Xəzərə görə Azərbaycan-Türkmənistan danışıqları davam etdirilir
27 Sentyabr 2018 18:04 Siyasət"Hələlik Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsilə bağlı iclasın vaxtı məlum deyil. Çalışacağıq ki, bu ilin sonuna qədər iclas baş tutsun".
"Olaylar" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı bəzi məsələlər var ki, onlar konvensiya formatında tənzimlənir: "Bəzi məsələlər də var ki, iki ölkə arasında razılaşdırılır. Türkmənistanla, İranla da danışıqlar xəttimiz var və məsələlər gündəlikdədir. Konvensiyanın müddəalarına əsasən bəzi məsələrlə bağlı danışıqlar davam etdiriləcək. Bu, yeni yaradılmış işçi qrupunun iclasında olacaq. Çox güman ki, ilin sonunadək birinci iclas keçiriləcək".
X.Xələfov bildirib ki, Türkmənistanla olan məsələ Xəzərin dibinin bolüşdürülməsilə bağlıdır: "Məsələyə dair danışıqlar Türkmənistanla Azərbaycan arasında davam etdirilir. Danışıqlar eyni zamanda, Azərbaycan-İran, İran-Türkmənistan arasında aparılır. Bəzi hallarda görüşlər tez-tez, bəzi hallarda davamlı olur. Bu, tərəflərin hazırlığından və məsələyə yanaşmasından asılıdır".