Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimlşdirmək cəhdlərinə ağır zərbə

Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimlşdirmək cəhdlərinə ağır zərbə

Fransa məhkəməsi ədaləti bərpa etdi

Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət bir sıra xarici ölkələrdə Ermənistanın planlarını darmadağın etməkdədir. Xüsusən, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yürütdükləri xarici siyasət, apardıqları diplomatik danışıqlar öz bəhrəsini verməkdədir. Məlumat üçün qeyd edək ki, Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında "Dostluq haqqında xartiya"nı ləğv edib. Rəsmi məlumata görə, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"nı iyunun 4-də ləğv edib.Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb. Baş verən hadisə deməyə əsas verir ki, dünyada ikili siyasətin hökm sürməsinə, erməni diasporasının nə qədər güclü  olmasına baxmayaraq Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət ermənilərin məkirli planlarını alt-üst etməkdədir. Məlumdur ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı bu tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırmiş və belə məsələlərin yolverilməz olduğunu bildirmişdi. Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransanın indiyə qədər  münaqişənin həlli istiqamətində səmimi addımlar atmasının şahidi olmamışıq. Əksinə, Fransanın yürütdüyü siyasət daim Ermənistana dəstək notuna köklənib. Lakin Arnuvill məhkəməsinin bəlli qərarının 2013-cü ildən bu yana Azərbaycanın xeyrinə olan ilk qərar kimi tarixə düşməsi Fransanın bundan sonra da obyektiv və ədalətli qərar qəbul edəcəyinə ümid yaradır. Xarici İşlər Nazirliyindən bildirilib ki,  Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülhə və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanmasıdır: "Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətlərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasından asılıdır. Yalnız münaqişənin həlli və iki ölkə arasında beynəlxalq tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında davamlı sülhün təmin olunması Ermənistanın müstəqil və dayanıqlı inkişafının təminatı ola bilər. Bütün səylər müstəqil və davamlı inkişafa, tərəqqiyə və rifaha yönəldilməlidir, əksinə deyil". "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib ki, Fransa məhkəməsi Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə ağır zərbə vurdu və ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi: "Əlbəttə ki, Fransa məhkəməsinin belə bir qərar verməsi Azərbaycan tərəfinin hüquqi addımlarının nəticəsidir. Çünki, Azərbaycan separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini rəsmi Paris qarşısında dəfələrlə qaldırıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Hətta, Bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı Prezident Emanuel Makron bu tipli xartiyaların imzalanması və işalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib. Bu mənada, Azərbaycan hökumətinin belə çevik reaksiyası və prinsipial mövqe nümayiş etdirməsi nəticəsində qondarma rejimlə imzalanan saxta "Dostluq Xartiyası"nın Fransa məhkəməsində ləğvi baş tutdu". B. Quliyev vurğulayıb ki, Fransa məhkəməsinin Dağlıq Qarabağla bağlı ədalətli qərarı bütün dünya üçün presedentdir: " Bu, Fransa məhkəməsinin 2013-cü ildən sonrakı dövrdə Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Məhkəmənin məlum qərarı məkrli erməni separatizminə tutarlı zərbə oldu və bir daha göstərildi ki, sivil dünya separatçılığa, işğala dəstək vermir. Fransa məhkəməsinin bu ədalətli qərarı bizlərdə digər bu kimi məhkəmə işlərində də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin bağladığı bu tipli qeyri-qanuni və beynəlxalq hüquqa zidd olan sənədlərin ləğv olunacağına da əminlik yaradır". "İki sahil" qəzetinin baş redaktoru, "YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, hər bir hadisə, ən əsası Azərbaycanın xeyrinə atılan addım münasibətlərin bugünkü səviyyəsini təhlil etməyi bir zərurət kimi ortaya qoyur: "Bu fakt inkaredilməzdir ki, Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Erməni diasporunun həmin ölkədə cərəyan edən proseslərə təsir imkanlarının genişliyi göz önündədir. Fransa kimi dünyanın nüfuzlu dövləti heç bir araşdırma aparmadan "erməni soyqırımı"nı tanımaqla yanaşı, bunu digər dövlətlərdən də tələb edirsə, həmçinin Fransa Senatında "erməni soyqırımı"nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı qanun layihəsi müzakirə olunursa, bu Ermənistan-Fransa münasibətlərinin yaxınlığına işarədir. Fransanın Ermənilərin hiyləgərliklərindən irəli gələn addımları sırasında yer alan "erməni soyqırımı abidəsi"nin ucaldılması, "soyqırımı muzeyi"nin yaradılması da ikili siyasətdən alınan gücün göstəricisi idi. Amma ermənilər və erməni diasporu unudur ki, artıq onların yalanlarının ayaq tutub yeriməsi vaxtı çoxdan keçib. Müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni diasporunun diplomatik uğurlarımızın fonunda zəiflədiyini, dünyada cərəyan edən proseslərə təsir imkanlarının heçə endiyini nəzərə alsaq, saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışan ermənilərin apardıqları təbliğatların nə qədər gülünc və mənasız olduğunu görməmək mümkün deyil". Qətiyyətlə demək olar ki,  Fransa məhkəmələri ermənilərin işğalçılıq və separatçılıq maraqlarının üzərindən xətlər çəkməyə başlayıb. Hətta erməni lobbisinin müəyyən təsirləri də nəzərə alınmayıb ki, bu da yaxın vaxtlarda növbəti belə qərarların qəbul ediləcəyi anonsunu verməkdədir. O cümlədən, Azərbaycanın xarici siyasət diplomatiyasının da həmin məsələdəki üstünlüyü işğalçı rejimə ciddi və kəski zərbəni vurmuş oldu.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31