İlham Əliyev: “Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur”
27 Sentyabr 2018 18:52 SiyasətRusiya Prezidenti: "Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir"
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxıblar.
Ardınca Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər. Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış ediblər. Azərbaycanda işgüzar səfərdə olan Rusiya prezidenti Vladimçir Putin çıxışında vacib açıqlamalar verib. Putin ilk növbədə iqtisadi sahədə əməkdaşlığa diqqət çəkib: "Azərbaycan və Rusiya ortaq infrastruktur layihələri həyata keçiririk. "Şimal-Cənub", "İran-Azərbaycan-Rusiya" beynəlxalq nəqliyyat dəhlizinin inşası nəzərdə tutulur. Bu yol Avropa və Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir". Putin həmçinin, Samur çayı üzərindən Azərbaycanı Dağıstanla birləşdirəcək körpünün tikintisi ilə bağlı razılığın olduğunu deyib. Ruisya prezidenti rus dilinin Azərbaycanda dövlət səviyyəsində dəstək aldığını da xatırladıb: "Biz rus dilinə olan marağı yüksək qiymətləndiririk. Ölkədə 300-dən artıq məktəb rus dilində tədris verir. Ən əsas dəstək isə insanların ürəyində və beyinlərindədir". Putin Xəzər dənizində Azərbaycan və Rusiya limanlarını birləşdirəcək kruiz səyahətlərinin planlaşdırıldığını da əlavə edib.
Prezident Vladimir Putin deyib ki, Rusiya və Azərbaycan qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlər qurur: "Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən, deyə bilərik ki, ölkələrimiz arasındakı münasibətlər yaxşı qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Biz hər zaman maraqların tarazlığını axtarır və tapırıq". O, xatırladıb ki, sentyabrın 1-də Soçidə liderlər arasında keçirilən görüşdə Rusiya ilə Azərbaycan arasındakı dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edən bir sıra sənəd və sazişlər imzalanıb. Rusiyalı lider qeyd edib ki, Azərbaycan bazarında Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir, Rusiya sərmayələrinin ümumi həcmi 1,5 milyard dollardan çoxdur. "2017-ci ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü təxminən 12% artıb ki, bunun da ümumi məbləği yarım milyard dollar təşkil edir. Bizim tərəfdaşlarımız bu sahədə daha çox maraq göstərirlər", -deyən Putin bildirib ki, bunu sentyabr ayında Moskvada keçirilən beynəlxalq ərzaq sərgisində 30-dan çox Azərbaycan şirkətinin iştirakı bir daha sübut edir. Rusiya prezidentinin sözlərinə görə, Moskva və Bakı birgə infrastruktur layihələri həyata keçirir: "Avropa və Asiya bazarlarını bir araya gətirmək üçün nəzərdə tutan, İran, Azərbaycan və Rusiyanın iştirakı ilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması həyata keçirilir".
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur: "Biz Sizi görməyimizə həmişə çox şadıq. Sizin bügünkü səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük. Bu, bizim münasibətlərimizin səviyyəsinin parlaq göstəricisidir. Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik". Dövlət başçısı əlavə edib ki, biz bütün istiqamətlərdə böyük tərəqqi görürük: "Biz bu barədə indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün daha bir impuls verdik. Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik. Bir daha "Xoş Gəlmisiniz!" deyir və səfərə görə təşəkkür edirəm".
Rusiya Prezidenti Vladimir Putin Bakıya dəvətə və cüdo üzrə dünya çempionatında olmaq imkanına görə təşəkkür edib: "Mən bunun necə layiqli, çox yüksək beynəlxalq səviyyədə təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda olmaqla Cüdo üzrə Beynəlxalq Federasiyanın məmnunluğunu görürəm. Mənə indi burada hər şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər". Rusiyanın dövlət başçısı qeyd edib ki, bu, təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfədir: "Əlbəttə ki, bu gün regionlararası forumda bizim iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir. Doğrudur, biz bu yaxınlarda Soçidə görüşdük, amma münasibətlərimizin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, bizim həmişə danışmağa sözümüz var. Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə verilən impuls itməsin və Sizinlə imzaladığımız çox əhəmiyyətli sənədlər işləsin. Düşünürəm ki, biz bu gün elə bu barədə danışacağıq". Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdiriblər.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri sentyabrın 27-də başa çatıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Nurlan