Radikal siyasi düşərgə mitinqi nə üçün təxirə saldı? Təhlil

Radikal siyasi düşərgə mitinqi nə üçün təxirə saldı?Təhlil

Çünki Azərbaycan xalqı ölkə başçısına alternativ tanımır, prezidentə olan rəğbəti, sevgisi də böyükdür

Əsas məqsəd və məramı ölkədə xaos, anarxiya yaratmaq, bununla da hakimiyyətə gəlmək olan radikal siyasi düşərgə 19 oktyabr icazəsiz mitinq cəhdindən sonra bir qədər də həvəslənib noyabrın 2-də yenidən aksiya təyin etsə də, istəyini reallaşdıra bilmədi. Buna səbəb olan başlıca amillər isə müxtəlif idi. Ən əsası başda Əli Kərimli olmaqla radikal siyasi düşərgəyə 19 oktyabr aksiyasında dəstək nümayiş etdirilmədi. Özünü ana müxalifət adlandıran Kərimli yalnız onunla eyni düşüncəni bölüşən bir-iki "ana" tərəfindən dəstəkləndi. Ümumilikdə isə cəmiyyət 19 oktyabr aksiyasında radikal siyasi düşərgəyə heç bir dəstək vermədi. Vəziyyət o həddə çatdı ki, Əli Kərimli şəxsi mənzilindən çıxıb icazəsiz aksiyaya start verəndə ətrafında 3-5 nəfərdən başqa bir kimsəni görmədi. Baxmayaraq ki, aksiya elan edilən vaxta qədər hər 3-5 dəqiqədən bir Kərimli sosial şəbəkə vasitəsilə xalqa çağırış edir, cəmiyyəti icazəsiz aksiyaya səsləyirdi. Əli Kərimli düşünürdü ki, mənzildən çıxar-çıxmaz onu həyətdə insan seli qarşılayacaq. Ancaq Kərimlinin gözləntiləri özünü doğrultmadı. Elə 2 noyabr aksiyasının təxirə salınmasına təsir göstərən əsas amillərdən biri də bu idi. Cəmiyyət 19 oktyabrda radikal siyasi düşərgəyə heç bir dəstək nümayiş etdirməyərək ölkədə xaos, anarxiya tərəfdarı olmadığını ortaya qoydu.

Radikal siyasi düşərgənin 2 noyabr aksiyasını təxirə salmasının digər bir səbəbi isə AXCP sədri Əli Kərimlinin Avropadan, daha dəqiq desək qoca qitədəki antiAzərbaycan dairələrdən dəstək ala bilməməsi oldu. Eyni zamanda Avropa İttifaqının Bakıdakı nümayəndəliyi də Kərimlinin kefinə soğan doğrayaraq bir növ radikal siyasi düşərgəyə icazəsiz aksiya keçirməmək, Bakıda qarşıdurma yaratmamağı tövsiyə etdi. Beləliklə həm cəmiyyətin radikal siyasi düşərgəyə dəstək verməməsi, həm də Avropa İttifaqının müxalif düşərgəyə paytaxtda qarşıdurma yaratmamağı tövsiyə etməsi Kərimli və tərəfdarlarının noyabrın 2-nə nəzərdə tutduğu aksiyanı keçirməmək məcburiyyətində qoydu.

Radikal siyasi düşərgənin 2 noyabr aksiyasını təxirə salmasına münasibət bildirən millət vəkili Sona Əliyeva da deyib ki, radikallar 19 oktyabr aksiyasında cəmiyyətdən, xalqdan dəstək görmədikləri üçün 2 noyabr aksiyasını təxirə salmaq məcburiyyətində qaldılar: "Müxalifət 2 noyabra təyin etdiyi mitinqi təxirə saldı. Əlbəttə bu qərarla bağlı onlar öz arqumentlərini ifadə ediblər. Eyni zamanda iqtidarı ittiham eləməkdən də çəkinmirlər. Mən iqtidar təmsilçisiyəm, amma məsələlərə sadə bir müşahidəçi yanaşması sərgiləmək istəyirəm. Məlum məsələdir ki, müxalifətin arxasında duran ciddi bir elektoratı yoxdur. Yəni real həyatda. Virtual qəhrəmanları isə reallıq kimi ümumiyyətlə qəbul etmirəm, həm klaviatura qəhrəmanları olması baxımından, həm də biqələmun kimi rəng və fikir dəyişikliyi baxımından. Bu məsələnin bir tərəfidir". Millət vəkili radikal siyasi düşərgənin 19 oktyabr tarixində keçirdiyi icazəsiz aksiyaya da diqqət çəkib: "Harda və hansı saatda elan edilmişdi. Onların xüsusi təşəbbüsü olmadan da hamı bilir ki, "28 May"dan hər gün minlərlə adam keçir. Mərkəzdir, metro , universitetlər, ticarət mərkəzi, çoxlu mağazalar var və s. Hamı anlayır ki, belə seçim nəyə hesablanmışdı, yəni "görüntü olsun, səs olmasa da olar". Kim idi çoxluq təşkil edənlər? Maraqlı olan kənar müşahidəçilər, fürsətdən istifadə edib şəxsi problemlərini qaldıranlar, jurnalistlər və s. Həmçinin asayişi qorumağa və qarşıdurmanın qarşısını almağa çalışan polislər. Yəni bu, əhalinin dəstəklədiyi aksiya deyildi. Müəyyən olunan yerə getmədilər. Səbəb? Məncə bir çoxları o düşüncədədir ki, mitinqə və ya hər hansı bu tip aksiyaya getmək istəyən gedəcək. Mütləqdirmi bu şou olsun, gedin toplaşın, danışın müzakirə edin. Bunu ki, qadağan edən yoxdur. Amma əlbəttə ki, görüntü əsasdır, xarici qüvvələrə bizə qarşı bir təzyiq vasitəsi kimi, ölkəyə, dövlətə qarşı yönəlmiş arqumentlər yaratmaq başqa cür mümkünsüz olardı".Millət vəkili bildirib ki, bu kimi hadisələr sadəcə təəssüf doğurur: "Dövlət müstəqilliyi əsasdır. İstənilən məsələdə müxalif fikri dinləmək, tənqidə qulaq asmaq xoş olmasa da qəbulolunandır, amma milli təhlükəsizliyi təhlükəyə atmaq, şəxsi mənafe üçün xalqdan, sadə insanlardan sui-istifadə etmək, buna artıq siz ad verin. Azərbaycan cəmiyyəti fərqli düşüncəyə sahibdir, əqidə dəyişənlərə siyasətçidir deyib keçmir, namərd və satqındır düşüncəsi ilə yanaşır. Odur ki, bu məqam da müxalifətə olan inamsızlığın səbəblərindən biri kimi görünür. Hər halda, görünən də, həqiqət də budur ki, Azərbaycan xalqı ölkə başçısına alternativ tanımır, prezidentə olan rəğbəti, sevgisi də böyükdür. Görülən işlər, aparılan islahatlar, əhalinin rifahının yaxşılaşmasına hesablanan addımlardır. Görünən dağa bələdçi gərək deyil. Insanlar isə sabitlik, sülh və rifah istəyir. Bu isə reallıqda var və hər şey daha yaxşı olacaq". Millət vəkili əminliklə bildirib ki, cəmiyyət heç vaxt ölkədə xaos, anarxiya yaratmaq istəyənlərə dəstək verməyəcək.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31