"Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir" - RƏY
27 Sentyabr 2018 14:29 Siyasət"Azərbaycan və Rusiya qonşu dövlət olmaqla yanaşı, yüksək əməkdaşlıq münasibətlərinə malikdir. Hər iki ölkə başçısı arasında olan şəxsi münasibətlər Azərbaycan-Rusiya arasında əlaqələrin gündən-günə yüksələn xətlə inkişafına geniş imkanlar açır".
Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, son imzalanan sənədlər və hazırda ölkəmizdə keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasında olan hərtərəfli əməkdaşlıq əlaqələrinin əyani sübutudur.
Rusiya ilə Azərbaycan arasında həm siyasi, iqtisadi, həm humanitar, həm mədəniyyət, həm turizm, həm də digər sahələrdə əməkdaşlıq münasibətlərinin mövcud olduğun dilə gətirən C.Osmanov söyləyib ki, bu əməkdaşlıq qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir.
"Bildiyiniz kimi Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib və o, Azərbaycan-Rusiya Regionlararası Forumuna qatılacaq. Rusiya dövlət başçısının bu addımı onun ölkəmizə verdiyi dəyərin bariz göstəricisidir. Hesab edirəm ki, forum hər iki ölkəyə bir sıra sahələrdə öz dividentlərini gətirəcək", - deyə deputat qeyd edib.
SİA