Deputat: "Prezident daim xalqın təssübünü çəkir"
7 Fevral 2019 17:59 SiyasətBu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. Məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər. Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb və sonra sakinlərlə söhbət edib.
Ölkə başçısının bu addımını yüksək dəyərləndirən millət vəkili Aqil Abbas qeyd edib ki, Prezident İlham Əliyev daim xalqın təssübünü çəkir:
"Əlbəttə, heç bir ölkə təbiət hadisələrindən sığortalanmayıb. Ölkəmizdə baş verən hər hansı bir hadisə baş verən zaman cənab Prezident hadisə yerinə baş çəkir, problemlərlə maraqlanır, vəziyyəti öyrənir və ona müvafiq sərəncamlar verir. İndi də Prezident Şamaxıya gedib ki, zəlzələnin nəticələrini öyrənib və məsələnin aradan qaldırılması istiqamətində göstərişlər verib. Şübhəsiz ki, ölkə başçısının bu addımları alqışanmalıdır. Prezident həmişə xalqın yanındadır. Ölkə başçısının yürütdüyü siyasətin əsasında insan , xalq , millət amili dayanır".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
sherg.az