Demokratik dəyişikliklərdən doğan zərurət- RƏYLƏR

Demokratik dəyişikliklərdən doğan zərurət-RƏYLƏR

Bu günlərdə müstəqil Azərbaycanın parlament tarixində bir ilk yaşandı. Qanunverici orqanda çoxluğa sahib olan hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edərək Milli Məclisin rəhbərliyinə müraciət etdi. Öz-özlüyündə Azərbaycan praktikasında indiyə qədər rast gəlinməyən bir hadisə olsa da, belə bir addımın atılmasının ölkədə həyata keçirilən islahatlara dəstək xarakteri daşıdığı bildirildi və cəmiyyətin mütləq əksəriyyəti belə bir qərarın qəbul edilməsinə müsbət reaksiya verdi. Lakin ölkədə atılan istənilən addımda bir əmma axtarmağa, onu hansısa proseslərə bağlamağa çalışan radikal siyasi düşərgə bu hadisədən də şou yaratmağa başladı. Göründüyü kimi, hazırda da radikal siyasi düşərgənin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı atılan addıma özlərinə uyğun yanaşması, absurd iddiaları var. Ancaq qeyd etdiyimiz kimi, əksəriyyət, eləcə də siyasilərin bir çoxu bu addımın ölkədə həyata keçirilən islahatlara dəstək məqsədi daşıdığının fərqindədir.  Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da belə düşünür. O, bildirib ki. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının toplantısında hakim partiya üzvlərinin növbədənkənar parlament seçkiləri keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və növbədənkənar parlament seçkilərinin fevral ayında keçirilməsinin nəzərdə tutulması gözlənilən hal idi. Partiya sədrinin sözlərinə görə, hakim partiyanın Siyasi Şurası bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib: "Mən Yeni Azərbaycan Partiyasının bu addımını müsbət qarşıladım və bu təşəbbüsdə qeyri-adi heç nə görmürəm. Bəzi müxalif siyasətçilərin, xüsusən də Əli Kərimlinin bu hadisəni az qala faciə kimi və top-tüfənglə qarşılaması, YAP-ın bu təşəbbüsünə müxtəlif cür don geyindirməsi anlaşılandır. Onlar yenə də cürbəcür bəhanə və iddialarla növbədənkənar parlament seçkilərini qaralamağa çalışacaq və siyasi manipulyasiyalara yol verəcəklər. Bizsə növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını dəstəkləyirik və hesab edirik ki, real siyasi gücü və elektorat bazası olan istənilən siyasi qüvvə bu seçkilərə qatıla və seçicilərin dəstəyini qazana bilər". Əlisahib Hüseynov deyib ki, Demokratik Azərbaycan Dünyası Partiyası olaraq növbədənkənar parlament seçkilərində öz namizədləri ilə iştirak etməyi nəzərdə tuturlar.

***

Növbədənkənar parlament seçkiləri qərarına münasibət bildirən hakim partiyanın Siyasi Şurasının üzvü Vaqif Abdullayev isə hesab edir ki, 2019-ci il Azərbaycanda demokratik dövlət quruculuğu kursunun prinsiplərinə uyğun olaraq yeni, geniş islahatların başlanması ilə yadda qalmaqdadır. Onun sözlərinə görə, islahatlar çərçivəsində ilk növbədə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dövlət aparatının müasirləşdirilməsi, yeni təfəkkürə malik çevik kadr potensialının önə çəkilməsi, biznesin şəffaflaşdırılması və digər innovativ həllərin tətbiqi geniş xarakter almaqdadır: "İslahatlar yeniləşmə, təkamül, inkişaf deməkdir. Dövlətin yeni idarəetmə metodlarını tətbiq etməklə siyasi, iqtisadi, sosial gücünü möhkəmləndirməsi, demokratik sistemi gücləndirməsidir. Bu baxımdan islahatlar yeniləşən, müasirləşən, inkişaf edən Azərbaycanın iqtisadi və siyasi gücünün daha da artmasında mühüm rol oynayacaq. Aparılan islahatlar siyasi, hüquqi və institisional sahələrlə həmahənglik təşkil etdiyindən dövlətin ən mühüm ali strukturlarını əhatə etməsi məntiqlidir.  "Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik" deyə bəyan edən Prezident İlham Əliyev nümayiş etdirdiyi qəti iradə ilə təsdiləyir ki, idarəetmədə struktur köhnəlib. "Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Aparılan islahatlar da bu məqsədi güdür".
Vaqif Abdullayev qeyd edib ki, Azərbaycan Prezidenti yeni çağırışlara əsaslanan demokratik dövlət quruculuğu yolunda inamla yorulmadan çalışır, sürətlə dəyişən müasir dünyada daha effektiv və özünü doğruldan modellərin tətbiqinə geniş yer verir. Yeni idarəetmə modelləri iqtisadi və siyasi həyatın dinamikliyini təmin edir: "Ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) da İnkişaf edən, Müasirləşən, Yeniləşən Azərbaycanın yeni çağırışlarının fəlsəfəsinə uyğun olaraq təkmilləşmənin təşəbbüskarı kimi çıxış edir. YAP Sədri Cənab İlham Əliyevin və YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın müasir islahatlar kursunun əsas fəlsəfəsi vətənpərvər, milli, müasir düşüncə və təfəkkürə malik, yenilikçi kadrlarla daha böyük uğurlara nail olmaqdır. YAP yeniləşən idarəetmənin, islahatların fəlsəfəsinə uyğunlaşaraq siyasi-hüquqi sahələrdə dəyişiklikləri vacib hesab edir. YAP Siyasi Şurasının təklifi əsasında Azərbaycanın ali qanunverici orqanının - Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də aparılan qətiyyətli siyasətə uyğun olaraq hüquqi, instisional demokratik dəyişikliklərdən doğan zərurətdir. Etiraf edilməlidir ki, hazırda Nazirlər Kabinetinin yeni komandasının formalaşmasından sonra hökumətin işində ciddi dönüş yaranıbdır. Bu prosesin digər ali orqanı - Milli Məclisi də əhatə etməsi siyasi arxitekturanın yenidən qurulmasının fəlsəfəsinə uyğundur. Parlament qanunverici orqan kimi ölkədə aparılan çevik və dinamik islahatların ahənginə, fəlsəfəsinə tam cavab vermir, yürüdülən praqmatik və yeni siyasi çağırışların tempi ilə uzlaşmır, ayaqlaşmır. Ölkədə aparılan yeniləşmə fəlsəfəsinin ruhuna uyğun olaraq qanunverici orqanın proseslərə daha fəal və çevik reaksiya verməsi, həqiqi qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi, qanunlar qəbul etməsi dərin siyasi ehtiyacdır. Bu baxımdan yeni seçiləcək parlament komandasından gözləntilər çox böyükdür".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31