“Paşinyanın BMT-dəki çıxışı yalan tezislər üzərində qurulub” - MÖVQE

"Paşinyan hökuməti küçədən gələn bir hökumətdir. Planlı və real siyasət yürütmək imkanlarından məhrumdur. Seçki öncəsi problemin həlli üçün güzəştə getmək isə ümumiyyətlə Paşinyanın şəxsi maraqlarına uyğun deyil. Ona görə də hazırda daha çox bu məsələyə emosional yanaşmağa və populist açıqlamalara üstünlük verir".

Bu fikirləri siyasi-şərhçi Arzu Nağıyev deyib.

Hazırda erməni hökumətinin Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığını deyən siyasi şərhçi söyləyib ki, Paşinyan hakimiyyətə gəlmədən əvvəl Madrid prinsiplərini ideal hesab etsə də, indi bu fikirlərindən tamamilə yayınıb.

Paşinyan Nyu-Yorkda BMT sessiyasındakı çıxışına toxunan A. Nağıyev qeyd edib ki, Paşinyan sessiyaya getməzdən əvvəl Azərbaycana müharibə elan edib, BMT-dəki çıxışında isə münaqişənin sülh yolu ilə həllindən danışıb: "Gah Azərbaycanı sülhə çağırır, gah deyir ki, Qarabağ Azərbaycanın tərkibində olmamalıdır. Bundan başqa, o, ermənilərin Dağlıq Qarabağda Azərbaycanın tərkibində yaşamaq istəmədikləri və guya Bakının münaqişə tərəfi kimi Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlara başlamalı olduğu ilə bağlı fikirlər səsləndirməklə bütün dünyanın fikrini yayındırmaq istəyir.

Paşinyanın BMT-dəki çıxışının yalan tezislər üzərində qurulduğunu dilə gətirən siyasi şərhçi vurğulayıb ki, reallıqla erməni liderin sözləri arasında paradoks yaranır: "Ermənistan müharibə istəmir və eyni zamanda, sülh danışıqlarına getmir. Deməli, Paşinyan həm müharibədən, həm də sülhdən qorxur. O, seçkilərə qədər vaxt udmaq istəyir. Paşinyanın daxili və xarici siyasəti absurddur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31