İstefa mədəniyyəti olmayan mədəniyyət naziri - PROBLEM

Azərbaycanda bəzi iri məmurların qeyri-qanuni yolla milyonlarla manat dəyərində səltənət əldə etmələri barədə kifayət qədər məlumatlar dolaşmaqdadır. Hətta dövlət vəsaitinin mənimsənilməsi hesabına əldə edilən milyonların hara və hansı məqsədlə xərclənməsi belə hər kəsə bəllidir. Azərbaycanın iri məmurlarının ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı da heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi də gün kimi aydındır. Məlum məsələdir ki, həmin məmurlar halal əmək haqları ilə illərlə  yeyib-içməsələr  belə bu qədər varidatın yarıbayarısına  sahib ola bilməzlər. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil. Məsələ orasındadır ki, bu qəbildən olan məmurlar əksər hallarda miyonlarını dəxli olmayan, xəyallara belə sığmayan  sahələrə xərcləyirlər. Belə imkanlı şəxslərin çoxsaylı dəbdəbəli villalarının, dünyanın ən məhşur firmalaraına məxsus maşınlarının, qızıl, daş-qaşlarının olması adi haldır. Elə son vaxtlar ölkədə aparılan korrupsiyaya qarşı mübarizə  çərçivəsində dövlət vəsaitini mənimsəyən məmurların həbs edilməsinə start verilib. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib. Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir. Rəsmi açıqlamada qeyd olunur ki, musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitab­xanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və s. mədəniyyət müəssisələrinin tikintisi, təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsi Rafiq Bayramov tərəfindən şəxsən və müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib. Məsələ orasındadır ki, cəmiyyətdə uzun illərdən bəri ölkənin mədəniyyət sahəsində hərc-mərcliyin hökm sürməsi barədə fikir formalaşıb. Sözügedən özbaşnalıq mədəniyyət sferasının demək olar ki, bütün sahələrini əhatə etməkdədir. Rayonlarda orta ixtisas musiqi məktəblərindən, tarixi abidələrimizə və binalara münasibətdən, kino sənayesi sahəsindəki süstlükdən tutumuş bölgə teatrlarımızda vaxtaşırı meydana gələn və heç də xoş olmayan didişmələr nazirliyin fəaliyyətində şəffaflığın olmaması barədə hər şeyi deyir. Maraqlısı odur ki, Mədəniyyət Nazirliyinə 26 il ərzində rəhbərlik edən Əbülfəz Qarayev ötən müddət ərzində baş verən hadisələrə biganə yanaşaraq "tükünü darağa da verməyib". Məlum məsələdir ki, heç bir  nazirlikdə rəhbər şəxsin razılığı olmadan heç bir maliyyə əməliyyatı aparıla bilməz. Əgər 26 il ərzində Əbülfəz müəllimin istintaq orqanlarının             aşkar etdiyi qanunsuz əməllərdən xəbəri olmayıbsa, deməli bu şəxs yerində olmayan məmur olub. Necə ola bilər ki, nazirlikdə bu boyda maliyyə maxinasiyaları baş verir, ancaq nazirin xəbəri olmur. Baxmayaraq ki, nazir və müavinləri Azərbaycanın sərvətləri, Azərbaycan insanının əməyi hesabına bu mərtəbəyə yüksəliblər, lakin heç bir sosial projedə  təmsil olunmayıblar. Nə yaxşı ki, Heydər Əliyev Fondu var ki, mədəniyyətimizin qorunması, inkişafı, təbliği, muğamımızın yaşadılması istiqamətində layihələr həyata keçirir. Sirr deyil ki, son illərdə istər tarixi abidələrin qorunması, mədəniyyətimizin inkişafı, milli musiqimizin yaşadılması, dünya miqyasında təbliği istiqamətində böyük işlərin tam əksəriyyəti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Daha dəhşətli məqam ondan ibarətdir ki, Əbülfəz Qarayev bir nazir kimi ona tapşırılan vəzifənin öhdəsindən gəlməyi bacarmayan nazir imici qazanıb. Bu imici isə sadəcə sözlə deyil, əməli ilə qazanıb. Belə ki, Qusar rayonunun Şahdağ ərazisində inşa edilən müasir tipli "Şahdağ" qış-yay turizm kompleksinin tikintisini başa çatdırmaması ilə "məhşur" olan nazir, kompleks istismara verilən kimi qaynını ora rəhbər təyin edir. Əbülfəz Qarayev həm də vətəndaş qəbuluna, mədəniyyət və incəsənət xadimlərin problemlərinə biganə yanaşan nazir kimi yadda qalıb. Vətəndaş Təbriz Yusifov Facebook səhifəsində qeyd edir ki, 5 ay müddətində "hörmətli" nazirin qəbuluna düşə bilməyib: "Əvvəlki statusumda qeyd etdiyim kimi 2019-cu ilin dekabr ayında mən nazirin qəbuluna yazılmışam və bununla bağlı mənə cavab məktubu da gəlib ki, sizi qəbul edəcək. Amma düz 5 aydan çoxdur ki, qəbul etmir. Səbəblər bilinmir.

Əgər bunu kimsə qəsdən yubadırdısa cavab verməli olacaq!".  Təsadüfi deyil ki, sadə vətəndaşlar sosial şəbəkələrdə onun 26 illik nazirlik fəaliyyətini orta statistik azərbaycanlının həyatında baş verən dəyişikliklərlə müqayisə edirlər: "Anadan olan uşaq böyüyüb bağçaya gedib, bağçadan sonra məktəbə gedib, məktəbi bitirib universitetə daxil olub, ali təhsilini yekunlaşdırıb, magistraturaya daxil olub,  magistraturanı bitirib, əsgərliyə gedib, əsgərlikdən gəlib evlənib, övladı olub, həmin uşaq bu il bağçaya gedəcək". Başqa bir sosial şəbəkə istifadıəçisi Vəfa Sultanzadə qeyd edir ki, "Bakının tarixini zəlil gününə qoyan, Mədəniyyət Naziri olaraq, nazirlikdə mədəniyyətdən başqa hər seyin naziri".  Gəlinən nəticə ondan ibarətdir ki, Əbülfəz Qarayev gərək nazirlikdə keçirilən əməliyyatdan sonra cənab prezidentin ayaqlarına düşüb işdən azad olunmasını xahiş edərdi. Daha doğrusu, mədəniyyət naziri kimi istefa verməklə istefa mədəniyyətini nümayiş etdirməli idi. Ancaq bu xislətdə nazirin hansısa mədəniyyət nümunəsi göstərməsi barədə düşünmək sadəlövlükdən başqa bir şey deyil.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31