Ermənistanda daxili siyasi gərginlik artır- RƏYLƏR

Ermənistanda daxili siyasi gərginlik artır-RƏYLƏR

Paşinyan hakimiyyəti təhlükə qarşısında

Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyan hər nə qədər rəqiblərini sıradan çıxarıb ölkədə ona qarşı birləşə biləcək siyasi qüvvələri neytrallaşdırmağa çalışsa da, bir o qədər də ona qarşı siyasi təhlükə artır. Artıq sadə xalq kütlələri açıq şəkildə Paşinyana qarşı etiraz səslərini qaldırırlar ki, bud a Nikolun ötən müddətdə hakimiyyəti olduğu dövrdə Ermənistanı düşmüş olduğu ağır iqtisadi və sosial vəziyyətdən heç bir halda çıxara bilməməsidir. Bunun üzərinə xarici siyasətdə, diplomatiya sahəsində də uğursuzluqların əlavə edilməsi Paşinyanı sözün həqiqi mənasında ağır sınaq qarşısında qoyub. Bir tərəfdən də separatçı rejimdə qondarma seçkilərin keçirilməsi zamanının yaxınlaşması Nikolu iki cəbhədə mübarizə aparmaq məcburiyyətində qoyub. İndi Paşinyan bir tərəfdə xalqı sakitləşdirməyə, digər tərəfdə isə separatçı rejimdə özünə yaxın birisini hakimiyətə gətirməyə çalışır.

Ermənistanda cərəyan edən prosslərə diqqət çəkən ekspertlər də hazırda Paşinyanın vəziyyətinin o qədər də yaxşı olmadığı qənaətindədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyana qarşı Eçmiədzin din xadimlərinin də tənqidləri getdikcə artır: "Çünki, inqilabdan sonrakı dövrdə ölkədə siyasi-iqtisadi inkişaf nəzərə çarpmır. Sosial vəziyyət hər keçən gün ağırlaşır, ermənilərin qazanc dalınca ölkəni tərk etməsi intensivləşib. Paşinyanın verdiyi vədlərin reallaşmaması səbəbindən ona qarşı etirazların yeni mərhələsi başlaya bilər. Əsasən bu etirazların Eçmiədzindən idarə olunması mümkündür". Politoloq qeyd edib ki, Paşinyanın Ermənistanın dini lideri Qareginlə və Qarabğadakı ermənilərin patriarxının münasibətləri kəskindir: "Çünki, Paşinyan kilsənin siyasətə təsirini zəiflətməyə çalışır. Bu da kilsə ilə hakimiyyət arasında böhranın dərinləşməsinə gətirir. Həmçinin kilsə "Qarabağ klanı" ilə daha çox yaxındır. Sarkisyan rejimi kilsə vasitəsi ilə öz hakimiyyətini möhkəmlətməklə, keşişlərin dövlətin siyasi sturukturlarına təsir etmək imkanını verib. Qeyd edim ki, gələn ilin aprelində işğal olunmuş ərazilərdə qondarma quruma seçkilər keçiriləcək. Buradakı kilsə Qarabağ klanını dəstəkləyir. Proseslər Nikol Paşinyanın əleyhinə gedərsə, kilsə və Qarabağ klanının birləşməsi fonunda Rusiyanın bunlara dəstəyi reallaşa bilər". Məhəmməd Əsədullazadə hesab edir ki, Nikol Paşinyan Qarabağdakı separatçı quruma öz adamını rəhbərliyə gətirməyə çalışsa Şuşadakı kilsə ilə Qarabağ klanı ona qarşı hərəkətə keçəcək: "Rusiya da bunlara dəstək verəcək. Çünki, Rusiya da Qarabağ klanının tam tərkibdə siyasi proseslərdən uzaqlaşmasını qəbul etmir. Göründüyü kimi Ermənistanda növbəti aylarda siyasi proseslərdə ciddi qarşıdurma olacaq. Bundan əlavə, erməni baş nazir növbəti dəfə işğal olunmuş ərazilərə gələrək, qoşunların təmas xəttində müşahidə aparıb. Demək, Nikol Paşinyan beynəlxalq təşkilatlarda münaqişədə Ermənistan tərəfinin iştirakını inkar edir. Bunun səfəri onun dediklərinin əksidir və birbaşa işğalçı tərəf olduğunun sübutudur". Politoloqun qəınaətincə, Nikol Paşinynanın cəbhə xəttinə yaxınlaşmasına imkan verilməməli, onun maşın korteji vurulmalıdır ki, arqumentləri puç olsun: "Beynəlxalq təşkilatlar görsün ki, "demokratik " maskalı Nikol Paşinyan birbaşa işğalın başında durub". Mərkəz rəhbəri onu da deyib ki, gələn ilin aprelinə kimi Ermənistan və Azərbaycan arasında qarşıdurma riski gözlənilmir: "Cəbhə xəttində nisbi sakitlik gözlənilir. Azərbaycanda keçiriləcək bələdiyyə və növbədənkənar parlament seçkiləri, həmçinin rəsmi Yerevanın Qarabğdakı qondarma rejimdə seçkiyə hazırlaşması danışıqlarda aktivliyi aşağı salmamalıdır. Gələn ilin aprelindən sonra danışıqlarda yeni mərhələnin olacağı istisna deyil".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə diqqəti Paşinyanın növbəti dəfə qeyri-qanuni olaraq işğal altında olan ərazilərə səfər etməsinıə yönəldib. O, bildirib ki,  Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Köçəryanı və Serj Sərkisyanı da üstələyir: "Sonuncu ikisi qabarağlı olsalar da, heç bu qədər Dağlıq Qarabağa gəlmirdilər. Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. Əslində isə Qarabağ klanından çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Nikol Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda "prezidentliyə namizədlərlə" də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün "namizədlərə" mesajlarını şəxsən çatdırır". Politoloq qeyd edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağa gəlişi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişi ilə faktiki üst-üstə düşdü: "Lavrov İrəvandakı açıqlamasında Dağlıq Qarabağın da maraqlarının nəzərə alınması vacibliyini bildirmiş və bununla İrəvanın və separatçıların istəyini səsləndirmişdi. Paşinyan Xankəndidə ikən Lavrovun siyasətinə uyğun hərəkət etdiyini biruzə verir. O ki qaldı, Lavrovun Bakıdakı görüşlərinə və verəcəyi açıqlamalarına, çox güman ki, Rusiyanın xarici işlər naziri İrəvanda dediyini bir az korrektə etmək məcburiyyətində qalacaq ki, Azərbaycanla körpüləri tamamən yandırmasın. Digər tərəfdən Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq, Rusiya və Azərbaycan Xarici İşlər Nazirliklərinin 2020-ci il üçün əməkdaşlıq konturları müəyyələşdiriiəcək".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31