Rusiyanın Qərb və MDB məkanında lobbi fəaliyyəti- Ekspert rəyi

Rusiyanın Qərb və MDB məkanında lobbi fəaliyyəti-Ekspert rəyi

Moskva bir çox hallarda bu fəaliyyətdə uğur qazanır

Rusiya Qərblə münasibətlərini normallaşdırmaq, düşmüş olduğu çətin durumdan çıxmaq üçün müxtəlif yollar axtarışındadır. Bunların sırasında ən uyğunu Avropada, Qərbdə güclü lobbilərin qurulmasıdır. Ekspertlər də hesab edirlər ki, hazırda Rusiya bu prosesə ciddi fikir verir. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti Kamran Sultanlının sözlərinə görə, Rusiya uzun illərdir ki, Qərbdə güclü lobbi şəbəkəsi yaradır. O, bildirib ki, Moskva Qərb dairələrində özü üçün uyğun müttəfiqlər axtarır və onları ciddi şəkildə təhlil edir: "Burada 2016-cı ilin ABŞ seçkilərinə müdaxilə və ənənəvi özünə yaxın olan Demokratların namizədi olan Klintonu yox, özünə qarşı daima sərt və mühafizəkar siyasət aparan Respublikaçiların, Trampının prezident seçilməsi üçün Rusiya əlindən gələn hər şeyi etdi. Moskva burada məhz sosial şəbəkələrin köməyindən istifadə etdi. Həmçinin Rusiya İtaliyada Şimal Liqası, Almaniyada AFD, Fransada Le Penin Milliyətçi Cəbhəsini, Çexiyada Miloş Zemani, Avstriyada Vurstu, Macarıstanda xristian mühafizəri olan Orbani, Britaniyada Leyborist Korbini, qəti şəkildə dəstəkləyir və onlarla əlaqələrini daha da genişləndirməyə cəhd edir. Rusiya bunlar üçün böyük məbləğlər xərcləyir. Həmçinin Avroatlantik inteqrasiya xəttini elan etmiş Ukrayna və Gürcüstanda da Rusiya aktiv işləyir". Ekspert bildirib ki, Ukrayna Rusiya təsiri ilə əlaqədar olaraq ölkə daxilində olan rusdilli medianı qapadıb, bu onun azad media indexində sonuncu yerlər tutmasına səbəb olur. Lakin Rusiya Gürcüstanda isə dini dairələri və kilsəni isə salmaqla daxildə hökumətə təsirlər etməyə və özünə yaxın qüvvələri parlamentə salmağa çalışır: "Gürcüstanda gedən proseslər Qərbdəki trendin davamıdır. Çünki Qərbdə indi sağ dairələrdə güclü xristian təşəbbüskarlığı var. Burada xristian fundamentlistlər artır. Sol dairəler sürətlə dini doqmalardan uzaqlaşır. Bu cür xristian fundamentalistlərə görə Türkiyə kimi tarixən Qərbə yaxın olan bir dövlətlə əlaqələr daha da gərginləşib. Türkiyənin siyasi islama yaxınlaşması, Qərbin bu ideoloji dairələrini Türkiyənin düşmən və terrorçu saydığı kürdlərlə yaxınlaşdırıb. Çünki kürdlər bu baxımdan sekulyar olaraq istənilən xristian fundamentalistləri üçün uyğun müttəfiqdir. Rusiya uzun illərdi dünyada xristian dünyasının keşikçisi imici üzərində işləyir. Kreml bunun üçün Qərbin sağ-dini dairələri ilə aktiv işləyir. ABŞ-da olan yevangelist şəbəkəsinin bir-çox qrupları Rusiyanı xristian dünyasının xilaskarı sayır. Hətta İŞİD-in Parisdə törətdiyi terror hadisələri zamanı, bəzi dini qruplar məhz bu işdə onlara yalnız Rusiyanın yardım edəcəyini qeyd etmişdilər. Rusiya siyasilərini başda Putinin tez-tez dini və mental xristian dəyərlərinin qoruyucu ritorikalari məhz buna hesablanıb. Bu baxımdan Şimal qonşumuz Amerika və Avropada olan sağçı populist və ideoloji kəsimlərla aktiv işləyir. Hətta Rusiya əlində olan resursların köməkliyi ilə müxtəlif kommunikasiya vasitələri ilə aşağı təbəqələrlə də aktiv şəkildə təbliğat işi aparır. Bu baxımdan bu gün miqrantlara qarşı olan Almaniya AFD-i məhz Rusiya ilə yaxınlaşmaq siyasətini dəstəkləyir, burada təbii ki Almaniyada olan güclü disbalans hələ də Şərqi Almaniyanın Qərbi Almaniyaya inteqrasiya edə bilməməsi dayanır. Rusiya Avropada olan Xristian populisti Orban kimi siyasətçilərlə Mərkəzi Avropada da aktiv şəkildə təbliğat maşını qurur. Bu Rusiyaya Şərqi Avropa ilə Qərbi arasında körpü rolunu oynayan Mərkəzi Avropada təsir imkanlarını qorumaq fürsətləri verir. Rusiyanın bu cür siyasəti Amerikada qüvvələr balansını kökündən dəyişib". Kamran Sultanlı deyib ki, artıq Amerikada demokratlar güclü şəkildə sola sürüklənib və dindən uzaqlaşır: "Respublikaçilar isə dini doqmalara daha çox yaxınlaşır, bütün bunlara görə Rusiya Trampı dəstəkləyirdi. Həmçinin Rusiya Amerikanın aşağı və savadsız olduqca ideoloji təbəqələrinin Trampi dəstəkləməsi üçün aktiv təbliğat aparıb. Rusiya bunun vasitəsilə həm də Amerikada sürətlə yerini dəyişən dairələr arasında öz imicini artırmağı bacardı. Bunlar arasında kifayət qədər güclü və intellektual çevrələr də var. Trampın hakimiyyətə gəlməsindən sonra Avropa liderləri artıq Amerikaya əvvəlki tək etibar etmir və onlar özlərini müdafiə etmək haqqında düşünür. Belə olan halda isə onların Rusiya ilə dialoqa ehtiyacı yaranır". Ekspert hesab edir ki,  Qərbdə artan dini cərəyanlar və burada Rusiya ilə olan güclü kommunikasiya Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi risklərə yol açır. Çünki ermənlər uzun illər özlərini əzilmiş xristian xalqı kimi təqdim edirlər: "Onlar bu yolla Azərbaycan və Türkiyə qarşısından güclü dəstək qazanmağa çalışırlar. Təəssüf ki, bizim özümüzdən aslı olmayan səbəblərə görə biz müsəlman, şiə ,türk kimi adlarla klasifikasiya olunuruq və bizdən ehtiyat edirlər. Ermənilər Qərbin xristian fundamelistləri ilə aktiv şəkildə çalışırlar. Hətta Paşinyan Qərbin dəstəyini qazanmaq üçün xristian ritorikasına keçid edir. Ermənistan bayrağında xaç yerləşdirməklə bağlı müzakirələr, Paşinyanın Ermənistanı xristian dünyasının parçası adlandırması, Amerikada Yevangelistlərə olan xitablar burada ABŞ vitse-prezidenti Mike Penslə xristian ritorikası ilə yaxınlıq istəyi bizim üçün yaxşı xəbər deyil. Bu baxımdan götürsək Qərbdə artan sağ dini cərəyanlar və Rusiyanın bu cərəyanlar üzərindən Qərbdə imicini artırması üçün çalışması, münaqişənin həllində ermənlərin mövqeyinin Qərbdə gücləndirir və bizə qarşı ədalətsiz mövqeyə səbəb olur. Rusiyanın Gürcüstanda da dini dairələri hərəkətə keçirməsi müşahidə edilir. Nəzərə alsaq ki Kilsə Gürcüstan həyatında mühüm rol oynayır, o zaman Moskva tabeliyində olan kilsə vasitəsilə Gürcüstan ictimaiyyətinə təsir etməyə və regionun Qərb qapısında söz sahibi olmağa çalışır. Avropada və Rusiyada erməni lobbisinin aktiv işləməsi və dünyada gedən ideoloji gərginlik, trend və keyfiyyət dəyişiklikləri, region ölkələri və xüsusilə də Dağlıq Qarabağ baxımından bizim üçün yeni risklər vəd edir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31