Rusiya-Ermənistan “parlaq” münasibətlərinin növbəti TABLOSU
27 Sentyabr 2018 16:04 SiyasətErmənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın Putinin yaxın zamanlarda Ermənistana səfəri ilə bağlı açıqlamasından sonra Rusiya dövlət başçısının köməkçisi Yuriy Uşakovun bunu təkzib etməsi görünür düşmən ölkədə narazılığa səbəb olub. Rusiya prezidentinin nə bu ilin sonu, nə də gələn ilin əvvəlində Ermənistana səfərinin nəzərdə tutmadığını açıqlayan Uşakovun açıqlaması bir daha göstərdi ki, Rusiya-Ermənistan münasibətlərində böhran yaşanır.
Erməni mətbuatında yazılanlara diqqət etdikdə də bu açıqlamanın Ermənistanı pərt etdiyini görmüş olarıq.
Erməni saytlarının birində dərc olunan məqalədə bildirilir ki, Uşakov açıqlaması ilə Ermənistanın öz "növbəsini gözləsin" mesajını vermiş oldu.
Uşakov bildirib ki, Putinlə Paşinyan arasında yaxın vaxtlarda görüş keçirildiyi üçün yenidən görüşün keçirilməsi müzakirə olunmur.
Rusiya prezidentinin köməkçisinin açıqlamasını təhqir kimi qəbul edən Ermənistan tərəfi bunu Ermənistanın Rusiyanın siyasətindəki rolunun azaldılması kimi göstərməyə çalışır.
Yazıda bildirilir: "Belə olan halda, İrəvan Putinin Ermənistana rəsmi səfər edəcəyini necə təkid edə bilər. Uşakov açıq şəkildə bildirib ki, bugünkü Ermənistan-Rusiya münasibətləri tezliklə növbəti görüşün keçirilməsinə heç bir prioritet yaratmır. Bu erməni-rus münasibətlərinin "parlaq" təsviridir. Çünki, Putinin ətrafındakılar əmindirlər ki, Ermənistanın qaçacaq yeri yoxdur, onlar səbrlə Putinin boş olan zamanında bir neçə saatlıq "qardaş" səfərini gözləyəcək. Rus imperializmin belə təzahürləri yeni deyil, lakin belə halda Moskvanı deyil, Ermənistan hakimiyyətini günahlandırmaq lazımdır. İnqilab olmasına baxmayaraq, Ermənistan bir vektorlu xarici siyasətini davam etdirir və verilən bəyanatlar bu siyasətin dəyişməyəcəyini göstərir".
SİA