Erməni lobbisi və onun maşası rolunu oynayanların yeni antiAzərbaycan ssenarisi -PROBLEM

Erməni lobbisi və onun maşası rolunu oynayanların yeni antiAzərbaycan ssenarisi -PROBLEM

Bu planın qarşısını yalnız birlik və bərabərlik ala bilər

Biriləri hər zaman Azərbaycanı hədəf taxtasında görmək istəyir.  Ciddi cəhdlə çalışılır ki, ölkəmizdə uzun müddətdir mövcud olan ictimai-siyasi sabitlik pozulsun, xaos, anarxiya hökm sürsün və nəticə etibarilə dünyada sabitlik məkanı kimi tanınan Azərbaycan da "demokratiya" dalğasının vurduğu dövlətlərə çevrilsin. Biriləri dediyimiz fərd və qrupların bütün imkanları, malik olduğu resurslar məhz buna hesablanıb. Hər dəfə Azərbaycan mühüm siyasi hadisə, beynəlxalq tədbir və ya dünya miqyaslı idman yarışlarına evsahibliyi etmək ərəfəsində olanda həmin fərdlər və qruplar da fəallaşır, Azərbaycana qarşı mübarizənin yeni mərhələsinə qədəm qoyurlar. Məsələyə bir qədər aydınlıq gətirərək qeyd etmək yerinə düşər ki, yuxarıda vurğuladığımız Azərbaycana düşmən, qənim kəsilən həmin birilərinə erməni lobbisi, onun maliyyəsi ilə fəaliyyət göstərən bəzi beynəlxalq təşkilat və qurumlar, qeyri-hökumət təşkilatları, eləcə də erməni lobbisinin maliyyəsi ilə nəfəs alan radikal müxalifət və onların Avropaya göndərilmiş emisarları daxildir. Hansı ki, müxtəlif adlar altında Avropaya gedərək orada Azərbaycan xalqı, dövləti, dövlətçiliyə qarşı kəskin, radikal, heç bir siyasi mübarizə çərçivəsinə sığmayan metod və vasitələrdən istifadə etməklə mübarizə aparırlar. Diqqət etsək görərik ki, həmin antiAzərbaycan şəbəkənin dövlətçiliyə, xalqa qarşı apardığı mübarizə hər dəfə fərqli forma və metodlar alır. Əgər bu "mübarizə"nin birinci mərhələsində əsas etibarilə kütləvi aksiyalar, mitinq və küçə nümayişləri diqqət çəkirdisə, növbəti mərhələdə bunu söyüş, təhqir, etikadan tamamilə kənar "mübarizə taktikası" əvəz etdi. Çünki cəmiyyətin radikal siyasi düşərgənin keçirdiyi aksiyalara dəstək verməməsi onları ikinci varianta əl atmaq məcburiyyətində qoydu. Yəni, Avropaya tora saldıqları gəncləri göndərərək orada söyüş müxalifəti formalaşdırmaq. Lakin həmin metodun da fayda verməməsi Azərbaycana qənim kəsilən qüvvələri yeni bir "mübarizə" üsuluna əl atmaq zorunda qoyub. Daha dəqiq desək erməni lobbisi informasiya mübarizəsi ilə Azərbaycan hakimiyyətinə təsir göstərmək, ölkədə bu yolla xaos, anarxiya yaratmağı hədəfləyib. Təbii ki, bu ssenaridə də əsas oyunçular radikal siyasi düşərgə və onların qoca qitəyə sırınan gənc "fəallarıdırlar". Son illər ərzində həmin "fəallar"ın hər birinin bir internet televiziya təsis etməsi, həmin TV-lər üzərindən Azərbaycana qarşı mübarizə aparılması da deyilənləri təsdiqləyir. Bir sözlə hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir ki, bunlardan biri internet televiziyalarıdır. Azərbaycana qənim kəsilən erməni lobbisi və onun əlaltıları müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edirlər. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Düzdür, məlum şəbəkə ciddi cəhdlə yağışdan çıxan göbələklər kimi gün-gündən artan həmin internet TV-lərin heç bir qüvvədən asılı olmadığını bəyan edir. Ancaq reallıq ondan ibarətdir ki, həmin televiziyaları saxlamaq, onları işlətmək üçün külli miqdarda vəsait lazımdır. Bu isə Avropadakı söyüşcül qrupun imkanları xaricindədir. Hətta az bir miqdarda maliyyə vəsaiti ilə həmin internet TV-ləri idarə etmək mümkün görünmür. Əks halda Azərbaycan mediasında yalnız "pul yeyən maşın" kimi ad çıxaran Qənimət Zahidin rəhbərlik etdiyi və fəaliyyəti Azərbaycana qarşı qərəz, böhtan üzərində qurulmuş televiziyanın ömrü bu qədər uzun olmazdı. İndi təsəvvür edin ki, erməni lobbisi həmin televiziyanın ayaqda durması üçün hər ay nə qədər maliyyə vəsaiti ayırır. Əks təqdirdə Qənimət Zahid Azərbaycanda bir neçə media orqanını viran qoyduğu kimi, hazırda rəhbərlik etdiyi internet TV-nin də fatihəsini çoxdan vermişdi. Buradan da aydın təsəvvür yaranır ki, erməni lobbisi Azərbaycana qarşı məkirli  informasiya mübarizəsi aparmaq üçün hər ay milyonlarla dollarından keçməli olur. Təəssüfedicisi isə odur ki, erməni lobbisinin oyununu sapı özümüzdən olan baltalar oynayır.

Ancaq qətiyyətlə deyə bilərik ki, indiyə qədər bütün antiAzərbaycan kampaniyası, planlarını puça çıxardığımız kimi, bu dəfəki oyunu da poza biləcəyik. Bunun üçünsə hər zaman olduğu kimi bilrik bərabərlik, dövlətin, dövlətçiliyin yanında olmaq gərəkir.  Bir sözlə., Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələri Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməlidirlır. Milli mənafeləri hər şeydən üstün tutan partiyalar, şəxslər siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qəti və layiqli cavab verməli, maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə, satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməməlidirlır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31