Paşinyan məsuliyyətsiz bəyənatlarla danışıqlar prosesinə ciddi zərbə vurur Şərh-
Paşinyan məsuliyyətsiz bəyənatlarla danışıqlar prosesinə ciddi zərbə vurur
30 Avqust 2019 12:06 SiyasətErmənistan Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edilməlidir
Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ - Ermənistandır və vəssalam" çağırışı Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Ölkə ictimaiyyəti hesab edir ki, sözügedən bəyənat Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir. Onu da qeyd edək ki, 5 avqust bəyanatı ilə N.Paşinyan həm də öz-özünü inkar edir. N.Paşinyan bir tərəfdən "Qarabağ xalqı" adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını deyir, digər tərəfdən isə Qarabağın Ermənistan olduğunu iddia edir. Bununla, uzun müddət "xalqların öz müqəddəratının təyin etməsi hüququ"nun arxasında gizlənən Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif hallusinasiya xarakterli bəyanatlarla çıxış edərək xaricdən ona dəstək olan qüvvələrin başını aldatmaq və demokratik imic qazanmaq istəyir. M.İbrahimqızı bildirib ki, N.Paşinyan vəzifəyə gəlməmişdən əvvəl hələ küçə mitinqləri zamanı ermənilərə onların sosial problemlərini həll edəcəyi, analara övladlarının qonşu ölkənin işğal etdikləri ərazisində qurban verilməyəcəyi haqqında vədlər vermişdi. Lakin heç bir öhdəliyi və vədi yerinə yetirə bilməyən Paşinyan müxtəlif imitasiya xarakterli hərəkətlərlə öz hakimiyyətinin vaxtını uzatmağa çalışır. Bu yaxınlarda onun pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfərə getməsi də məhz bu səbəblərdən qaynaqlanır. Ermənistan vətəndaşı bizim torpaqlarımızda ölür. Erməni anaları Paşinyana sual verirlər ki, axı bizim övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi? Paşinyan isə bu cür bəyanatlarla çalışır ki, daxili auditoriyanın fikrini əsas problemlərdən yayındırsın. Ermənistanın büdcəsi yoxdur. Bütün dünya bilir ki, işğalçı ölkənin büdcəsi beynəlxalq fondların, bəzi dövlətlərin dəstəyi hesabına dolur. Ermənistan əhalisi də görür ki, iki ildir vəd verilməsinə baxmayaraq, onların vəziyyətində heç bir dəyişiklik yoxdur: "Ən əsası isə Paşinyan beynəlxalq hüququn prinsiplərini pozmaqla bölgədəki mövcud gərginliyi daha da artırır. O, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə məhəl qoymadığını, Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirdiyini bir daha sübut etdi. N.Paşinyanın bu cür bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə ciddi zərbə vurur". Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan davranışları və sərsəm bəyanatları ilə özünü gülünc vəziyyətinə salır. Bununla o, qeyri-ciddi siyasətçi və naşı dövlət rəhbəri olduğunu hər gün bir daha nümayiş etdirir. Deputat qeyd edib ki, Paşinyan hələ də mitinq, küçə eyforiyası və düşüncəsi ilə hərəkət edərək siyasət və dövlət adamı olduğunu anlaya bilmir: "Hər zaman bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalar verən baş nazir tamamilə özünü itirib. O, pafoslu, reallıqdan uzaq vədlərlə hakimiyyətə yiyələndiyi Ermənistanda əhaliyə verdiyi vədləri yerinə yetirə bilmədikcə və bunun nəticəsi olaraq vəziyyəti gündən-günə çətinləşdikcə ağılsız bəyanatlar verməyə məcbur olur. Düşdüyü vəziyyətdən çıxmaq, itirdiyi nüfuzunu bərpa etmək üçün özündən əvvəlki Ermənistan rəhbərlərinin - koçaryanların, sarkisyanların belə ağlına gəlməyən ən avantürist bəyanatları səsləndirir və həm özünü, həm də ölkəsini uçuruma doğru aparır. Onun "Qarabağ Ermənistandır" kimi sərsəm bəyanatları münaqişənin sülh yolu ilə həlli prosesinə maneə yaradır. Gah deyir ki, münaqişənin Ermənistana aidiyyəti yoxdur, bu problem Azərbaycanla Qarabağ erməniləri arasındadır, gah deyir ki, format dəyişikliyi olmalıdır, Qarabağ erməniləri danışıqlarda tərəf kimi iştirak etməlidir, gah da deyir ki, Qarabağ Ermənistanındır, Ermənistana birləşdirilməlidir və sair. Çox təəssüf ki, Paşinyanın bu cür təxribatçı bəyanatları və addımları ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qulaqardına vurulur. Bütün bunlar təbii ki, işğaldan əziyyət çəkən Azərbaycan xalqında haqlı olaraq ciddi narazılıqlar yaradır. Azərbaycan xalqı və dövləti Ermənistanın işğalçı, təxribatçı siyasətinə son qoyulmasını, Minsk qrupunun həmsədrlərinin sözdən işə keçərək Ermənistanın sülhə məcbur edilməsini bir tələb kimi qarşıya qoyur. Biz haqqımızı tələb edirik. Heç kəsdən heç nə istəmirik. Dünya ictimaiyyəti, xüsusilə beynəlxalq təşkilatlar Ermənistana öz yerini göstərməlidir. Ermənistan Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edilməlidir". Kamilə Əliyeva bildirib ki, əgər Ermənistan rəhbərliyinin, Paşinyanın bir balaca düşünmək qabiliyyəti olsaydı, özünü də, xalqını da, dövlətini də uçuruma aparmazdı. Onlar birdəfəlik bilməlidir ki, Qarabağ Azərbaycanındır. Kimsə bu gerçəkliyi dəyişdirə bilməz və bilməyəcək. Deputat Elman Məmmədov deyib ki, Ermənistanın hakimiyyət nümayəndələrinin Dağlıq Qarabağ problemi ilə bağlı son bəyanatları bu ölkənin əsl mahiyyətini ifadə edir. Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir. E.Məmmədov bildirib ki, Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini pozur, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır: "Paşinyanın Xankəndində səsləndirdiyi bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir". Deputat qeyd edib ki, N.Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir. Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir.
Nurlan