Putinin Azərbaycana səfəri iki ölkə arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsinə təsir göstərəcək - ŞƏRH

"Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü potensiala malikdir. Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin həyatında xüsusi yer tutaraq, özünün vacibliyini və səmərəliliyini sübut edəcək, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirəcəkdi­­­r. Bu Forum ilk növbədə bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərin bariz göstəricisidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir

O bildirib ki, Rusiya prezidentinin ölkəmizə səfəri bu forum çərçivəsində bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının  daha da möhkəmlənməsinə şərait yaradacaq: "Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir, iki ölkənin regionlararası əməkdaşlığı və əhatə dairəsi  sürətlə inkişaf edir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin strateji və dostluq xarakterini, iki ölkənin  dost və tərəfdaş olduğunu bir daha təsdiqləmişdir".

İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin bütövlükdə region üçün böyük potensialı var.

Sədr qeyd edib ki, hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır: "Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə təsir edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün çox böyük potensialı var.  Tamamilə aydındır ki, bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradacaq".

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31