Ermənistan rəhbərlərinin məsuliyyətsiz bəyanatları -PROBLEM
28 Avqust 2019 15:37 SiyasətDanışıqlar prosesindən yayınmağın real göstəricisidir
Ermənistanın hakimiyyət dairələri Dağlıq Qarabağ məsələsi üzərində ənənəvi siyasi manipuliyasını davam etdirməkdədir. İndi də işğalçı ölkədə hakimiyyəti qəsb etmiş yeni baş nazir Nikol Paşinyan sözügedən ənənəyə sadiqlik nümayiş etdirməkdədir. Belə ki, yeni baş nazir indiyə qədər münaqişənin silh yolu ilə nizamasalınması istiqamətində aparılan danışıqların mahiyyətindən yayınaraq mövcud status-kvonu saxlamağa çalışır. Elə bu səbəbdən də heç bir əsası olmayan, bu vaxta qədər aparılan danışıqlar formatında qəbul edilməyən iddialarla çıxış edir. Məlumat üçün qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Dağlıq Qarabağ Ermənistandır və vəssalam" açıqlaması Azərbaycan və beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanıb. Çünki, Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ - Ermənistandır və vəssalam" açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum" deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti açıq ifşasıdır. Ancaq Paşinyanın bu açıqlaması Ermənistan rəhbərləri təfəindən səsləndirilin ilk məsuliyyətsiz bəyənat deyil. Bundan əvvəl də Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və müdafiə naziri "Azərbaycana bir qarış da torpaq qaytarmamaq", "yeni ərazilər üçün yeni müharibə" kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış etmişdi. Sadalanan faktlar deməyə əsas verir ki, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini gizlədir və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışır, müxtəlif bəhanələrə əl atır.
***
Maraqlı məqam ondan ibarətdir ki, Paşinyan çox yaxşı bilir ki, bu vaxta qədər aparılan danışıqlarda hətta vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağı tərəf kimi tanımayıb və bunun nə vaxtsa mümkün olacağı inandırıcı deyil. Belə bir şəraitdə reallaşdırılması mümkün olmayan iddianın ortaya atılması təbii ki, yeni nazirin hakimiyyətinin uzadılmasına hesablanıb. Amma Azərbaycan sözügedən məsələyə münasibətini açıq şəkildə ortaya qoyub. Aydın, hamının anlaya biləcəyi və birmənalı şəkildə bəyan edib ki, əgər doğrudan da "Dağlıq Qarabağ Respublikası" "müstəqil subyektdirsə", orada idarəçilik Ermənistanın müdaxiləsi olmada həyata keçirilməlidir. Ermənistan sözün həqiqi mənasında "DQR" in "müstəqil subyekt" olduğunu sübut etmək istəyirsə, işğalçı ordusunu Qarabağdan geri çağırsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın.Yalnız bu baş verdikdən sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Nə qədər ki, işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər. Çünki, Dağlıq Qarabağda yaşayan əhali Azərbaycan vətəndaşları hesab olunur və Azərbaycan dövlətinin onların təhlükəsizliyinə qarantına şübhə ola bilməz. Elə bu fukri siyasi səriştəsi kifayət qədər olmayan, hələ danışıqlar masasında əyləşmək üçün yetişməmiş Paşinyan öz açıqlamasında da təsdiq etmiş olur. Dəhşətli məqam ondan ibarətdir ki, "meydan siyasətçisi" anlamaq istəmir ki, Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən və dinindən, irqindən, dini mənsubiyyətindən asılı olmayaraq orada yaşayan bütün insanlar Azərbaycan vətəndaşlarıdır. Ermənistan siyasi rəhbərliyini danışıqlardan yayınmaq məqsədliə gətirdiyi primitiv arqumentlər əslində vasitəçilik missiyasını həyata keçirən qurumun da mövqeyinə hörmətsizlikdir. Üstəlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsdiqlənmiş formata açıq-aşkar etimadsızlıqdır. Paşinyan tərəfindən səsləndirilən fikirlər deməyə əsas verir ki, belə absurd fikirlər səsləndirməkdə məqsəd danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən varianta nail olmaqdır. Lakin elə ortaya atılan iddialar deməyə əsas verir ki, Paşinyan danışıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onu səsləndirdiyi fikirlər daxili auditoriyanın etirasları üzərinə "su səpməyə" hesablanıb. Bu isə onun dövlət idarəçiliyində hələ kifayət qədər naşı olduğunu təsdiq etmiş olur.
Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. Bu bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. İpə-sapa yatmayan Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışından sonra danışıqlar prosesinin taleyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin öhdəsində qalır. Həmsədrlərin isə Ermənistana "toxunulmaz mülkiyyət" kimi yanaşması işğalçı ölkənin rəhbərlərini məsuliyyətsiz bəyanatlar verməyə sövq edir.
Alim