Qəlblərdə yaşayan tarixi şəxsiyyət
Qəlblərdə yaşayan tarixi şəxsiyyət
12 Dekabr 2019 08:43 SiyasətBu günlər Heydər Əliyevsizliyin 16-cı ilini yaşayırıq. Düz 16 il əvvəl, xalqımızın dərin hüzn gününü qeyd etdiyi bu günlərdə dahi şəxsiyyət aramızdan ayrıldı. Ümummilli liderin vəfatından 16 il keçsə də, hələ də bu ağrı - acını Azərbaycan xalqı özündə hiss edir, sanki o kədərli hadisə bu gün baş vermiş kimi onu o çətin, hüznlü günləri yaşayır, bundan təəssüf keçirir, acı çəkir. Heydər Əliyevin haqq dünyasına qovuşmasından 16 il keçsə də, hələ də qədirbilən Azərbaycan xalqı o böyük şəxsiyyəti yüksək ehtiramla yad edir, Onun xatirəsini uca tutur. Etiraf edək ki, belə bir ehtiram, ölümündən sonra da qəlblərdə yaşamaq, aradan on illər keçsə belə unudulmayan tarixi şəxsiyyətlər az olur. Hətta mübaliğəsiz şəkildə deyərdim ki, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadədən sonra bu şəkildə unudulmayan, hər zaman yad edilən yeganə şəxsiyyət ümummilli lider Heydər Əliyevdir.
Dahi şəxsiyyətin opponentləri, bir az da konkretləşdirsək zamanında ona rəqib olmaq istəyən bəzi siyasilər bir çox hallarda belə bir fikir gündəmə gətirir və sual edirlər ki, Heydər Əliyev Azərbaycana nə verdi? Həmin siyasilərin absurd suallarına cavab olaraq ilk növbədə onu vurğulamaq lazımdır ki, Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri, dövlətimizin möhkəmlənməsi, müstəqilliyimizin qorunub saxlanması üçün ortaya qoyduğu davamlı fəaliyyət və onun nəticələrini təhlil etmək; bu barədə material hazırlamaq üçün günlərlə, hətta aylarla belə vaxt tələb olunar.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycanı vətəndaş qarşıdurması, həmçinin ölkəmizi parçalanma təhlükəsi müstəqilliyimizin təhdid altında olmasından xilas etdi. Əgər 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi; bu günlər Suriyada, ondan əvvəl Liviya, Iraq, Misir, eləcə də digər müsəlman ölkələrində baş verən vətəndaş qarşıdurmaları XX əsrin doxsanıncı illərində Azərbaycanda yaşanacaqdı. Beləliklə də, yenicə müstəqillik əldə etmiş Azərbaycan XX əsrin əvəllərində, daha dəqiq desək, 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşayacaqdı. Lakin Ümummilli lider dərin siyasi təcrübə və bacarığı, gözlənilməz situasiyalarda mövcud problemin həlli yollatını tapmaq müdrikliyindən irəli gələrək bu təhlükəni aradan qaldırmağa nail oldu və Azərbaycanın başının üstünü alan qara buludları zərərsizləşdirməyi bacardı. Ölkədə uzun müddət hökm sürən qeyri- sabit vəziyyəti nizama saldıqdan, sabitliyə nail olduqdan sonra Heydər Əliyevin qarşısında duran digər vacib məsələ Azərbaycanın hərtərəfli inkişafına nail olmaq idi. Bunun üçünsə ilk növbədə iqtisadiyyatı inkişaf etdirmək lazım idi.
Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa etdi, qüdrətləndi. Məlum olduğu kimi o illərdə kimi Azərbaycanda iqtisadi inkişaf 2 mərhələdən ibarət idi. Birinci mərhələdə bu inkişafın tənzimlənməsi üçün müəyyən çətinliklər var idisə, artıq ikinci mərhələdə Azərbaycanın bu inkişafı bərpa etməsi üçün kifayət qədər gücə malik oldu. 1995-2003-cü illəri əhatə edən bu dövr öz mühüm müqavilələri və islahatları ilə bu müstəqilliyi bir daha möhkəmləndirdi. Artıq Heydər Əliyev Yeni Azərbaycan modeli yaradıb. Bu inkişaf özünü hər sahədə göstərdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahələri daxil etmək olar. Heydər Əliyevin yaratdığı yeni model Azərbaycanın inkişafının sürətlənməsi dövrü kimi 1996-cı illərdən daha da artdı. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlandı, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalandı. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş "Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkiçafının Dövlət Proqramı (2002-2005-ci illər)" Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi. Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırıldı, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan verdi.
Tarixən İpək yolu Avropa ilə Asiya arasında körpü rolunu oynayırdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzit rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verirdi. 1993-cü ildə Brüssel şəhərində keçirilmiş konfransda Avropa Komissiyasının TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Proqramının yaradılmasının təşəbbüskarı kimi 8 ölkədən biri də Azərbaycan Respublikası oldu. Avropa Birliyinin TASİS (MDB ölkələrinə texniki yardımı) çərçivəsində nəqliyyat infrastukturu üzrə çoxmilli TRASEKA proqramı (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Mərkəzi Asiyadan Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat marşurutunun yenidən qurulmasını qarşıya məqsəd qoydu. Heydər Əliyevin ən böyük şah əsəri isə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması və sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsi oldu. Məhz bu layihə Azərbaycanın sürətli inkişafına təkan verdi.
Göründüyü kimi bizim yuxarıda sadaladıqlarımız ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin cüzi bir hissəsidir. Təkcə bu sadalananları nəzərə aldıqda Azərbaycan xalqının dahi şəxsiyyətə sonsuz ehtiram və münasibətin əbəs olmadığı qənaətinə gələ bilərik. Ona görə də Heydər Əliyev hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və tarixə həm də qəlblərdə yaşayan dahi şəxsiyyət kimi düşüb.
Süleyman İsmayılbəyli
Olaylar.az