Paşinyan bütün mümkün vasitələrlə danışıqlar prosesindən yayınır - RƏYLƏR

Paşinyan bütün mümkün vasitələrlə danışıqlar prosesindən yayınır

İşğalçı dövlət status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır

Ermənistanda hakimiyyət uğurunda mübarizə mahiyyət etibarı ilə yeni bir mərhələyə daxil olmaqdadır. Artıq bu ölkədə cərəyan edən siyasi proseslər, xüsusilə müxtəlif siyasi qruplar arasında aparılan kəskin mübarizə bu fikri bir daha təsdiqləmiş olur. İşğalçı ölkədə səsləndirilən  ittihamlar hətta qarşıdurma səviyyəsinə çatıb. Qarşıdurmanın yaranması Ermənistan Konstitusiya Məhkəməsinin Köçaryanla bağlı qəbul etdiyi qərardan irəli gəlir. Yerli siyasi ekspertlər hesab edirlər ki, Konstitusiya Məhkəməsinin bu qərarı Paşinyan hakimiyyətini imicinə ciddi bir zərbədir. Artıq iqtidar bəyan edib ki, Konstitusiya Məhkəməsinin tərkibində təmsil olunmuş hakimlər Köçaryan hakimiyyəti dönəmində məhkəmə üzvləri seçildiklərindən onların qəbul etdikləri bu qərarda daha çox  konyekturdur və Ermənistanın mövcud qanunvericiliyinə ziddir. Bu qarşıdurma göstərir ki, əslində Köçaryan hakimiyyətinin yəni, əslində Qarabağ klanının ölkənin məhkəmə hakimiyyətində, digər güc strukturlarında təmsilçiləri hələ də var. Məsələ orasındadır ki, ölkə daxili prosesləri cilovlaya bilməyən baş nazir Nikol Paşinyan problemdən çıxış yolunu yenə də Dağlıq Qarabağ məsələsində görür. Daha doğrusu, ölkədə gərginləşən siyasi mübarizəni lokallaşdırmağın çıxış yolunu Qarabağ kartında axtarır. Elə bu səbədən də düşünülməmiş, məsuliyyətsiz bəyənatlarla erməni xalqını aldatmağa cəhd edir. N.Paşinyanın Xankəndində "Qarabağ Ermənistanındır, vəssalam" bəyənatı da birmənalı olaraq daxili auditoriyaya hesablanması heç kimə sirr deyil. Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüquqi və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədir və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışır, müxtəlif bəhanələrə əl atırdı. Nikol Paşinyan və Ermənistanın digər yüksək vəzifəli şəxslərinin məlum bəyanatları bütövlükdə Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur.  R.Əliyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə, bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həllindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır: "Paşinyanın bəyanatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidirlər".

Milli Məclisin deputatı Sahibə Qafarova qeyd edib ki, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır: "Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onu bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir. Nikol Paşinyanın məlum bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və açıq-aşkar müharibəyə təhrikdir. Nikol Paşinyan bu təxribatçı və destruktiv açıqlamalarla regionu yeni təhlükə və risklərlə üz-üzə qoyur. O, diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün vəziyyəti qəsdən gərginləşdirir". S.Qafarova bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi 1 il müddətində heç bir ciddi iş görə bilmədiyi üçün erməni cəmiyyətini "xarici düşmən təhlükəsi" ətrafında birləşdirməyə çalışır. Dağlıq Qarabağ probleminə görə çıxılmaz vəziyyətə düşmüş N.Paşinyan Ermənistanda çürük və yalanlarla dolu anti-Azərbaycan təbliğat maşınını gücləndirmək istəyir. Millət vəkili qeyd edib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar atmalıdır: "Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həllindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır. Paşinyanın bu açıqlamaları, ilk növbədə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupuna və bu qrupun həmsədri olan ölkələrə münasibətdə sərgilənən hörmətsizlikdir və bunun cavabı da sözügedən qurum və ölkələr tərəfindən verilməlidir. Bütün sadalananlara baxmayaraq Ermənistanın həm siyasi, həm də hərbi müstəvidə həyata keçirmək istədiyi bütün təxribatların qarşısı kəskin şəkildə alınacaq".

Nurlan  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31