Hər bir vətəndaş əmin ola bilər

Azərbaycan dövləti və prezidenti hər zaman onların yanındadır Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi bölgəyə səfər edib, Şamaxı şəhərində təbii fəlakət yerində olub, insanlara dəymiş ziyanla tanış olub, onların aradan qaldırılması məqsədilə tapşırıq və tövsiyyələrini verib. Zəlzələdən zərər çəkən ailələrlə görüşən dövlət başçısı bildirib ki, vətəndaşlara lazım olan bütün köməklik göstəriləcək: “Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir.

 Azərbaycan dövləti və prezidenti hər zaman onların yanındadır

Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi bölgəyə səfər edib, Şamaxı şəhərində təbii fəlakət yerində olub, insanlara dəymiş ziyanla tanış olub, onların aradan qaldırılması məqsədilə tapşırıq və tövsiyyələrini verib. Zəlzələdən zərər çəkən ailələrlə görüşən dövlət başçısı bildirib ki, vətəndaşlara lazım olan bütün köməklik göstəriləcək: "Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, bərpa etmək mümkündür, bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür". Dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan dövləti həmişə öz vətəndaşlarının yanındadır: "Siz bilirsiniz ki, mən Şamaxıda tez-tez oluram. Dəfələrlə olmuşam. Burada yaxşı tədbirlərdə bərabər iştirak etmişik, infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında olmuşuq. Şamaxının inkişafı daim diqqət mərkəzindədir. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır. Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır. Vəsait də ayrılacaq". Dövlət başçısının zəlzələnin nəticələrinin aradan qaldırılması ilə baölı verdiyi tapşırıq və tövsiyyələrin artıq yerinə yetirilməsinə başlanılıb. Artıq zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq. "AzSığorta" ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib ki, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib: "Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq". A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək. Qətiyyətlə demək olar ki, zəlzələdən zərər çəkmiş vətəndaşlara dövlət yardımı ediləcək və vətəndaşlar çox güman ki, məmnun qalacaqlar. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycanda belə bir təcrübə var. Dövlət başçısı bildirib ki, vətəndaşlara yardım göstərilməsilə bağlı bütün lazımi işlər görüləcək: "Bəli, təbii fəlakət olur. Bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı. Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək". Milli Məclisin deputatı İlham Məmmədov deyib ki, prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfəri dövlətimizin başçısının hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir. Deputat vurğulayıb ki, daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin iş tərzidir: "Biz həmişə cənab Prezidentin xalqın yanında olduğuna şahid olmuşuq. Dövlət başçısı bu dəfə də problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü zəlzələ bölgəsinə baş çəkdi. Bu, özü bir nümunədir". İ.Məmmədov vurğulayıb ki, zəlzələ təbii fəlakətdir və bundan heç vaxt heç kim sığortalanmayıb: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hadisədən zərər çəkmiş insanların, ümumilikdə xalqın yanında olduqlarını bir daha nümayiş etdirdilər. Heydər Əliyev Fondunun könüllüləri də hadisədən dərhal sonra zəlzələ bölgəsinə getdilər, insanlara yardım göstərdilər. Prezident İlham Əliyevin Şamaxıya səfəri hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir". Millət vəkili Kamilə Əliyeva isə deyib ki, dövlət başçısının bu addımı ölkəmizdə vətəndaş amilinə göstərilən qayğının bariz nümunəsidir: "Azərbaycan Prezidenti İlham Əliyevin zəlzələ zonasına getməsi məni təəccübləndirmədi. Çünki, Ölkə başçısı vaxtilə Zaqatala və Balakən zonasında da təbii fəlakət olan zaman həmin ərazilərə gedərək vətəndaşların yanında olmuşdu. Azərbaycan Prezidentinin təbii fəlakətdən əziyyət çəkən insanlarla görüşü, fəlakətin yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı göstərişlər verməsi nümunəvi addımdır. Çünki dünyanın heç bir yerində təbii fəlakətlər baş verdikdə onun fəsadları insanlar tərəfindən aradan qaldırılmır. Azərbaycan yeganə dövlət və ölkə başçısı yeganə prezidentdir ki, təbii fəlakətlərin aradan qaldırılması üçün Komissiya yaratdı, ziyan çəkmiş evlərin bərpası üçün maliyyə vəsaiti ayırdı". K.Əliyeva qeyd edib ki, Zaqatala və Balakən zonasında baş verən zəlzələ zamanı da evləri dağılan insanlara əvvəlkindən də gözəl və daha geniş evlər tikilərək, rayon sakinlərinə təqdim edildi: "Ölkə başçısının bu dəfə baş verən təbii fəlakət zamanı məsələni diqqətdə saxlaması və şəxsi tapşırığı əsasında problemlərin aradan qaldırılması istiqamətində atılan addımlar, ən əsası isə zəlzələ bölgəsinə səfər edərək vətəndaşların yanında olması, insanlar üçün dayaq və stimuldur. Əgər insanlar təbii fəlakət zamanı həyəcan, qorxu keçirirlərsə, ölkə başçısının həmin ərazilərə səfər etməsindən sonra onlarda daha böyük inam hissi yaranır. Hər bir vətəndaş bir daha əmin olur ki, Azərbaycan dövləti və prezidenti hər zaman onların yanındadır".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31