Asim Mollazadə: “Parlamentdə həm nəsil dəyişikliyi olmalı, həm də yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir”

Asim Mollazadə: “Parlamentdə həm nəsil dəyişikliyi olmalı, həm də yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir”

"Biz nəzərə almalıyıq ki, Azərbaycanın müstəqilliyini istəməyən, Azərbaycanın inkişafının qarşısını kəsmək istəyən qüvvələr dünyada kifayət qədər güclüdür. Onların qarşısını almaq üçün Azərbaycan müasir, güclü və demokratik bir dövlət olmalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili,  Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin sözlərinə görə, Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil dövlətinin mövcudluğudur. Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının gələcəyini təmin edən ən əsas amildir: "Ölkədə çox ciddi islahatlar həyata keçirilir. Bu, bir tərəfdən yeni nəslin dövlət idarəetməsinə dəvət edilməsi kimi qəbul olunmalıdır. Bununla yanaşı, islahatlarda, ələxsus kadr islahatlarında Azərbaycanın yeni təfəkkürə, yüksək səviyyəli təhsilə, bacarığa malik kadrlarına üstünlük verilməlidir. Yalnız belə mütəxəssislər çoxşaxəli islahatları həyata keçirməyə qadir ola bilər".

Onun fikrincə, Yeni Azərbaycan Partiyasının təşəbbüsü Azərbaycan parlamentinin ölkədə gedən islahatlara uyğunlaşması, ölkə parlamentinə inamın artırılması üçün çox önəmlidir. Parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir: "Azərbaycan xalqı öz potensialını səfərbər edərək, hazırda mövcud olan çox ciddi təhlükələrlə mübarizə aparmaq üçün hazır olmalıdır. İndiyə qədər parlament qanunvericilik fəaliyyətində kifayət qədər uğurlar qazanıb. Azərbaycanın təhsil sisteminin islahatları üçün hüquqi bazanın qəbul olunmasını xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti digər sahələrdə də bu qəbildən olan çox mühüm qanunları qəbul edib. Lakin inkişaf yeni güc, yeni təfəkkür tələb edir. Bizim partiya bu qərarı, islahatları dəstəkləyir, onların daha da dərin olmasını arzulayır. İslahatları dəstəkləməklə yanaşı, Azərbaycanın müasir, demokratik bir dövlət kimi güclənməsinin tərəfdarıdır. Ümidvarıq ki, hər bir dəyişiklik xalqımızın potensialını reallaşdırmaq üçün Azərbaycan dövlətinin gücünü artırmağa xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31