Türkmənistan prezidenti Azərbaycana səfər edib -SİYASƏT
11 Mart 2020 16:49 Siyasətİki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb
Son illər bir çox ölkələr kimi Türkmənistanla da Azərbaycan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir, Bakı ilə Aşqabad arasında münasibətlər yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Türkmənistana rəsmi səfərindən sonra martın 11-də Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir desək yanılmarıq.
Xəbərlərdən də aydın olduğu kimi martın 11-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev türkmənistanlı hımkarını yenidən Azərbaycan torpağında görməkdən şad olduğunu dilə gətirib. Dövlət başçısı qeyd edib ki, bizim görüşlərimiz mütəmadi xarakter daşıyır: "Biz bu görüşlərdə çox mühüm məsələlərə dair qərarlar qəbul edirik. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var. Bu, dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin tarixidir. Biz həmişə bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki müstəqil dövlət olaraq fəal surətdə öz gələcəyimizi qururuq. Sizi və qardaş türkmən xalqını müstəqillik dövründə qazandığınız böyük nailiyyətlər, Türkmənistanın hərtərəfli inkişafı, beynəlxalq arenada fəal mövqeyi, çoxsaylı mühüm sosial-iqtisadi məsələlərin həlli münasibətilə təbrik etmək istərdim. Biz də, dostlarınız, qardaşlarınız kimi sizin uğurlarınıza sevinirik. Sizin bugünkü səfəriniz bizim siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqumuzun davamıdır. Sizin görüşünüzə hazırlaşarkən mən bizim əməkdaşlığımıza dair informasiya ilə bir daha tanış oldum. Biz çox müsbət dinamika müşahidə edirik. Bu, bizi sevindirir. Çünki bu gün, dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda - Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm".
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov isə yüksək qonaqpərvərliyə görə, dövlət başçısına təşəkkür edib: "Biz həmişə olduğu kimi, Sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirik. Biz Sizə minnətdarıq. Əlbəttə, biz bu rəsmi səfərə çox böyük əhəmiyyət veririk. Bu səfər bizim dövlətlərarası dialoq kontekstində keçir və beynəlxalq, siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələlərin birgə müzakirələrinin davamıdır. Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız da dostluq münasibətlərimizin möhkəmlənməsinə yaxşı təkan verəcək. Türkmənistan-Azərbaycan dostluq münasibətlərinə verdiyiniz şəxsi töhfəyə görə də Sizə təşəkkür etmək istərdim. Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar və ən başlıcası, Sizin şəxsinizdə bizim qardaşlarımıza, Azərbaycan xalqına rifah, firavanlıq arzu etmək istəyirəm. Bir daha dəvətə görə sağ olun".
Daha sonra geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulandı, Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin mütəmadi həyata keçirildiyi qeyd olunub. Türkmənistan Prezidentinin səfəri çərçivəsində 20-yə yaxın sənədin imzalanacağı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə Türkmənistana səfəri zamanı 20-dən artıq ikitərəfli sənədin imzalandığı vurğulanıb və bununla da ikitərəfli müqavilə-hüquq bazasının genişləndiyi bildirilib. Azərbaycan və Türkmənistan xalqlarının ortaq etnik kökə, mədəniyyətə və ənənələrə malik olduqları vurğulanıb.
Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təsisatlarda sıx əməkdaşlıq etdiyinin vurğulandığı görüşdə diqqətə çatdırıldı ki, ölkələrimiz daim bir-birlərinin təşəbbüslərinə dəstək göstərirlər.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və nəqliyyat daşımalarının artması məmnuniyyətlə qeyd olunub.
Söhbət zamanı Xəzər dənizinin Azərbaycan və Türkmənistanı birləşdirən məkan olduğu bildirildi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyəti vurğulanıb. Görüş çərçivəsində enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.
Prezidentlərin təkbətək və geniştərkibli görüşündən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Birgə Bəyanat imzalanıb. Bundan başqa "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın "Türkmənhavayolları" Agentliyi arasında Protokol", "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Milli Kitabxanası ilə Türkmənistan Mədəniyyət Nazirliyinin Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Kitabxanası arasında kitabxana işi sahəsində Anlaşma Memorandum", "Bakı Dövlət Universiteti ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Protokol", rabitə operatorları "AzərTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Türkməntelekom" Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın " Türkmen Aragatnaşyk" Agentliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanan sənədlər sırasında yer alıb. Bununla yanaşı iki ölkə arasında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Protokol", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandum", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında Saziş", "Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu", "Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dillər, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasında İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkmənistanın Ticarət-Sənaye Palatası arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" və "2008-ci il 19 may tarixli Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol" imzalanıb.
Sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində martın 11-də Şəhidlər xiyabanını ziyarət edib. Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Füzuli
Olaylar.az