İslahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır- ŞƏRH

İslahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır-ŞƏRH

Müstəqil Azərbaycanın parlament tarixində bir ilk yaşanır.  Sayca 5-ci çağırış qanunverici orqanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi qərara alınıb. Bir çoxlarının iddia etdiyi kimi, qanunverici orqan kor-korana, qanunlara hörmət edilmədən, demokratik prinsiplərə zidd şəkildə deyil, bütün hüquqi prosedurlar nəzərə alınmaqla buraxılıb və növbədənkənar seçkilərin keçirilməsi qərarlaşdırılıb. Belə ki,   noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib. Kifayət qədər normal və hüquqi prinsiplərə uyğun olan bu müraciət və çağırış təkcə qanunverici orqanda çoxluq təşkil edən hakim partiyanın deputatları deyil, eləcə də müstəqil və müxalifət partiyalarını təmsil edən millət vəkilləri tərəfindən də dəstək görüb. Çünki Yeni Azərbaycan Partiyası parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün etdiyi müraciətdə kifayət qədərə əsaslı faktlar göstərmiş və həmin faktlar əsasında belə bir nəticəyə gəlmişdi. Başlıca fakt və reallıq isə ondan ibarət idi ki, mövcud parlament yeni çağırışlara bir o qədər də cavab vermir və ölkədə həyata keçirilən islahatlarla tam mənada ayaqlaşa bilmir. Digər tərəfdən həyatımızın bütün sahələrini əhatə edən islahatların qanunverici orqandan yan keçməsi doğru olmazdı və ona görə də belə bir qənaət formalaşıb, qərar verildi.

Bəzi radikal siyasi qüvvələr parlamentin buraxılması qərarının düzgün olmadığı, guya hüquqi prosedurların pozulduğunu iddia etsələr də, onların bu kimi cəfəng fikirlərinə ən layiqli cavab ölkə Konstitusiyasının 95-ci maddəsini xatırlatmaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Beləliklə,  dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərar qəbul edib. Bundan sonrakı mərhələdə isə Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Həmin tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.

Göründüyü kimi, bütün prosedur qaydalar hüquq, Konstitusiyanın tələblərinə uyğun şəkildə icra olunub. Ona görə də bəzilərinin "bulanıq suda balıq tutmaq" sevdası yenə də alınmayacaq.

Qeyd etdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının məlum qərarı həm cəmiyyət, həm də millət vəkilləri, əksər siyasi partiyalar tərəfindən müsbət qarşılanıb. Millət vəkili Sona Əliyeva parlament ətrafında baş verən proseslərə diqqət çəkərkən qeyd edib ki, Azərbaycan tarixi günlərə şahidlik edir. Onun sözlərinə görə, müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirilə bilər: "Sevindirici haldır ki, bu təşəbbüslə də Milli Məclisdə təmsil etdiyim hakim Yeni Azərbaycan Partiyası çıxış edib. Yeni Azərbaycan Partiyası hazırda içərisində olduğumuz yeni dövrün çağırışlarını, cəmiyyətin sosial sifarişini və partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar siyasətindən irəli gələn tələbləri nəzərə alaraq, ölkə gündəmini dövləti və milli maraqlarımıza uyğun olaraq dəyişmək iqtidarında olan bir qərar verdi". Millət vəkili deyib ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayır və bu qərara öz dəstəyini nümayiş etdirir: "Çünki biz bununla parlament tarixində yeni ənənənin başlanğıcını qoyuruq. Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Görünür ki, YAP cəmiyyətin nəbzini tutmağı, sosial sifarişləri qəbul etməyi və bu sifarişləri qanuni şəkildə reallaşdırılmasının yolları üzərində düşünür və belə bir yol məqbul hesab olundu. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir".

Sona Əliyeva hesab edir ki, YAP növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə, hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi: "Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. Prezident seçkiləri keçirilib, bələdiyyə seçkilərinə hazırlıq başa çatmaq üzrədir. Nazirlər Kabineti və Prezident Administrasiyasının strukturu tam yenilənib, islahatlar tam sürətlə irəli getməlidir. Biz bu islahatları dəstəkləyən və onun mərkəzində dayanan siyasi partiyayıq. Ona görə də YAP qərara gəldi ki, vaxt itkisinə yol vermədən islahatlara tam şəkildə qoşulmaq üçün müraciət edilsin.  Cəmiyyətdə həyata keçirilən islahatlar həyatımızın bir sıra sahələrini əhatə edir. 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır. Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərir. İndiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə büruzə verir".

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin Milli Məclisin müraciəti ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsinin özü də tarixi hadisədir: "Prezident bununla Azərbaycanın hüquqi dövlət olduğunu və qanunun aliliyinin hər bir şeydən üstün tutulduğunu bütün dünyaya nümayiş etdirdi".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31