Milli Məclis prezidentə müraciət etdi

Milli Məclis prezidentə müraciət etdi

Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı

Milli Məclisin dekabrın 2-də keçirilən iclasında Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti müzakirəyə çıxarılıb. MM sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycanda Nazirlər Kabinetində, idarəetmə orqanlarında, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri edib. Spiker deyib ki, Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclas çağırmasını xahiş edib: "Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək. qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da bugünkü iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsidir".

YAP-ın müraciətini oxuyan millət vəkili, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, həyata keçirilməsi daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir. S.Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır: "Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək". S.Novruzov söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir: "Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir".

Millət vəkili, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2016-cı ildə keçirilən referendum və bu zaman Konstitusiyaya edilən əlavə və dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur. Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını məhkəmə hakimiyyətini əhatə etmiş oldu". Deputat qeyd edib ki, bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib: "Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda YAP-ın siyasi mədəniyyətini göstərir". Ə. Hüseynli hesab edir ki, bir sıra ekspertlərin və opponentlərin Milli Məclisin buraxılmasının Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yalnış yanaşmadır: "Çünki bu məsələ Konstitusiyasının 98-ci maddəsində qeyd olunub. MM-in buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərini qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadını yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, heç kimə sirr deyil ki, bu gün Azərbaycan xalqını ən yüksək səviyyədə təqdim və müdafiə edən, faktiki milli maraqlarımızı təmsil edərək, milli dəyər səviyyəsinə yüksələn cənab Prezident bu işi peşəkar cəhətdən ən yüksək səviyyədə aparır. Lakin paradoksal bir vəziyyət yaranıb. Komitə sədri bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb: "Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyimizi mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir". Komitə sədri söyləyib ki, məhz buna görə, təmsilçi rolunu yüksəksəviyyədə yenidən təsdiq etmək üçün bu qərarı dəstəkləməliyik: "Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq".

Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başa düşüləndir. Sağlam və konstruktiv müxalifət olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyirəm. Hesab edirəm ki, bu, müxalifətə parlamentdəki yerlərini artırmaq üçün bir şansdır. Həm həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır: "Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Dünyada qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, ölkədə böhran yarandıqda, özünə inamı bərpa və digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var".

Müzakirələrdən sonra  Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Azərbaycan Milli Məclisinin qərar layihəsini oxuyub. Sənəddə qeyd edilib ki, Milli Məclis deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsini mümkünsüzlüyü barədə qəti mövqelərini mövcudluğunu, parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını aldığı nəzərə alınaraq deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir: "Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı instisuonal və kadr islahatlarından geri qalmamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Milli Məclisin Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir. Yuxarıda şərh edilənlərə əsasən, Milli Məclis Konstitusiyanın 95-ci maddənin 3-cü hissəsini rəhbər tutaraq qərara alır: Konstitusiyanın 98-1-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31