Azərbaycan ictimai-siyasi sabitlik baxımından postsovet məkanının lider ölkəsidir- MÜNASİBƏT
Azərbaycan ictimai-siyasi sabitlik baxımından postsovet məkanının lider ölkəsidir-MÜNASİBƏT
11 Dekabr 2019 15:54 SiyasətAzərbaycan hər zaman sülhün və sabitliyin tərəfdarı kimi Cənubi Qafqaz regionunun inkişafında maraqlı olduğunu nümayiş etdirib. Bu, həm Avropanın, həm də digər dövlətlərin regionun aparıcı ölkəsi kimi Azərbaycanla münasibətlərin qurulmasına və inkişafına can atmasına gətirib çıxarıb. Ümumiyyətlə, Azərbaycan dövləti hər zaman apardığı siyasətin xoş niyyətə əsaslandığını bəyan edib. Təəssüf ki, Azərbaycanın apardığı bu xoş siyasət hamı tərəfindən eyni şəkildə qiymətləndirilmir və bəzi məqamlarda ölkəmizdə hökm sürən demokratik ab-havadan öz şəxsi niyyəti üçün istifadə etməyə çalışanlar da tapılır. Amma Azərbaycan dövləti heç bir zaman buna imkan verməyəcək. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan bütün ölkələrlə faydalı və qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq əsasında münasibətlər qurur: "Bu, ədalətli və məntiqi mövqedir. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Əlbəttə, heç vaxt imkan vermərik ki, kimsə bizim daxili işlərimizə qarışa bilsin. Baxmayaraq belə cəhdlər var və istisna edilmir ki, bundan sonra da olacaq. Halbuki, Azərbaycanın uğurlu inkişafı və bizim güclü iradəmiz artıq bu səylərin səngiməsinə gətirib çıxarmalıdır. Ümid edirəm ki, belə də olacaq".
Etiraf edilməlidir ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin möhkəmliyinə görə postsovet məkanının lider ölkəsidir. Belə ki, dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır.
Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində də Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb. Məhz yürüdülən düşünülmüş xarici siyasətin nəticəsidir ki, ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır. Qeyd etmək yerinə düşərdi ki, hələ 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. Azərbaycanın beynəlxalq nüfuzu onun mötəbər beynəlxalq tədbirlərə sədrlik etməsinə, eləcə də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməyə imkan yaradır. Elə bunun nticəsidir ki, Azərbaycan Respublikasının 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bundan başqa, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub və üzv dövlətlərlə ən müxtəlif sahələrdə sənədlər imzalayıb.
Müstəqil Azərbaycan son illər təkcə sosial-iqtisadi deyil, ictimai-siyasi sabitlik, xüsusilə də dini-milli tolerantlıq və multikulturalizm sahəsində qazandığı uğurlarla da dünyanın diqqətini cəlb edir. Fərqli dinlərə, etnik toplumların mədəni və mənəvi dəyərlərinə liberal yanaşma xalqımızın qədim zamanlardan formalaşmış ali keyfiyyətlərindən olaraq cəmiyyətdə sivil harmoniyanın, təhlükəsizlik mühitinin yaranmasını təmin etmişdir. Dünyada dini-milli zəmində qarşıdurmaların artdığı bir dönəmdə respublikamızda dini radikalizm və ekstremizm meyillərinə münbit zəminin olmadığı, buna uğursuz cəhdlərin isə zamanında aşkarlanaraq xalqla hakimiyyətin möhkəm mənəvi birliyi nəticəsində əzmlə aradan qaldırıldığı danılmaz həqiqətdir.
Millət vəkili Elman Nəsirov deyib ki, sözün həqiqi mənasında son 16 il ərzində ölkəmizdə sabitlik və əminamanlıq hökm sürmüşdür: "Azərbaycan bü gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişılır, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ökləmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliymizi şərtləndirir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalıqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir". Millət vəkili qeyd edib ki, bu birliyin kökündə dayanan əsas amil xalqın öz Prezidentinə olan inamı, etimadı və etibarı ilə bağlıdır: "Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və nüfuz sahibi olmuşdur. Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının özünün qeyd etdiyi kim, ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyni nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydə ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizn rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol ardıcıl, sistemli, davamlı və dərinləşən islahatlar yoludur".
Nurlan
Olaylar.az