“Sosial mediada əxlaqsız fikirlər səsləndirən şəxslər mütləq cəzalandırılmalıdır”
1 Fevral 2019 15:36 SiyasətDeputat İqbal Məmmədov qeyd edib ki, bu gün vətənimizi sevməyən, ona düşmən münasibət bəsləyən saysız-hesabsız qüvvələr var və çox aktiv şəkildə fəaliyyət göstərirlər. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu tip qüvvələrin oyununa gələn, onların məkrli planlarına alət olan həmvətənlərimiz də var: "Tənqid normal və inkişaf üçün vacib şeydir. Ulu öndərimiz zamanında kütləvi informasiya sistemlərində senzuranı ləğv etməklə tənqidə yol açdı və bir çox sahənin inkişafına zəmin yaratdı. Ancaq təhqir yolverilməzdir. Media və ya sosial şəbəkələr vasitəsi ilə dövlət məmurlarını təhqir etmək, həyata keçirilən işlərə qarayaxmalar etmək kütləvilik xarakteri daşıdığı üçün mənəvi terrordan başqa bir şey deyil. Ürək ağrısı ilə qeyd edirəm ki, dövrümüzün yüksək intellekt və inkişaf vasitəsi olan interneti bizdə bəzi qüvvələr öz pis əməllərinin alətinə çevirib. Bütün bunlar seçicilərimizi, soydaşlarımızı, vətəndaşlarımızı olduqca narahat edir. Bir ölkəni təmsil edən, xalqın böyük əksəriyyətinin səs verməsi nəticəsində seçilmiş ölkə başçısını təhqir etmək o xalqı təhqir etməkdir və heç bir müstəvidə başucalığı deyil". Deputat qeyd edib ki, siyasi mübarizə, müxalifətçilik demokratiyanın bünövrə daşıdır: "Ancaq əxlaq çərçivəsindən kənara çıxılan istənilən mübarizə mənəviyyatsızlıqdır, əqidəsizlikdir. Bu gün ölkəmizdə aparılan islahatları görməmək, gözardı etmək mümkün deyil. Vətəndaşına, insanına, bu torpaq uğrunda canından keçmiş şəhidinə, onların varislərinə, müharibə əlillərinə, iştirakçılarına göstərilən qayğı, hörmət bəlkə də dünyanın heç bir ölkəsində Azərbaycan səviyyəsində deyil. Möhtərəm prezidentimiz tərəfindən son dövrlərdə imzalanmış fərman və sərəncamlara baxarkən, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması, onların mənzillərlə təmin olunması istiqamətində göstərişlərini, onlarla görüşü zamanı nümayiş etdirdiyi ehtiramı, nəzakəti müşahidə edərkən ölkəmiz adına qürur hissi yaşayırıq. Bizim onsuz da Ermənistan kimi düşmənimiz var və hamımıza bəllidir ki, bu düşmənin kifayət qədər xarici havadarları var". Milli Məclisin spikeri Oqtay Əsədov qeyd edib ki, sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır: "Mən xaricdə yaşayanları demirəm. Onların yazılarına baxanda adam xəcalət çəkir. Milli Məclisin üzvləri, dövlət rəhbərliyində çalışan insanlar haqqında ağızlarına gələni yazırlar. Təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik".