Ermənistanın növbəti “seçki” şousunun heç bir hüquqi nəticəsi yoxdur - PROBLEM
Ermənistanın növbəti “seçki” şousunun heç bir hüquqi nəticəsi yoxdur
9 Sentyabr 2019 13:16 SiyasətBu "seçkinin" nəticələri nəinkı beynəlxalq təşkilatlar, heç Ermənistanın özü tərəfindən tanınmır
Azərbaycanın işğa altındakı torpaqlarında qondarma Qarabağ rejiminin "yerli idarəetmə orqanları"na keçirdiyi "seçki"nin nəticələri məlum olub. Ermənistan KİV-in məlumatına görə, Xankəndi "meri" postuna iş adamı David Sarqsyan seçilib. Ona 7787 nəfər səs verib. İkinci yerdə gələn Qriqori Saakyana 4765 səs toplayaraq 2-ci pillədə qərarlaşıb. Üçüncü gələn Areq Avakyan isə 3125 nəfərin dəstəyini alıb. Ermənilərin işğal altında saxladıqları Laçın rayonun Zabux kəndinə də yeni "kənd nümayəndəsi" seçilib. Bu aprel döyüşləri zamanı Azərbaycan ordusun a qarşı vuruşan və əslən Livandan köçən Andranik Çavuşyandır.
Birmənalı şəkildə qeyd edək ki, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində "seçkilər" donu ilə təqdim edilən bu aksiya növbəti şoudan başqa bir şey deyil. Bu arada Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal edilmiş ərazilərimizdə keçirilmiş "yerli özünüidarəetmə orqanlarına seçkilər"lə əlaqədar bəyanat verib. Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu il tarixində "yerli özünüidarəetmə orqanlarına seçkilər" adı altında növbəti "seçki şousu" təşkil edilmişdir. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya və seçki adına böyük bir təhqirdir: "Qondarma xuntanın saxta "rəhbərləri" olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya "əzabkeşləri"nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmziləmənin həyata keçirildiyi bir şəraitdə bu "seçkilər" nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində işğalçı Ermənistan və qanlı xunta belə"seçkilər" keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özlərini aldatmaqla məşğul olur. Saxta "seçkilər" həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək".
Xatırladaq ki, hələ sözügedən "seçkilərdən" əvvəl Azərbaycanın Xarici İşlər Nazirinin sözüçüsü Leyla Abdullayeva bəyan etmişdi ki, hər kəsə çox yaxşı bəlli olan bir reallıq var; hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı "seçki"dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq. Ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu eynilə belədir: "Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələri, bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər. Ermənistan tərəfinin müxtəlif ölkələrdə erməni diaspor təşkilatları və lobbist qruplarının dəstəyi ilə təşkil olunan tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi təbliğ etmək səylərinə, təşkil edilən qanunsuz səfərlərə, təxribat xarakterli əməllərinə rəğmən həqiqət birdir və dəyişilməzdir. Bu həqiqətin nədən ibarət olduğunu konkret misallara istinadən qeyd edim. Avstraliya timsalında, bu yaxınlarda Avstraliyaya qanunsuz rejimin agentlərinin səfəri təşkil olundu və bunu sanki qondarma rejimin "tanınması" kimi qələmə verməyə çalışıldı. Avstraliya federal hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi əlbəttə bəllidir, eyni zamanda bu son hadisələrdən sonra Avstraliya XİN-i rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın "müstəqil dövlət" kimi tanınmadığını bəyan etdi.Başqa bir misal, Almaniya XİN-i erməni mətbuatında, guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu Səfirliyimizə bildirmiş və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən "seçkiləri" tanımadığını vurğulamışdır.Bu kimi daha çox misalı qeyd edə bilərəm. Bir sözlə, həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bütün beynəlxalq sənədlərdə öz əksini tapır". Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanın işğal altında olan ərazisində keçirilən "seçki" nin nəticələri nəinkı beynəlxalq təşkilatlar, heç Ermənistanın özü tərəfindən tanınmır. Belə halda həyata keçirilən bu tədbir siyasi şoudan başqa bir şey deyil.
Zəka