Parazitlərin öldüyü mühit...

Kimsəyə çıxılmaz durumda olmasını diləməmişəm. Heç zaman rişğənd eləməyə tərəfdar olmamışam belə olanda. Düşünmüşəm ümumiyyətlə, insan elə sözlər deməli, elə danışmalıdır ki, sözü ünvanladığı adam, yəni sözün "yiyəsi" ilə üzbəüz gələndə ar eləməsin, çıxılmaz qalmasın. Özünə bloger deyən, dövlət maraqları "güdən", siyasət "nəhəngi" olduğunu iddia edənlər bəzən elə eməllər törədir ki, sonradan adam baxır bilmir nə desin. Elvin İsayev adlı mühacir, söyüş müxalifəti aktivistinin video müraciətinə baxanda düşümdüm bunları.

Üzü qızarıb, gözünün "işığı sönüb", rəngi avazıyıb, səsi titrəyir, yazıqlaşıb, fağır-fağır yalvarır. Rəfael Piriyevə dəstək olaq. Ona mən də dəstək olardım. Deyərdim ki, adamdır də mövqeyi budur, mübarizəsi, əqidəsi var. Dönməz biridir. Amma bir adam siyasət deyə, söyüş söyürsə, hə, burda qaydalar dəyişir. Söyən adam kimliyindən asılı olmayaq bağışlanmır.   

Almaniyadakı "mühacir ovu" əməliyyatında polisdən qaçıb Parisdə gizlənən "siyasi mühacir", bloger, söyüş müxalifətinin aktivistlərindən Rəfael Piriyev yaxalanıb. Onun Azərbaycana ekstradisiyası üçün işləmlər başa çatıb. Azərbaycana gətirilməsi üçün təyyarəyə mindiriləndə necə zəmin yarandığı bəlli olmasa da adam biləklərini kəsib, intihara cəhd edib. Pis olaydır, çox pis. Həm də bir insanın faciəsidir, xaraktersizlik, əqidəsizlik göstəricisidir.

İnsan nə zaman özünə qəsd edər? Əslində heç zaman! Bir qarışqa yarada bilməyənin, bir canı almaq istəməsi, dinimizlə də yasaqdır.  Qaldı bunu kimlər edər. Deyim biləsiniz, ya narkotik istifadəçisi, ya ruhi xəstəsi ola gərək adam. Ya da o qədər şər-böhtan danışır, elə söyüşlər söyür, məhkəmə qarşısına çıxıb dediklərini təsdiqləməyə üzü, sübut eləməyə faktı olmur. Düzdür, kimsə demir ölkədə problem yoxdur! Kimsə demir hər yer gül-çüçəkdir! Bu gün ölkədəki mövcud problemlər dövlət başçısı səviyyəsində ictimai rəyə təqdim olunur.  Amma ən ağır durumda belə, heç nə əsas vermir ki, kiminsə qızına, gəlininə, xanımına, bacısına, anasına "beşmərtəbəli" söyüş söyəsən.

İndi hamısı qorxur, vəlvələyə düşüb. Müxalifətdəki havadarları çoxdan imtina edib onlardan. Hakimiyyətdəki "arxaları" da yoxdur.  Qalıblar, arxasız, pulsuz və tək. Bir sözlə quyruqları qapı arasındadır.  Bircəciyini saxlamaq yetərli oldu ki, kimlikləri, xarakterləri və iradələri bəlli olsun. Azərbaycana gəlib ifadə verməyə qorxurlar.  O üzdən "SOS, səfərbərlik" siqnalı verirlər. "Bir nəfəri həbs eləsələr, qalanlar da qorxacaq".  

Zatən qorxublar,  qaçıblar, yoxdular. "Mühacir ovu" əməliyyatından sonra qeybə çəkiliblər.  Əslində bəlli idi, Rəfael Piriyev nə zamansa Azərbaycana gətirilməlidir. İndi özünə necə xətər yetirir, yetirsin, yəqin ki, gətiriləcək də. Damarlarını doğramaq bəhanısi ilə proses  üç-beş gün yubana bilər. Bu adam insanlıq nümayiş etdirmirdi nə ictimai rəyə, nə adamlara, nə də özünə, nə də yaxınlarına. Söyürdü. Hər danışdıqlarına da qadınlar baxmasın deyirdi. Ölkəni söyür, dövlət başçısını söyür, birinci vitse-prezidenti söyür, ayrı-ayrı vəzifə sahiblərinin ailələrini söyür, müxalifəti söyür və deyir ki, heç kim baxmasın.  Niyə? Bəs kim baxsın, kim söydürür səni? Kim qəşəng danışırsan,de gəlsin, deyir? Bu çıxışlar hansı auditoriyaya hesablanıb? Kimə verilir onların hesabatı? Kimin ürəyinin dığı çıxsın deyə, özünüzə əl qatmışdınız axı? Bəlkə deyəsiniz? Nə isə... öz işinizdir, deməyin! 

Onsuz da bu dəqiqidir, pulsuz, arxasız, sahibsiz, kimsəsiz qalmısınız. İndi də bir sual yaranır? Adam özünü bu qədər istifadəyə verərdimi? Belə istismara yol vermək olardımı? Birmənalı, YOX!..

Düzü mənim dilimdə danışdığı. Dövlətimin "pis uşağı" olduğu üçün ağır gəldi Rəfael Piriyevin durumu. Amma vacib və gərəkli olan edirlər. Burda duyğusallıq keçmir.  

Bir də unutmayın. Bura Avropa deyil, heç zaman da olmayacaq. Ola bilər biz texniki baxımdan  onlardan yararlanaq. Necə ki, onlar bizim neftdən, qazdan bəhrələnir. Amma əsla və əsla bir şərqli, bir qərb, avropa mentalitetini mənimsəyə, özünü, genlərini, fizioloji quruluşunu dəyişə bilməz. Bu mənada Avropadakı və Bakıdakı havadarlardan bəhrələnib ortada quryuq bulamaq lazım deyildi, nə zamanında, nə də indi.

İndi dar otağa salınmış ütük sərçə balası kimi özünüzü divarlara çırpıb qonmağa budaq, xilas olmağa balaca bir deşik arayırsınız.  Çox dəhşətli və ağrılı mənzərədir. Hələ üstünə də damar kəsmək olayı gəlirsə, bu ikiqat rəzillikdir.

Bir məqam daha. Bu qədər psixoloji travmalı adamı cəmiyyətə, dövlətə, siyasi liderə, birinci xanıma qarşı çevirmək ümumiyyətlə iş deyildi. O da var ki, kiminsə elə işinin adı bu olub, həm də uzun müddət. Onlara islahat, sağlam cəmiyyət, siyasi mühit lazım deyil. Çünki parazitlər bu mühitdə ölür...

Jalə Mütəllimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31