"Azərbaycan-Rusiya əlaqələrinin inkişafı regionda stabiliyin qarantıdır" — Deputat Rauf Əliyev
28 Sentyabr 2018 20:28 Siyasət"Azərbaycanla Rusiya arasındakı əlaqələr sürətlə inkişaf edir və hal hazırda strateji tərfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin əsasını tarixi dostluq və mehriban qonşuluq ənənələri, bir-birinin mənafeyinə hörmət, hüquq bərabərliyi, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir".
Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputat Rauf Əliyev bildirib.
Deputat deyib ki, iki ölkənin dövlət başçıları, hökumətləri və parlamentlərinin arasında qarşılıqlı əlaqələr məhz bu cür təməl üzərində inkişaf edir:
"Ötən gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin birgə təşkilatçılığı ilə IX Azərbaycan-Rusiya Reqionlararası Forum keçirilib. Forumun işində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti cənab Vladimir Putin də iştirak edib. Azərbaycan və Rusiya dövlət başçılarının Forumda iştirak etmələri prezdentlərin ölkələrimiz arasında əlaqələrin inkişafına verdikləri önəmin bariz nümunəsidir. Azərbaycan və Rusiyanın dövlət rəsmləri, parlament, icra hakimiyyəti və ictimai təşkilatların, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən, ümumilikdə 700-ə yaxın nümayəndə forumda iştirak edib. Bu forumun keçirilməsi Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsüdür və artıq ənənəyə çevrilib. Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi iki ölkə arasındakı uğurlu əməkdaşlığın göstəricisidir".
Deputat qeyd edib ki, Rusiya ayrı-ayrı reqionlardan ibarət olan və dünyada ərazisinə görə ən böyük dövlətdir:
"Bu ölkənin hər bir subyektinin böyük sosial-iqtisadi potensialı var və Azərbaycanın birbaşa bu subyektlərlə əlaqələr yaratmasının həm iqtisadi həm də siyasi əhəmiyyəti vardır. Azərbaycan Rusiyanın təqribən 80 subyekti ilə ticarət və iqtisadi əlaqələri vardır. 20 subyekti ilə ticarət, iqtisadi, elmi və mədəni əməkdaşlıq haqqında sazişlər imzalanıb. Rusiyanın 4 subyekti ilə hökumətlərarası komissiyalar fəaliyyət göstərir. Forum çərçivəsində Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələri üzrə bir sıra sənədlər imzalanıb.
Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin indiki səviyyəsi göstərir ki, bu əlaqələr durmadan yüksələn xətlə inkişaf edir, hər iki xalqın maraqlarına xidmət edir, regionda stabiliyin və təhlükəsizliyin qorunub saxlanılmasında böyük rol oynayır və gələcəkdə də bu əlaqələr daha yüksək səviyəyə çatacaq".
Ölkə.Az