“Əli Kərimlinin çayxana adamından heç bir fərqi yoxdur”- RƏY

“Əli Kərimlinin çayxana adamından heç bir fərqi yoxdur”-RƏY

Radikal siyasi düşərgə, xüsusilə də Milli Şura adlanan qurum yenə öz ənənəsinə sadiq qaldı. Dünənə qədər ölkədə növbədənkənar seçkilərin keçirilməsi zəruriliyini qeyd edən, belə bir təşəbbüsdə olan adıçəkilən qurum növbədənkənar seçkilərin keçirilməsi qərarı verilər-verilməz öz absurd fikir və mülahizələrini işə salmağa başladı. Nəticədə isə seçkidə iştirak etməmək qərarı verdilər.

Milli Şuranın belə bir qərarı əslində gözlənilən idi. Çünki heç bir elektorata malik olmayan bu qurumun seçkilərdə hansısa uğur qazanması mümkün olmadığından prosesdə iştirak etməməsi də başadüşüləndir. Ancaq ümumilikdə götürəndə isə seçki siyasi mübarizə meydanı olduğu üçün, istənilən siyasi qüvvənin bu mübarizəyə qoşulması məqsədəuyğundur.

Milli Şuranın seçkilərdə iştirak etməmək qərarı verməsi haqlı olaraq cəmiyyət, əksər siyasi partiyalar tərəfindən normal qarşılanmayıb. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, "Milli Şura" deyilən qurumun növbədənkənar parlament seçkisi ilə bağlı bəyanatından heç də  təəccüblənməyib. Çünki artıq uzun illərdir ki, istər AXCP-"Milli Şura" cütlüyü, istərsə də hər iki qurumun baş "dirijor"u Əli Kərimli cəmiyyəti, ölkənin siyasi qüvvələrini yaxşı mənada heyrətləndirmək gücünə malik deyil. Onun sözlərinə görə,  "Milli Şura" adından təqdim edilən bəyanat da əslində həmin amorf qurumun deyil, Əli Kərimlinin öz bəyanatıdır: "Bəyanatın nöqtəsinə, vergülünə qədər Əli Kərimlinin beyninin "məhsul"u olduğu göz qabağındadır. Əli Kərimlinin "mübarək" qələmindən çıxan bu bəyanatda bir sıra absurd fikirlər yer alıb. Adam iddia edir ki, "Milli Məclis və Konstitusiya Məhkəməsi Əliyevlər ailəsinin iradəsinə tabe etdirilməklə növbədənkənar parlament seçkisi qərarı rəsmiləşdirilib". AXCP liderinin bu fikrindən belə bir qənaətə gəlmək olar ki, bu adam ümumiyyətlə, dünyada gedən prosesləri izləmir və ayrı-ayrı ölkələrin yaxın siyasi tarixində baş vermiş analoji seçki təşəbbüslərindən, təcrübələrindən də tamamilə xəbərsizdir. Çünki dünyanın əksər ölkələrində növbədənkənar parlament seçkilərinin keçirilməsi faktları var. Qardaş Türkiyədə dəfələrlə növbədənkənar seçkilərin keçirildiyini bilirik. Lap bu yaxınlarda bizə dost və müttəfiq ölkə sayılan İsraildə də erkən parlament seçkiləri keçirilib. Onda Əli Kərimlinin xəstə məntiqindən belə çıxır ki, həmin ölkələrdə də növbədənkənar seçkilər məhz hakim komandaların iradəsinə tabe etdirilərək keçirilir. Göründüyü kimi Əli Kərimlinin rənglər dünyasında qara rəng favoritdir. Bu siyasətçinin gözündə iqtidarın bütün siyasi təşəbbüsləri qara rəngdə görünür. Məhz qara rəngin  diktəsi ilə Əli Kərimli hesab edir ki, "Əliyevlərin bu qərarı hakimiyyətin bütünlüklə bir ailə-klanın əlində cəmlənməsi və ailə üzvlərinin birindən digərinə ötürülməsi planına hesablanmaqla, parlamenti yenidən, daha itaətkar tərkiblə qəsb etmək üçündür". "Milli Şura"nın adından yayılan bəyanatın bu abzasında konkret ad çəkilməsə də, amma "hakimiyyətin bütünlüklə bir ailə-klanın əlində cəmlənməsi və ailə üzvlərinin birindən digərinə ötürülməsi" deyilərkən məlum məsələdir ki, burada söhbət hakimiyyətin Birinci vitse-prezident Mehriban Əliyevaya ötürüləcəyinə eyham vurulur. Elə bu məntiqsiz eyham da bir daha onu sübut edir ki, əslində Əli Kərimlinin adi "obıvatel"dən və ya çayxana adamından heç bir fərqi yoxdur".

Partiya sədri deyib ki, özünə hörmət edən, sözünün yerini və çəkisini bilən, ətrafında analitikləri toplayan, siyasi məsləhətçiləri olan şəxslər isə əsla bu cür bəsit təxminləri dilə gətirməz və ya bəyanat mətnlərinə daxil etməzlər: "Görünən isə budur ki, AXCP liderinin çevrəsində nə analitiklər var, nə dək məsləhətçilərinin məsləhətlərini dinləmir. Adamın ağlına və ağzına nə gəlirsə yazıb, "Milli Şura" adından bəyanat kimi tirajlayır. Çünki sözün məsuliyyətini hiss etmir. Amma ciddi siyasətçi olsaydı, İlham Əliyevin başlatdığı və yönləndirdiyi hazırki yenilənmə, yeniləşdirmə proseslərini şərtləndirən səbəbləri soyuq məntiqlə təhlil edər, razılaşmadığı məqamlarda isə hakimiyyətə qarşı konstruktiv opponentlik mövqeyi tutardı. Baş verən bütün prosesləri hakimiyyətin ailənin bir üzvündən digər üzvünə ötürülməsi kimi anlamaq və təqdim etmək ciddi siyasətçiyə yaraşmaz. Əli Kərimlinin "Milli Şura"sının növbədənkənar parlament seçkisini boykot etmək barədə qərarı da bu cür "analitik ağıl"ın məhsuludur".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31