TANAP Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da gücləndirdi
TANAP Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da gücləndirdi
3 Dekabr 2019 10:48 SiyasətÖtən həftə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Avropanın çoxsaylı enerji şirkətləri TANAP layihəsinin tam gücü ilə fəaliyyətə başlamasının açılışı törənində iştirak etdilər. Bu beynəlxalq miqyaslı layihənin açılışını əksər strateji mərkəzlər, iqtisadi baxımdan səmərəliliyini araşdıranlar onu da qeyd etdilər ki: "Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan bu enerji layihəsi üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı nəticəsində artıq başa çatıb. 1850 kilometr uzunluğa malik, "Cənub Qaz Dəhlizinin" əsas seqmentindən biri kimi tanınan TANAP kəmərinin rəsmi şəkildə təməli 2012-ci il iyunun 26-da Türkiyə və Azərbaycan arasında imzalanmış TANAP qaz layihəsi haqqında "Hökumətlərarası Saziş"lə qoyulub. Bu strateji layihənin əsas hissəsinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində baş tutub. TANAP qaz kəmərin ötürücülük tutumu 16 milyard kubmetrdir və sonradan həcmini 31 milyard kubmetrədək artırmaq mümkün olacaq. Layihədə Azərbaycanın payı 58 faizdir və bu layihənin Azərbaycan üçün nə dərəcədə iqtisadi əhəmiyyət daşıdığını göstərir. TANAP layihəsi vasitəsi ilə Azərbaycan Avropa və Türkiyə qaz bazarına nəinki "Şahdəniz", o cümlədən digər qaz yataqlarından da təbii qaz ixrac edə biləcək.

Regional və beynəlxalq təhlükəsizlik strategiyasının qarantı
"TANAP qaz kəməri vasitəsi ilə Azərbaycan təbii qazı artıq Türkiyəyə nəql olunmağa başlayıb. Layihənin ikinci fazasını da istifadəyə verməklə, Xəzər dənizindən çıxarılan təbii qazı Avropa bazarına ixrac etmək mümkün olacaq. Cənub Qaz Dəhlizinin son seqmenti Trans-Adriatik Boru Kəməri Layihəsi(TAP) üzrə işlərin yekunlaşmasından və iki layihənin birləşməsindən sonra 2020-ci ildən etibarən Azərbaycan qazının 10 milyard kubmetri Avropa, qalan hissəsi isə Türkiyə qaz bazarına çatdırılacaq. İqtisadi baxımdan beynəlxalq enerji layihələri üzrə ixtisaslamış şirkətlərin fikrincə TransXəzər və TransQafqaz layihələri əsasında Türkmənistan və Qazaxstanın TANAP qaz boru xəttinə qoşulması dünyanın enerji bazarında ən güclü, dayanıqlı və etibarlı yaxın gələcəkdə regional təhlükəsizlik və sabitliyin əsil qarantına çevriləcəkdir. Azərbaycan bir dövlət kimi Orta Asiya, Qafqaz və Yaxın Şərq aləmində özünün coğrafi və strateji əhəmiyyətini önə çəkmək üçün digər mümkün vasitələri də həyata keçirmək üçün hazırlıqlar görmək əzmindədir. Sirr deyil ki, TAP və TANAP kimi beynəlxalq miqyaslı layihələri həyata keçirmək üçün Azərbaycan bir yandan uzun yol keçmiş, digər yandan isə, çox böyük təcrübələrə malikdir. Bu beynəlxalq miqyaslı layihələri həyata keçirmək üçün Azərbaycanın kifayət qədər təcrübəli kadrları vardır. Faktiki olaraq ölkəmiz 1994-cü ildə imzaladığı "Əsrin kontraktı"ndan sonra, bu gün ikinci böyük bir layihəyə imza atmaqla beynəlxalq miqyasda Azərbaycanın strateji əhəmiyyətinin nə qədər vacib olduğunu bir daha təsdiq etmişdir. Faktiki olaraq indiki şəraitdə Avropa dövlətlərinin və Balkan yarımadası ölkələrinin təbii qaza olan ehtiyacları Azərbaycan dövlətinin sayəsində tam təmin olunacaqdır. Türkiyənin regionda artan nüfuzu isə bu layihənin önəminin ən böyük təminatçısı olması da xüsusi əhəmiyyət daşıyır.

Dünya birliyi də TANAP layihəsinə dəstək verir
Vaxtilə "Şahdəniz" Konsorsiumunun TAP layihəsini seçməsi beynəlxalq ictimaiyyətin böyük marağı və dəstəyi ilə qarşılanıb. Xüsusilə Avropa İttifaqının (Aİ) Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlayıb. Aİ Komissiyasının prezidenti Xose Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru və İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində dönüş nöqtəsi kimi qiymətləndirib: "Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə imzaladığım və strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Aİ-yə birbaşa xüsusi keçid olacaq və getdikcə genişlənəcək "Cənub" qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir".
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf Pilts "Şahdəniz" Konsorsiumunun keçirdiyi tədbirdə "Şahdəniz Mərhələ 2" çərçivəsində hasil olunacaq qazın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışaraq deyib ki, TAP çox önəmli layihədir və bu kəmər genişlənmə imkanlarına malikdir. Avropa Komissiyası "Cənub qaz dəhlizi" çərçivəsində seçilmiş və icra olunacaq bütün boru kəmərləri layihələrini dəstəkləyir. Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adrian Li də "Şahdəniz" Konsorsiumunun seçimini alqışladığını bildirib və bu seçimi qaz təminatı, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib mərhələ adlandırıb. Layihəyə digər nüfuzlu siyasi dairələrdən də müsbət münasibət göstərilir. Aİ-nin enerji məsələləri üzrə komissarı Günter H.Oettinger bildirib ki, "mavi yanacağın" yeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılması sahəsində Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: "Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız vardır və gələcəkdə daha çox qaz qəbul edəcəyimizə əminəm".
Biz bu faktların sayını qələmə alsaq, onun həcmi ən azından bir neçə kitaba belə sığmaz. Ona görə ki, düzgün qiymətləndirilmiş layihələr, Azərbaycan hakimiyyətinin beynəlxalq miqyasda gördüyü işlər, ölkədaxili siyasi, iqtisadi və sosial baxımından sabitliyin illərdir uğurla inkişaf tempi bu həqiqətlərin reallaşdırılmasında müstəsna rol oynayır.
.jpg)
Düşünülmüş enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırır
O da bəllidir ki, Azərbaycan regional və qlobal miqyasda öz çəkisi və mövqeyi olan bir dövlətdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu artır, müsbət imici möhkəmlənir. Bu tendensiya demək olar ki, siyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, idman, mədəniyyət sferalarında özünü göstərir. Heç şübhəsiz, Azərbaycan hazırkı uğurlara birdən-birə nail olmayıb. Müstəqil olduğu 28 ildə ölkəmiz çox ağır sınaqlarla üzləşib. Lakin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasət kursu ölkənin davamlı və stabil inkişafını təmin etdi. 2003-cü ilədək artıq Azərbaycan bir çox nüfuzlu regional və qlobal təşkilatların üzvünə çevrilmişdi. Ölkəmiz beynəlxalq qurumlarla əlaqələri genişləndirmiş, bir çox xarici dövlətlərlə beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli qaydada əməkdaşlıq münasibətləri qurmuşdu. Azərbaycanın beynəlxalq siyasi nüfuzunun sürətlə artmasında ölkənin daxili və xarici iqtisadi uğurlarının mühüm çəkisi vardır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli aktora çevrilib. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibidir. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə bütün milli dövlət səlahiyyətlərinə və suverenliklərinə sahib olan qeyri-formal aktordur. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır.
TANAP layihəsinin açılış törənindən sonra, Ermənistan "qurbağa gölünə atılmış daş" vəziyyətinə düşüb. Avropanın 20 dövlətinin Azərbaycana beynəlxalq miqyaslı strateji layihəsinə dəstək verməsi İrəvanda hüznlə qarşılanıbdır. Ermənilər onu da etiraf edirlər ki: "Azərbaycan sadəcə iqtisadi layihələrini həyata keçirmir. Həm də 20-dən çox Avropa dövləti ilə sosial, mədəni və digər layihələrə də imza atacaqdır". TANAP layihəsinin işə düşməsi Azərbaycan müxalifətini də ermənilər kimi seytnota salıbdır. Belə ki, bu ilin yay aylarından etibarən müxalifət Azərbaycan iqtidarı əleyhində bir sıra sosial şəbəkələr vasitəsilə çoxsaylı təbliğatlar apardı. Bunun ardınca oktyabr və noyabr aylarında aksiyalar keçirərək Azərbaycanın beynəlxalq miqyasda nüfuzuna zərbələr vurmağa çalışdı. Beləliklə də bütün təşəbbüsləri, xəyal etdikləri tamamilə öz gözlərində qaldı.
Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə apardığı kadr islahatları və struktur dəyişiklikləri ölkəmizin tamamilə yeni təfəkkür tərzi ilə idarə olunmasına hesablanmış ən mühüm strateji addımlardan biri kimi beynəlxalq miqyasda da dəyərləndirilir. TANAP və digər beynəlxalq layihələrin həyata keçməsi, həm də ölkə prezidentinin uzaqgörənliklə apardığı siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. TANAP layihəsi bu prosesdə iştirak edən dövlətlərin birlikdə regional təhlükəsizliyin təminatçısı rolunda çıxış edəcəklərini təsdiq edən ən güclü hədəflərdən biri deməkdir. Azərbaycan dövləti bu uğura artıq öz imzasını və damğasını vurmaqla regional və beynəlxalq baxımdan öz əhəmiyyətinin gücünü ortaya qoya bildi.