Bakı ilə Aşqabad arasında yeni strateji əməkdaşlıq mərhələsinin başlanğıcı -Siyasət

Azərbaycanın regiondakı yeri və rolu, tutduğu mövqe, eləcə də malik olduğu imkanları dünya ölkələrinin Cənubi Qafqazda Bakıya olan marağını getdikcə artırır. Son aylarda həyata keçirilən qarşılıqlı səfərlər fonunda bunu aydın görmək mümkündür. Xüsusilə, ölkəmizin zəngin enerji resurslarına malik olması və bu resursların dünya bazarlarına nəqli istiqamıtində reallaşdırdığı layihələr Bakı ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək istəyində olan ölkələrin sayını hər ötən gün artırır.

Günümüzdə Azərbaycan əksər yaxın və uzaq ölkələr kimi Türkmənistanla da yüksək səviyyədə əməkdaşlıq qurub və bu əməkdaşlığı getdikcə inkişaf etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir neçə il əvvəl Türkmənistana rəsmi səfəri ilə qarşılıqlı münasibətlərdə yaranan yeni mərhələyə daha bir müsbət çalar Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri ilə əlavə edildi desək yanılmarıq. Xəbərlərdən də aydın olduğu kimi, martın 11-də Türkmənistan prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı Qurbanqulu Berdiməhəmmədovun azərbaycanlı həmkarı Cənab İlham Əliyevlə təkbətək və geniştərkibli görüşləri olub. İki ölkə liderlərinin görüşləri zamanı aparılan danışıqlar və müzakirə edilən məsələlər barədə mətbuata verilən açıqlamalardan məlum olur ki, liderlər ölkələr arasında müxtəlif səviyyəli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Türkmənistanlı həmkarı ilə görüşdə Azərbaycan Prezidenti qeyd edib ki, bizim görüşlərimiz mütəmadi xarakter daşıyır: "Biz bu görüşlərdə çox mühüm məsələlərə dair qərarlar qəbul edirik. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var. Bu, dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin tarixidir. Biz həmişə bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki müstəqil dövlət olaraq fəal surətdə öz gələcəyimizi qururuq".

Dövlət başçısı vurğulayıb ki, türkmənistanlı həmkarının Azərbaycana səfəri siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqumuzun davamıdır: "Sizin görüşünüzə hazırlaşarkən mən bizim əməkdaşlığımıza dair informasiya ilə bir daha tanış oldum. Biz çox müsbət dinamika müşahidə edirik. Bu, bizi sevindirir. Çünki bu gün, dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda - Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək".

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da çıxışında Azərbaycanla əməkdaşlığa, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə çox böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb: "Bu səfər bizim dövlətlərarası dialoq kontekstində keçir və beynəlxalq, siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələlərin birgə müzakirələrinin davamıdır. Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız da dostluq münasibətlərimizin möhkəmlənməsinə yaxşı təkan verəcək. Türkmənistan-Azərbaycan dostluq münasibətlərinə verdiyiniz şəxsi töhfəyə görə də Sizə təşəkkür etmək istərdim. Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar və ən başlıcası, Sizin şəxsinizdə bizim qardaşlarımıza, Azərbaycan xalqına rifah, firavanlıq arzu etmək istəyirəm. Bir daha dəvətə görə sağ olun".

Əksər ekspertlər də hesab edirlər ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri Bakı ilə Aşqabad arasında əlaqələrin daha da inkişafına təkan verəcək. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri iki dövlət arasında yeni strateji əməkdaşlıq mərhələsinin başlanmasına gətirəcək. Onun sözlərinə görə, bu səfər Xəzər dənizinin hüquqi statusunun təkmilləşdirilməsi istiqamətində mühüm rol oynamaqla yanaşı, tərəflərin bundan sonra mübahisəli məsələləri üçüncü ölkələrin müdaxiləsi olmadan birgə həll etməsinə imkan yaradacaq: "Prezident İlham Əliyevin həmkarı Qurbanqulu Berdiməhəmmədovla danışıqları Aşqabadın artıq geosiyasi prosesdə Azərbaycanın artan əhəmiyyətini Türkmənistan üçün də müsbət məqamlarını nəzərə almasına gətirib çıxardı. Çünki, Türkmənistan yalnız Azərbaycan vasitəsilə Qərbə uğurlu çıxış yolu əldə etməklə öz enerji daşıyıcılarından mənfəət əldə edə biləcək imkanlarına malik ola bilməsi üçün əlverişli marşruta sahib imkanı əldə edir. Göründüyü kimi, Türkmənistan geosiyasi reallıqları nəzərə alaraq Azərbaycanla birgə enerji və nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlayır. Bununla da Türkmənistan Qərbə çıxış əldə etməklə, öz iqtisadi inkişafına töhfə verməyə çalışacaq". Politoloq bildirib ki, ilk növbədə Türkmənistan Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutalan "TransXəzər" qaz kəmərinin çəkilməsi istiqamətində Qərblə intensiv danışıqlar aparmalı və Moskvanı neytralllığını təmin etməlidir: "Bu kəmər Azərbaycana deyil, Avropa və Türkmənistana lazımdır. Sadəcə ölkəmiz tranzit imkanlarının artırılmasında maraqlıdır. Onu da qeyd edim ki, Türkmənistan Xəzər dənizində münahisə predmetlərinə son qoymağı düşünür. Bundan başqa Türkmənistan Azərbaycan əlaqələri Türkmənistan üzərindən keçməklə Lapis-Lazuli nəqliyyat dəhlizi vasitəsilə Avropa ilə Cənubi-Şərqi Asiya ölkələri arasında ticari və yükdaşımaları artacaq. Həmçinin bu yol Əfqanistana ABŞ üçün yeni giriş olacaq". Məhəmmıəd Əsədullazadə onu da əlavə edib ki, bundan soi=nra Xəzərin statusu ilə bağlı iki ölkə arasında mübahisələr həll ediləcək. Xəzər dənizində Kəpəz yatağı birgə işlənə bilər. Həmçinin İki ölkə arasında enerji və nəqliyyat əlaqələri yeni beynəlxalq dəhlizin açılmasına yol açacaq: "Türkmənistan "Cənubi Qaz Dəhlizinə" qoşulmaqla Rusiyaya qaz satışını azaldaraq birbaşa dünya bazarına çıxacaq. Göründüyü kimi Azərbaycan "Şimal-Cənub" nəqliyyat Dəhlizi, "Şərq-Qərb" Dəmir İpək yolu və ən nəhayət Avropaya yeni marşut "Lapiz-Lazuli" nəqliyyat dəhlizinin açılışına töhfə verməklə Avropanın regiona və Asiyaya çıxışnı təmin etmiş olacaq".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31