Ermənistan çıxılmaz vəziyyətdə -Problem

Ermənistan çıxılmaz vəziyyətdə-Problem

Dünya liderləri  işğalçı ölkəni dalana dirəyib

Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət öz müsbət nəticəsini verməkdədir. Hazırda davam edən balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan diplomatiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli beynəlxalq dəstək əldə edə bilib. Artıq bir sıra beynəlxalq təşkilatlarla yanaşı, dünyanın lider şəxsiyyətləri də ortaya ədalətli mövqe qoyaraq ən yüksək kürsülərdən belə ölkəmizə dəstək nümayiş etdirməkdədirlər. Yeri gəlmişkən qeyd edək ki, Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi Ermənistanı qoşunlarını işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarmağa çağırıb. O, BMT Baş Assambleyasının binasında təşkil olunan İslam Əməkdaşlıq Təşkilatının təmas qrupunun toplantısında bəyan edib ki, İrəvan BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrini yerinə yetirməlidir. Diplomat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Kəşmir problemi kimi regional sülh və sabitliyə təhlükə törədir: "Pakistan regionun etnik və iqtisadi xəritəsinin Ermənistan tərəfindən dəyişdirilməsi siyasətinə qarşıdır. İslamabad həmçinin, Azərbaycan ərazilərindəki mədəni obyektlərin dağıdılmasını pisləyir. Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli və qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. BMT Baş Assambleyası isə bu məsələni həll etməlidir". Həmçinin BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır: "Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir. Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır". Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Dr. Yusef A. Al-Othaimen bəyanatla çıxış edib. Bildirib ki, İƏT bu böhranı 1992-ci ildən etibarən izləyir. İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, Ermənistanın Azərbaycan ərazilərinin böyük hissəsinin işğalını qeyri-qanuni hesab edib və öz etirazını bir çox platformalarda bildirib.

Millət vəkili Tahir Rzayev qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfərinin uğursuzluqla nəticələnməsi, ümumilikdə işğalçı ölkənin siyasi-diplomatik iflası onun artıq dünya dövlətləri tərəfindən ciddi ölkə kimi qəbul olunması ilə əlaqədardır. Ermənistan hər zaman hər kəsin gözündə, nəzərində müstəqil dövlət deyil, vassal, forpost kimi görünüb, qəbul edilib. Millət vəkili deyib ki, Paşinyan, ümumiyyətlə, beynəlxalq hüquq normalarına zidd çıxışları, sərsəm bəyanatları, dövlət rəhbərinə yaraşmayan hərəkətləri ilə həm öz vəziyyətini, həm də yarımmüstəqil dövlətinin durumunu gündən-günə çətinləşdirir, təhlükə qarşısında qoyur. Onun sözlərinə görə, həmçinin, ölkədaxili qarşıdurmalar, əhalinin xaricə köç etməsi, iqtisadiyyatın çökməsi, xarici dövlətlərlə əlaqələrin zəifləməsi Ermənistandakı böhranı daha da dərinləşdirib: "Ən başlıcası isə erməni xalqı artıq öz rəhbərinin populist çıxışlarına, əhəmiyyətsiz siyasi gedişlərinə, gələcəyi görünməyən vədlərinə inanmır. Paşinyan öz səhvlərini komandasına daxil olan vəzifəli şəxsləri işdən azad etməklə, Qarabağa səfərləri, şit rəqsləri, millətçi ifadələrlə sığortalamağa, ört-basdır etməyə, pərdələməyə çalışsa da real hadisələr, insanların münasibəti baxımından onun vəziyyətini ağırlaşdırıb. Ermənistanda vəziyyəti kəskinləşdirən, qarşıdurmalar yaradan  bir baş nazirin Qarabağ seporatçılarına lazımi dəstək verməsi və bununla da qondarma "DQR"-də hadisələri nəzarəti altına alması da real görünmür. Hər gün, hər saat onun özünün əleyhinə işləyir, onunla "Qarabağ klanı" arasında uçurumu daha da dərinləşdirir, siyasi savaşı daha da şiddətləndirir. Nə Ermənistan əhalisi, nə Qarabağ erməniləri, nə separatçılar, nə "Qarabağ klanı" ona inanır, etibar, etimad edir. Çünki verdiyi vədin, dediyi sözün heç birini yerinə yetirməyib, heç birini tuta bilməyib".

Millət vəkili onu da bildirib ki, Paşinyan "Qarabağ klan"ından, Koçaryan və Sarkisyan qruplaşmasından yaxa qurtarmağa çalışdığı bir dövrdə artıq Yeravanda ona qarşı müəyyən siyasi və hərbi-kriminal dairələr baş qaldırmaqdadır: "Belə bir vəziyyətdə o, ilk və sabiq prezident Levon Ter-Petrosiyanla gizli danışıqlar aparmaqla və xaricidə yaşayan ermənilərin etimadını qazanmaqla düşdüyü bataqlıqdan xilas olmağa cəhd göstərir. Ancaq qonşu dövlətlərlə - Azərbaycan, Gürcüstan, Türkiyə, eləcə də, son vaxtlar Rusiya ilə ciddi problemlər yaşanan ölkənin rəhbəri heç cür vəziyyəti yoluna qoya bilmir və öz fəaliyyətsizliyi, avantüristliyi ilə erməni xalqını uçuruma aparır. Ölkədə yaranmış iqtisadi, siyasi durum artıq bir çox erməni siyasətçilərini, ziyalılarını, ekspertlərini narahat etməkdədir. Onların çıxışları, bəyanatları, erməni xalqına müraciətləri Paşinyan hakimiyyətinin ömrünün sona yetişməsindən xəbər verir. Bir çox müraciətlərdə Ermənistanın bütün sahələrdə Azərbaycana uduzması fikirlərinin səsləndirilməsi isə heç bir halda təsadüfi deyil və bu, dövlətimizin, Azərbaycan illərdir yeritdiyi təmkinli və uzaqgörən siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan udmaqda, qazanmaqda, zirvələrdən zirvələrə ucalmaqda, Ermənistan isə olan-qalanını da itirməkdə, çökməkdə, uçurumun, quyunun dibinə enməkdədir. Bu, hər gün daha açıq şəkildə görünməkdə, sezilməkdədir. Odur ki, Ermənistanın, Paşinyanın bir çıxış yolu qalır- güclü, nüfuzlu, sözü, çəkisi nəzərə alınan Azərbaycanla hesablaşmaq, onun irəli sürdüyü bütün şərtlərlə qeyd-şərtsiz hesablaşmaq, işğala, təcavüzə son qoymaq, işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarmaqdır".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31