"Prezident Azərbaycan gəncliyinə çox güvənir"

"Bu gün Azərbaycanda bütün sahələr sistemli formada inkişaf edir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dərin köklərə malik azərbaycançılıq ideyası, fəlsəfəsi ölkənin iqtisadi və siyasi sabitliyinin qarantıdır". Bu fikirləri  Milli Məclisin deputatı Elşən Musayev deyib.

Prezident İlham Əliyevin bütün çıxışlarının milli maraqlara yönəldiyini deyən deputat söyləyib ki, çünki milli maraqların təmin olunmadığı yerdə, müstəqilliyin, suverenliyin təhlükə altında olduğu məqamlarda heç bir zaman inkişafdan söhbət gedə bilməz: "Bizim elə ən böyük üstünlüyümüz ondadır ki, məhz milli maraqları cənab İlham Əliyev kimi ləyaqətlə qoruyan liderimiz var. Prezident İlham Əliyev gənclərlə görüşündə də özünün və xalqın çətin günlərindən, amma heç zaman ümidsiz olmamasından danışdı. Bu, gənclik üçün ruh yüksəkliyi, gələcəyə inam xarakteri daşıyırdı. Bəli, cənab Prezident Azərbaycan gəncliyinə çox güvənir, etimad göstərir. Elə təkcə Nazirlər Kabinetinin son tərkibinə baxsaq görərik ki, elmli, təhsilli gənclərə münasibət necədir".

E. Musayev qeyd edib ki, dövlət siyasətinin aparıcı xəttini bütün istedadlı gənclərin potensialını dəyərləndirmək təşkil edir: "Cənab Prezident gənclərlə görüşündə bu barədə də ətraflı və konkret danışdı. Ölkə rəhbərinin dövlət qurumlarına müraciət edərək "Gəncləri irəli çəkin" təşəbbüsü də son dərəcə təqdirəlayiq mesajdır. Deməli, gənclər öz üzərilərində işləməli, təhsillərini gücləndirməli və ölkəsinə verə biləcəkləri faydalar barədə düşünməlidirlər. Dövlət və Prezident gəncliyin yanındadır. Bu faktın özü bir gəncin arzulaya biləcəyi ən böyük xoşbəxtlikdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31