şokunu yaşayır. Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir: "Paşinyan hakimiyyətinin növbədənkənar parlament seçkiləri keçirməyə razı olması da məğlub ölkədəki siyasi böhranın dərinləşməsinin qarşısını almaq iqtidarında deyil. Əksinə, müxalifət hakim siyasi qüvvələrin seçkiləri saxtalaşdırmaq niyyətində olduğu barədə ittihamlarla xaosun daha da dərinləşməsinə rəvac verir". Millət vəkilinin sözlərinə görə, Ermənistanın hazırkı ağır durumda olmasının əsas səbəbi 30 ilə yaxın işğalçı siyasət yürütməsidir: "Azərbaycan dövləti hər zaman bəyan edirdi ki, işğalçılıq siyasəti Ermənistana heç bir xeyir gətirməyəcək və buna görə də sülh yolu ilə münaqişə həll edilməli, qarşı tərəf işğal etdiyi torpaqlarımızı xoşluqla tərk etməlidir. Çünki 30 illik işğal dövrü həqiqətən də Ermənistana heç bir divident qazandırmadı, əksinə sosial-iqtisadi böhran dərinləşməkdə davam etdi. Bu da ölkədə siyasi böhranın baş verməsi ilə nəticələndi. 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn qüvvələr də, münaqişənin həllində konstruktivlik nümayiş etdirmədi. Nəticədə ötən il 44 günlük müharibədə Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi, 10 noyabr bəyanatı ilə münaqişə başa çatdı. Müharibədəki ağır məğlubiyyət Ermənistanda psixoloji travma yaradıb, bütün sahələr üzrə böhranı daha da dərinləşdirib. Parlament seçkiləri ərəfəsində ölkədaxili gərginlik daha da artıb. Əlbəttə ki, Ermənistanda hazırkı mənzərə məhz işğalçılıq siyasətinin nəticəsidir". S.Fətəliyeva qeyd edib ki, Ermənistanın düşdüyü ağır durumdan çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsi ilə əlaqədardır: "10 noyabr razılaşması regionda kommunikasiyaların bərpasını da nəzərdə tutur. Həmçinin, Azərbaycan region ölkələrinin əməkdaşlığını özündə ehtiva edən altılıq platformasının təşəbüskarıdır. Əgər Ermənistan Azərbaycanın bu xoşniyyətli təşəbbüslərinə uyğun davranacaqsa, böhrandan çıxa bilər. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur".

Alim

Olaylar.az

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31