Azərbaycanın təşəbbüskarlığı beynəlxalq aləm tərəfindən müsbət qiymətləndirilir - TƏHLİL
2 İyun 2020 13:54 SiyasətAzərbaycan dövləti bütün dövrlərdə olduğu kimi, dünyanı bürüyən koronavirus pandemiyası zamanında da özünün həm təşəbbüskarlığı, həm də uğurlu siyasəti və bu siyasətin nəticəsində əldə etdiyi uğurlar, nailiyyətlərlə diqqət çəkdi, qlobal miqyasda nümunəvi dövlət imicini bir daha təsdiq etdi. Sadaladığımız amillər də öz növbəsində ölkəmizə beynəlxalq səviyyədə olan marağı artırdı, regionda Bakı ilə əməkdaşlıq etmək arzusunda olan ölkələr, beynəlxalq təşkilatların sayının əsaslı dərəcədə artmasına gətirib çıxardı. Düzdür, pandemiya dövrünə qədər də beynəlxalq miqyasda Azərbaycanla əməkdaşlığa üstünlük verilir, ayrı-ayrı ölkə və təşkilatlar Bakı ilə ikitərəfli və ya çoxtərəfli formatda əməkdaşlığa maraq göstərirdilər. Lakin pandemiya dövründə Azərbaycanın dünyada xüsusilə seçilməsi, nümunəvi ölkələrin sırasında ilk yeri bölüşdürməsi bu marağın daha sa artmasına gətirib çıxardı. Elə son bir ay ərzində dünyaca məşhur beynəlxalq təşkilatlar və şirkətlərin təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə keçirilən videokonfranslar belə deməyə əsas verir. Pandemiyanın ilk günlərində belə görüşlərin keçirilməsində əgər Azərbaycan tərəfi, xüsusilə də Azərbaycan Prezidenti Cənab İlham Əliyev təşəbbüskar idisə, indi isə Azərbaycan dövlət başçısının təşəbbüskarlığından nümunə xarakteri daşıyan anoloji addımlar atılır, bu formatda görüş və videokonfransların keçirilməsi irəli sürülür.
Diqqət etsək görərik ki, Azərbaycan və şəxsən Cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşlərindən sonra anoloji təşəbbüslər gündəmə gəldi. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti, "Signify" şirkətinin, CİSCO şirkətinin təşəbbüsləri ilə Azərbaycan Prezidenti ilə videokonfrans şəklində görüşlər keçirildi. Ötən gün isə eyni təşəbbüs Asiya İnkişaf Bankı tərəfindən irəli sürüldü və Bankının prezidenti Masatsuqu Asakavanın təşəbbüsü ilə Azərbaycan dövlət başçısı ilə videokonfrans keçirildi. İlk növbədə onu demək lazımdır ki, bütün qeyd edilən təşəbbüslər və Azərbaycan rəhbərliyi ilə keçirilən görüşlər rəsmi Bakınln pandemiya dövründə nümayiş etdirdiyi təşəbbüskarlıq vıə həmrəyliyə qarşılıq, müsbət mənada olan jestdir. Təsadüfi deyil ki, Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava dövlət başçısı ilə keçirdiyi görüşdə bu məqamı xüsusi qeyd edib və ölkəmizin pandemiyaya qarşı həm apardığı mübarizə, həm də nümayiş etdirdiyi beynəlxalq həmrəyliyi yüksək qiyməyləndirib. O, qeyd edib ki, Asiya İnkişaf Bankı COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyir. Masatsuqu Asakava bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi dərin təəssürat yaradır. Bundan başqa Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması təqdirəlayiq haldır. Pandemiyadan əziyyət çəkən ölkələrə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib. Masatsuqu Asakava açıq şəkildə etiraf edib ki, Azərbaycan hökuməti tərəfindən pandemiya əleyhinə atılan qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə olması və aparılan test sayının artması onu nümayiş etdirir ki, ölkədə səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir.
Əslində deyilənlərin hamısı bir reallıqdır, həqiqətdir. Həqiqətən də Azərbaycan dövləti, hökumətinin pandemiyaya qarşı mübarizə tədbirləri kifayət qədər effektli oldu və özünün müsbət nəticələrini göstərdi. Həyata keçirilən düzgün siyasət, karantin qaydaları və izolyasiya tədbirləri ölkəmizdə virusa yoluxanların sayının minimum həddə olmasına imkan yaratdı. Bununla yanaşı Azərbaycan dövləti ən çətin situasiyalarda, iqtisadi durumun ağır olduğu bir vaxtda vətəndaşlarının sosial rifahını əsas prioritet saydı, onlara hərtərəfli dəstək nümayiş etdirdi.
Eyni zamanda Azərbaycan beynəlxalq səviyyədə də dəstək, yardım göstərmək işində nümunəvi rol oynadı. Elə Prezident İlham Əliyev də videokonfrans zamanı bu məqamı xüsusi vurğulayıb: "Biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər".
Göründüyü kimi, yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan bütün çətin dövrlərdə, vəziyyətlərdə sınaqdan, imtahandan uğurla çıxır, özünün qüdrətini, liderliyini dünyaya nümayiş etdirir. Bütün dünyanı bürüyən koronavirus pandemiyası dönəmində də biz bu müsbət tendensiyanı müşahidə etdik.
Süleyman
Olaylar.az