“Praqmatik siyasət yeridən Rusiya rəhbərliyi Azərbaycanla əlaqələrin önəminin fərqindədir”

"Rusiya prezidenti Vladimir Putinin ölkəmizə bu dönəmdə səfəri o deməkdir ki, iki ölkə arasında münasibətlərin gələcəkdə yeni şəkil almasını görə bilərik. Amma əlbəttə, dəfələrlə vuğuladığım kimi, bu məsələləri Rusiyanın Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı rol müəyyənləşdirəcək". 

Bu fikirləri  millət vəkili Sahib Alıyev deyib. 

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli mürəkkəb məsələdir, bu məsələyə yanaşmada tərəflər arasında fərqlilik var: "Əgər olmasaydı, problemin tez şəkildə həllini görərdik. Amma gələcəkdə Rusiyanın bu məsələdə daha real yer alacağını düşünürəm. Niyə belə fikirləşirəm - fikir verdinizsə, cənab Putin Bakıda dedi ki, biz maraqların balansını axtarır və tapırıq. Burada söhbət iki müstəqil dövlət arasındakı əlaqədən gedir. Azərbaycanla Rusiyanın fərqli mövqelərdə dayandığı məsələlər də var. Məsələn, energetika mövzusunda bu iki ölkə tərəfdaşdan çox rəqib durumundadırlar. Buna baxmayaraq, bu məsələdə maraqların balansı tapılıb və bu mövzuda da əməkdaşlıq genişlənir, strateji xarakter alır. Bu, son dərəcədə önəmlidir. Həmçinin, Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri mövzusunda rəqib idik, amma prezidentin apardığı müdrik siyasət nəticəsində elə vəziyyət yaranıb ki, Rusiya bizi bu məsələdə dəstəkləyir. Bu tərəfdaşlıq da hər iki tərəf üçün öz effektini verməkdədir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin hələ tam işə düşmədiyinə baxmayaraq, son bir ildə bu istiqamətdə daşınan yüklərin 100 dəfə artması bizə perspektivi göstərir və dəhlizin işə düşməsinin hər iki tərəf üçün necə faydalı olacağından xəbər verir".

Millət vəkilinin qənaətinə görə, Putinin ölkəmizə səfərində diqqət çəkən məqamlardan biri də bu idi ki, Rusiya prezidenti adətən regiona səfərində Azərbaycana və Ermənistana təqribən eyni vaxtda səfər gerçəkləşdirirdi. Amma bu dəfə Putin Azərbaycana gəlsə də, Ermənistana nə vaxt gedəcəyi hələ məlum deyil: "Ermənistan baş naziri Paşinyan populist çıxışlar etsə də, tezliklə səfərin baş tutacağını desə də, hələ ki, Putinin ora səfəri ilə bağlı məlumat yoxdur. Ola bilsin, ilin sonuna qədər Ermənistana səfər reallaşmasın. Bu isə o deməkdir ki, Rusiya Ermənistan əlaqələrində həqiqətən də müəyyən problemlər var. Proses bu yöndə davam edərsə, biz gələcəkdə regionun geosiyasi şəkillənməsinin yeni formasını görə bilərik. O zaman isə Rusiyanın əsas müttəfiqi kimi Azərbaycan çıxış edə bilər. Regionun lider dövləti Azərbaycandır. Hazırda praqmatik siyasət yeridən Rusiya rəhbərliyi fərqindədir ki, Azərbaycanla əlaqələrin dərinləşdirilməsi son dərəcə önəmlidir. Putin özü də forumda dedi ki, əlaqələrimiz yalnız şaquli deyil, üfüqi istiqamətdə də genişlənir. Ermənistanla bu formatda əlaqə qurmaq mümkünsüzdür. Bu səfər bir daha ölkəmizin əhəmiyyətini, Azərbaycan-Rusiya əlaqələrinin gələcəkdə daha da dərinləşərək strateji tərəfdaşlıqdan, strateji müttəfiqlik xarakteri ala biləcəyini göstərir. "Alacağ"ını yox, "ala biləcəy"ini deyirəm. Bir daha qeyd edirəm ki, bu, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində oynayacağı müsbət roldan roldan asılıdır".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31