TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq- TƏHLİL

TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq-TƏHLİL

Bu layihəsinin başa çatdırılması Avrasiya qitəsi üçün mühüm tarixi hadisəyə çevrildi

Azərbaycan və Türkiyənin təşəbbüsü ilə reallaşdırılan enerji layihələri təkcə bu ölkələrin deyil, eləcə də Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu günlərdə Türkiyə və Azərbaycanın birgə iştirak etdiyi TANAP layihəsinin Avropa hissəsinin istifadəyə verilməsi mərasimi bu faktı bir daha təsdiqləmiş olur. Belə ki, hər iki ölkə prezidentlərinin iştirak etdiyi bu mərasim bir tərəfdən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolu, mühüm əhəmiyyətini bir daha sübut edirdisə, digər tərəfdən Ankara və Bakının dostluq və qardaşlığı, strateji müttəfiqliyini bir daha dünyaya bəyan edirdi. Eyni zamanda bu hadisə ümummilli lider Heydər Əliyevin şah əsəri sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən başlayan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi önəmli layihələrə imza atan iki qardaş ölkənin qarşılıqlı faydalı, strateji əməkdaşlığının uğurla davam etdiyi, eyni zamanda yeni perspektivlərə yol açdığını aydın şəkildə göstərirdi. Etiraf edilməlidir ki, Azərbaycan təkcə bu kimi irimiqyaslı layihələrin həyata keçirilməsi üçün təşəbbüslə çıxış etmir, həm də onun reallaşması üçüm maliyyə dəstəyi göstərir. Bu isə ölkəmizin iqtisadi inkişafının bariz göstəricisi kimi qəbul edilə bilər.  Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı bu gün özünün inkişaf mərhələsini yaşayır. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması sürətli iqtisadi inkişafa zəmin yaradıb: "Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP - Trans-Anadolu qaz boru kəməri layihəsinin başa çatdırılması, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin istifadəyə verilməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya qitəsi üçün mühüm tarixi hadisəyə çevrildi". Deputatın sözlərinə görə, Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsulu olan layihənin Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməsi hər iki qardaş ölkənin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək: "TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır. "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərinin istifadəyə verilməsindən sonra dörd il əvvəl təməli qoyulan nəhəng layihənin - TANAP-ın tam istifadəyə verilməsi, TAP xətti ilə birləşməsi dünya ictimaiyyətinin diqqətini Qafqaz bölgəsinə, o cümlədən Xəzər hövzəsinə yönəltdi. Trans-Anadolu təbii qaz boru kəməri və "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşməsindən yaranan xətt Azərbaycan qazını Yunanıstan, Albaniya və Adriatik dənizini keçərək İtaliyaya çatmasını təmin edəcək. TANAP-ın işə düşməsi həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı olacaq".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31