Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir

Vətəndaşların rifah halının yaxşılaşdırılması dövlətin prioritetinə çevrilib  

Azərbaycanda həyata keçirilən sosial siyasət bir sıra parametrləri il diqqəti çəkir. Xüsusən, aztəminatlı ailələrin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Son vaxtlar sosial sahətə atılan addımlar, qəbul edilən qərarlar bu siyasətin davamlı olacağını deməyə əsas verir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Sumqayıta səfəri zamanı qeyd edib ki, köçkün ailələrinin yeni evlərlə təmin edilməsi reallaşdırılacaq: "Keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək". Bu isə ona dəlalət edir ki, dövlət başçısı şəhid ailələri ilə görüşü zamanı açıqladığı tədbirlər planı icra olunmaqdadır. Daha doğrusu, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər təkcə pensiya, təqaüdlər və ya minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul edilməsindən deyil, eləcə də aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Demək olar ki, respublikanın hər bir bölgəsində əhalinin sosial problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Etiraf edilməlidir ki, əhalinin məşğulluq problemlərinin həlli, yeni iş yerlərinin yaradılması özlüyündə yeni istehsal və cənaye müəssisələrinin aşılması hesabına təmin edilir ki, nəticə etibarilə bu da ölkənin iqtisadi artımına təsirsiz ötüşmür. Prezident İlham Əliyev bildirib ki, son illər Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görülüb: "Sumqayıt bu gün müasir sənaye mərkəzinə çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə minlərlə insan işlə təmin edilir. Elə bu gün səhər yeni müasir polietilen zavodunun açılışını etdik. Bu zavod təqribən 500 iş yeri yaradan bir müəssisədir. Burada istehsal olunacaq məhsullar ixracyönümlüdür və ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Biz bu yaxınlarda azot gübrələri zavodunun açılışını da etdik. Orada da 500 nəfər işlə təmin olunub. Eyni zamanda, göstəriş vermişəm ki, ödənişli ictimai işlər də açılsın və 2 min iş artıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər. Siz xatırlatdınız, mən demişəm ki, Sumqayıt bulvarı da bir möcüzədir". Etiraf edilməlidir ki, dövlət başçısının birbaşa təşəbbüsü ilə həyata keçirilən regionların sosial-iqtisadi inkşaf proqramları respublikanın ən ucqar dağ rayonlarının belə simasının dəyişməsinə səbəb olub. Regionlarda inkişaf tempi o dərəcədə yüksək sürətlə baş verir ki, artıq şəhərlə kənd arasında fərq minimuma enib. Sumqayıt şəhərində də həyata keçirilən abadlıq və quruculuq işləri buna bariz nümunədir. Prezident İlham Əliyev bildirib ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük: "Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır. Yəni, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən sənaye müəssisələrinin yaradılması, - Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir, - digər tərəfdən, bu gün Sumqayıtın ekoloji vəziyyəti görün nə qədər yaxşılaşıb. Sumqayıtın havası elə bil ki, kurort havasıdır. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyuldu. Bütün yeni müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Buna görə indi burada ekoloji durum çox yaxşıdır. Minə yaxın evin dam örtüyü təzələnib və bu iş davam edir. Liftlər, həyətlər, yollar təmir olunub. Bu yaxınlarda 2 saylı xəstəxananın əsaslı təmiri haqqında Sərəncam imzalandı. Bundan əvvəl 1 saylı xəstəxana əsaslı təmir edildi. Baxacaqlar, əgər 2 saylı xəstəxananın təmiri mümkündürsə, təmir olunacaq, mümkün deyilsə, sökülüb yenidən tikiləcək.Qazlaşdırma - burada qazla problem olmamalıdır, həll edilib. İçməli su, elektrik enerjisi ilə bağlı məsələlər həll olunub. Biz burada böyük bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıtı tam təmin edir. Əlbəttə ki, iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir, yeni müəssisələrdə nə qədər adam işləyəcək. Bütün bu işləri biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin qaldırılması - bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri biz, ilk növbədə, hara yönəltməli idik, məhz sosial məsələlərin həllinə. Ona görə bu siyasət davam etdiriləcək və əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin".

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib ki, son illər ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir: "Ötən illərdə olduğu kimi, 2019-cu ilin sosial siyasətinin əsas hədəflərindən biri də pensiya və maaşların artırılmasıdır. Bir neçə gün əvvəl Prezidentin minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamları və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı, eləcə də tələbələrin təqaüdlərinin artırılması ilə bağlı verdiyi qərarı dövlətin xalqa diqqət və qayğısının növbəti bariz nümunəsi oldu". İ.Həbibbəyli bildirib ki, Azərbaycan sosialyönümlü dövlətdir və Prezident İlham Əliyevin vurğuladığı kimi  Azərbaycanda aparılan siyasətin prioritetlərindən biri onun sosial xarakter daşımasıdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə, xüsusilə son vaxtlarda apardığı məqsədyönlü islahatları ilə, ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil edilib. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bununla Ulu öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların mənafeyini əsas götürür: "Belə ki, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır. Bu, özünü təkcə fikirlərdə deyil, əməli fəaliyyətdə də göstərir. Əhalinin sosial şəraitinin qorunması sahəsində görülən işlərin məcmusu bu barədə deyilənlərə ən yaxşı misaldır. Təkcə son illərdə həyata keçirilən xeyli sayda sosial layihələr Prezident İlham Əliyevin vətəndaşlara, xüsusilə cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı ailələrə diqqət və qayğısının ən parlaq təzahürüdür. Bu, ölkə Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə və həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31