Parlamentin yeniləşməsi zərurətə çevrilib- RƏYLƏR

Parlamentin yeniləşməsi zərurətə çevrilib-RƏYLƏR

Qarşıya çıxan yeni çağırışlar bunu labüd edir

Milli Məclis Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətini müzakirə edib. Müzakirələrin nəticəsi olaraq Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması haqqında Azərbaycan Prezidentinə müraciət qəbul edib. Hazırda cəmiyyəti düşündürən məsələlərdən biri ondan ibarətdir ki, indiki şəraitdə parlamentin buraxılmasına nə dərəcədə ehtiyac var idi?  Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar cəmiyyətin bütün sahələrini əhatə etməkdədir. Davam etdirilən sosial-iqtisadi islahatlar dövlət idarəçiliyi sahəsindən də yan keçməyib. Məntiqi baxımdan sosial və iqtisadi islahatların səmərəliliyinin təmin edilməsi ümumilikdə idarəçilikdə çeviklik və operativliyin artırılması ilə birbaşa əlaqəlidir. Təsadüfi deyil ki, hazırda Prezident Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, ümumiyyətlə, dövlət həyatınln bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Xüsusən, hüquq-mühafizə orqanları, o cümlədən, məhkəmə sistemində aparılan islahatlar cəmiyyətdə bir ruh yüksəkliyi yaradıb. Sirr deyil ki, hakimiyyətin iki qolunda aparılan iclahatlar qanunverici hakimiyyətdən də yan keçə bilməzdi. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntilıri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zərurətə çevirib.

Millət vəkili Kamilə Əliyeva da Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və hakim partiyadan olan deputatların 5-ci çağırış parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyir: "YAP Siyasi Şurası, o cümlədən, İdarə Heyətinin hər bir qərarı bu partiyanın üzvləri olan bizlər, eləcə də, hakim siyasi təşkilatı parlamentdə təmsil edən deputat korpusu üçün əsasdır, necə deyərlər, qanundur. Hər birimiz partiyamızın ali orqanlarının verdiyi qərarlara tabeyik və onları bir nəfər kimi dəstəkləyir, bəyənirik. Onu da qeyd etməyi özümə borc və vəzifə sayıram ki, bu gün ölkəmizdə bütün sahələrdə yeniləşmə, islahatlar prosesi gedir. Hər bir sahədə yeniləşmə, islahatlar özünün geniş bəhrəsini, səmərəsini və töhfəsini verməkdir. Bunu hər birimiz bir vənətdaş olaraq, öz gündəlik həyatımızda və yaşayışımızda hiss etməkdəyik". Deputat bildirib ki, Prezident İlham Əliyev bu ilin əvvəllərində bir neçə çıxışında, eyni zamanda, Novruz bayramı ilə bağlı Azərbaycan xalqına təbrikində ölkədə daha bir neçə sahədə, o cümlədən, siyasi sahədə islahatlara başlanılacağının anonsunu vermişdi: "Odur ki, iqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq sistemində aparılan islahatların məntiqi davamı olaraq, siyasi islahatların aparılması zərurəti də meydana çıxmışdı. Bu sahədə də islahatların dərinləşdirilməsi, dövlət başçısının həyata keçirdiyi siyasətə daha böyük dəstəyin verilməsi olduqca önəmli idi. Ali qanunverici orqanın üzvləri olaraq, 5-ci cağırış parlamentin deputatları da təbii ki, bu proseslərdən kənarda qala bilməzdi. Ötən müddət ərzində də Milli Məclis və onun üzvləri bütün məsələlərdə, o cümlədən, islahatlara dəstək verilməsində öz sözünü deməyə çalışmış, həyata keçirilən siyasətin müdafiəçisi kimi çıxış etmişdir". Kamilə Əliyeva qeyd edib ki, ancaq həyat, dövr, zaman, reallıqlar bu dəstəyin daha geniş şəkildə ifadə olunması, islahatlar prosesinin bu istiqamətdə də sürətləndirilməsi, parlamentin dəyişiklər, yeniliklər ab-havasına daha sürətli adaptasiyasını şərtləndirib: "Bu baxımdan, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi zərurəti meydana gəlmişdir. Hesab edirik ki, yeni seçkilər, yeni ruhlu parlament Azərbaycanın dünyada, beynəlxalq aləmdə demokratik dövlət imicinin artırılmasına öz müsbət töhfəsini mütləq şəkildə vermiş olacaq. Eyni zamanda, ölkədə bütün sahələrdə genişlənən islahatlar prosesinin daha da dərinləşdirilməsi və geridönməz xarakter daşımasında öz əvəzsiz rolunu oynayacaq. İnanırıq və qəti əminik ki, yeni seçkilər hər zaman olduğu kimi, bu dəfə də öz demokratikliyi, şəffaflığı ilə seçiləcək, Azərbaycan xalqının iradəsinin ifadəçisi olacaq və demokratiyaya doğru daha bir addım təşkil edəcək. Bunun üçün hər cür şərait, imkan, potensial və ən əsası iradə mövcuddur".

O da bəllidir ki, parlamentin buraxılmasına "dodaq büzən" və islahatlara müxtəlif don geyindirənlər də yox deyil. Xüsusən, radikal müxalifət öz ampulasına sadiq qalaraq  parlamentin buraxılmasını özünəməxsus şəkildə şərh etməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, ölkədə həyata keçirilən islahatların dərinləşməsi və səmərəsinin təmin olunması üçün qanun yaradıcılığında da əhəmiyyətli dönüş yaradılmalıdır. Millət vəkili Fazil Mustafa qeyd edib ki, müxalifətin radikal hissəsi həmişə böhtanlarla məşğul olub və olur. Onun sözlərinə görə, hər zaman olduğu kimi indi də parlamentin fəaliyyətinə qarayaxırlar: "Bu gün, parlamentin buraxılması ilə bağlı normal, adi bir demokratik proses gedir, onu qaralamaq üçün müxalifətin radikal qanadı qeyri-ciddi fikirlər səsləndir, açıqlamalar verirlər. Radikal müxalifət bu cür hərəkətlərə əl atmaqla yenə də yanlış yolu davam etdirdiklərini nümayiş etdirilər, Çünki hər şey konstitusiyada hüquq çərçivəsində həll olunanda belə yenə də sözügedən müxalifət etirazlarını bildirirlər. Əlbəttə ki, onların bu cür hərəkətləri də tamamilə yanlışdır və hər şeyə etiraz eləmək elə müxalifətlik demək deyil. Yəni sözügedən qüvvələrin bu cür etirazları qərəzdən və açıq aşkar demək bu proseslərə əngəl olmaqdan başqa bir şey deyil".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31