Paşinyanın “məxməri inqilabı” iflasa doğru - PROBLEM

Paşinyanın “məxməri inqilabı” iflasa doğru- PROBLEM

Nikolun komandası çat verir

Ermənistanda daxili siyasi gərginlik hər ötən gün yeni bir arzuedilməz məcraya qədəm qoyur. Paşinyan hökumətinin səriştəsizliyi və bacarıqsızlığı, Ermənistanı sələfləri kimi uçuruma doğru aparması təkcə sadə ermənilər arasında deyil, eləcə də hakimiyyətin daxilində belə narazılıqla qarşılanır. Hökumətin, hakimiyyətin hər bir üzvü də öz növbəsində özünə məxsus tərzdə bu prosesə etirazını ifadə edir. Kimi öz postundan istefa verərək Paşinyanın cinayətlərinə ortaq olmaq istəmir, kimi də gizli yollarla Qarabağ klanı ilə anlaşmaya gedərək Paşinyana qarşı formalaşan müxalifətdə yer alır.

Qeyd etdiyimiz kimi ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günə qədər Paşinyanın istər Ermənistanı, istərsə də komandasını belə idarə edə bilməməsi bu komanda daxilində çoxsaylı istefalara səbəb olub. Bu günlərdə işğalçı ölkənin Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. Ermənistanın bəzi kütləvi informasiya vasitələri bu istefanın gözlənilməz olduğunu qeyd etməklə yanaşı, həm də Vanetsyanın istefa verməsini hakimiyyət daxilində mövcud olan fikir ayrılığı ilə əlaqələndiriblər. Təbii ki, məsələyə tamamilə fərqli mövqedən yanaşanlar da var və Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisinin istefa verməsinin arxasında digər məqamların da olduğu qeyd edilir.

Millət vəkili Sahib Alıyev hesab edir ki, Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın bu addımını onunla Nikol Paşinyan arasındakı qarşıdrumanın, yaxud da fikir ayrılığının nəticəsi kimi qiymətləndirmək düzgün deyil: "Xatırlayanlar bəlkə də var, Artuq Vanetsyanla Nikol Paşinyan arasında Ermənistandakı sifarişli həbslərlə bağlı telefon danışıqları yayılanda da mən bir məsələyə diqqət çəkmişdim. Qeyd etmişdim ki, yaxşı, Nikol Paşinyan hakimiyyətə küçədən gələn biridir, o üzdən də telefonu rominqdəykən dinlənilmə ehtimalının birə on artdığını bəlkə də bilmir. Bəs uzun zaman Təhlükəsizlik Xidmətində çalışan Artur Vanetsyan necə, o da bunu anlamırdı? Anlayırdısa nə üçün o, xaricdə olan baş nazirlə ölkəsindəki operativ vəziyyəti və Köçəryanla Xaçaturyanın tutulması kimi bir sıra "incə" məsələləri açıq mətnlə danışırdı? O zaman da vurğulamışdım, indi də bu fikirdəyəm ki, Artur Vanetsyan baş nazirlə danışıqlarının dinlənildiyinin yaxşı fərqində idi. Sadəcə bütün bunlar Nikol Paşinyanı gülünc və çıxılmaz vəziyyətdə qoymaq üçün reallaşdırılan bir əməliyyat idi.
Ona görə də bildirmişdim ki, əgər hayları regionda vassal gözündə görənlərin dedikləriylə durub-oturmasa, gələcəkdə ən böyük zərbəni Nikol Paşinyana Artur Vanetsyan endirəcək. Bu da baş verdi. Artur Vanetsyan qapını çırparaq getdi. Gedərkən baş nazirlə komandasına bir "dayanın" da dedi. Amma bu "dayanın" sözü də onun özünün deyil, Vanetsyana vəzifəsindən getməyin vaxtının çatdığını bildirənlərin Paşinyana son xəbərdarlıqlarıdır".

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov isə Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisinin istefasını Nikol Paşinyanın komandasında "yarpaq tökümü" kimi xarakterizə edib: "Ermənistanın baş kəşfiyyatçısı, Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəsisi Artur Vanesyanın bu günlərdə hay-küylü bəyanatla öz postundan istefa verməsi Nikol Paşinyan üçün böyük bir zərbə olsa da, lakin sıravi ermənilər, xüsusən sosial şəbəkələrdə fəal olan ermənilər üçün bu istefa heç də gözlənilməz olmadı. Əksinə, erməni sosial şəbəkə istifadəçiləri Artur Vanetsyanın istefa qərarına karikaturalarla, kollajlarla, "mem"lərlə, sarkazm dolu statuslarla reaksiya verdilər. Bəziləri isə onu hətta guya Ermənistanda korrupsiyaya, büdcə oğurluqlarına, oliqarxlara, mafiya başçılarına qarşı total mübarizə aparan qorxmaz personaj, "Rembo" obrazında təqdim edən gülməli posterlər də paylaşdılar. Bir sözlə, Vanetsyanın istefa qərarı erməni ictimaiyyəti tərəfindən kütləvi ironiya ilə qarşılandı. Çünki hamı onu MTX rəhbəri qiyafəsinə bürünmüş quldurbaşı, bandit hesab edir. O, Nikol Paşinyanın "xeyir-dua"sı ilə başda Robert Köçəryan olmaqla hazırki hakimiyyətin xoşuna gəlməyən istənilən siyasətçinin istənilən oliqarxın evinə silahlı dəstə ilə basqın edir, ofis və qərargahlarda sanksiyasız axtarışlar aparır, adamları təhqiramiz şəkildə həbs edib naməlum ünvanlara aparır, onlara işgəncələr verirdi. Ancaq indi isə Artur Vanetsyan birdən-birə Nikol Paşinyanın yürütdüyü siyasətin əleyhinə çıxaraq hazırki hakimiyyəti qərarları necə gəldi verməkdə, hədəflərin qeyri-müəyyənliyində ittiham edir və deyir ki, "aparılan siyasət zabit andına uyğun deyil". Vanetsyanın son cümləsi "Dayanın!" ("Остановиться!") ifadəsilə bitir". Partiya sədri hesab edir ki, Artur Vanesyanın bu addımı əslində Nikol Paşinyana qarşı açıq şəkildə müharibə elan etmək deməkdir: "O, Paşinyanın "sağ əli" sayılırdı. Lakin onların yaxınlığı istefanın qarşısını ala bilmədi. Onun istefası həm də Nikol Paşinyan iqtidarının çöküşünün ən haylı-küylü anonsudur. Başqa sözlə desək, Nikol Paşinyanın komandasında "yarpaq tökümü" başlayıb. Buna sonun başlanğıcı da demək mümkündür. Nikol Paşinyanın "məxməri inqilab"ı iri addımlarla iflasa doğru irəliləyir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31