Paşinyan meydan psixologiyasını beynəlxalq tribunalara daşıyır - ŞƏRH
27 Sentyabr 2018 14:09 SiyasətBMT-nin sərt reaksiya vermək məqamı çatıb
Yarıtmaz və naşı siyasətilə Ermənistanı daha pis vəziyyətə salan Paşinyan diktaturası bütün mənfi tendensiyaları önləmək və əhalinin etirazlarını səngitmək üçün Dağlıq Qarabağda yeni müharibə çağırışları ilə bağlı sərsəm açıqlamalar və bəyanatlar verməkdədir. Sirr deyil ki, Paşinyan erməni ictimaiyyətinin əvvəlki etimadını bərpa etmək üçün populist çıxışlar və avantürist iddialarla gündəmdə qalmaq istəyir. Siyasi ekspertlər hesab edirlər ki, əslində Paşinyanın son dövrlər etdiyi sərsəm bəyənatlar təsadüfi deyildir. Belə ki, Paşinyan anlayır ki, Ermənistanın əvvəlki rəhbərliyinin apardığı yarıtmaz siyasət nəticəsində bu dövlət Azərbaycanla danışıqlarda artıq dalana dirənib. Beynəlxalq hüquq və ictimaiyyət, ən aparıcı beynəlxalq təşkilatlar və dövlətlər Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu və Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxmasını tələb edən bəyənatlar və sənədlər qəbul ediblər. Məhz danışıqlar prosesini bu nöqtədən yayındırmaq, ümumiyyətlə danışıqlar prosesinin ruhuna zidd olaraq prosesi pozmaq və hər şeyin yenidən sıfırdan başlanmasına nail olmaq üçün Paşinyan Dağlıq Qarabağla bağlı sərsəm bəyanatlar verməyə başlayıb. Xüsusilə, onun son zamanlar Azərbaycan dövləti və onun rəhbəri haqqındakı həqiqətdən çox uzaq olan fikirləri məqsədli şəkildə səsləndirilir. Şəxsən baş nazirin diktəsi ilə Ermənistan parlamentinin "Şant-2018" hərbi təlimləri çərçivəsində Azərbaycana "müharibə elan etməsi" həyasızlığın kulminasiya nöqtəsi idi. Məsələ orasındadır ki, hələ də Ermənistanın siyasi rəhbərliyini qəsb etmiş "siyasətbazlar" hələ də anlamırlar ki, artıq 30 ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında müharibə gedir. Bu isə onu deməyə əsas verir ki, Nikolun erməni ictimaiyyətini saxta informasiyalarla aldadaraq, nüfuz qazanmağa çalışması, yalnız siyasi naşılığın deyil, həm də küçədən gəlmə siyasi əxlaqın təzahürləridir. Ermənistanın baş naziri "şüvən ənənəsi"nə sadiq qalaraq yenə də ölkəmizi ittiham etməkdə davam edib. Belə ki, Nikol BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında çıxış edərək deyib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasına yol verməməlidir.
Nə qədər həyasız siyasətçi olmaq lazımdır ki, münaqişə barətə 4 qətnamə qəbul etmiş təşkilatın tribunasından həmin qətnamələrin ziddinə çağırış edəsən. Bu yerdə məhşur atalar misalı yerinə deşərdi: "Məscid qapısı açıq, itin həyasına nə gəlib". Proseslərin gedişi deməyə əsas verir ki, artıq ATƏT və BMT kimi təşkilatlar ən azından öz nüfuzlarını qorumaq baxımından bu cür sərsəm bəyənatlara kəskin reaksiya verməlidir. Əks halda beynəlxalq ictimaiyyətin gözündən düşmüş olacaqlar. Politolq Sahib Alıyev deyib ki, Azərbaycan güzəşt edərək indi Ermənistan adlanan yerdə bir azərbaycanlı belə qalmadığı halda, ermənilərə Dağlıq Qarabağda yaşamağa izn verə bilər: "Nikol Paşinyanın BMT-də bu qurumun təməl prinsiplərinin və Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin əleyhinə yönələn, haylığından qaynaqlanan məkrli, özünə xas populist və ziddiyyətli çıxışına baxdım. Bu meydan psixologiyasının daşıyıcısının Dağlıq Qarabağdan danışarkən işlətdiyi qarşılıqlı güzəşt məsələsini təkcə onu dilə gətirmir. Ümumiyyətlə, təkcə ermənilər yox, bir çoxları bu "qarşılıqlı güzəşt"in üzərində dayanırlar. Mən isə bu fikirdəyəm ki, Dağlıq Qarabağ məsələsində qarşılıqlı yox, ancaq bir tərəfin güzəştindən söhbət gedir- o da Azərbaycandır. Azərbaycan güzəşt edərək indi Ermənistan adlanan yerdə bir azərbaycanlı belə qalmadığı halda, haylara Dağlıq Qarabağda yaşamağa izn verə bilər. Ermənistanın öz ordusunu torpaqlarımızdan çəkməsi, Nikol Paşinyanın oğulu qarışıq bütün hərbiçilərinin rədd olub getmələrinin adı isə güzət deyil, beynəlxalq normalara əməl etməkdir".
Millət vəkili Eldəniz Səlimov da Paşinyanı şou yaratmaqda, avantüristlikdə və boşboğazlıqda ittiham edib: "Bu adam artıq özünü tam itirib, nə danışdığını, nə dediyini bilmir. Günü-gündən həm özünün, həm Ermənistanın vəziyyəti ağırlaşdıqca, çıxış yollarını tapa bilmədikcə, dalana dirəndikcə, ağlına və ağzına gələni danışır, ifraz edir, sərsəmləyir. Sanki siyasətçi, dövlət rəhbəri deyil, küçə adamıdır, hələ də küçə eyforiyasının təsiri altındadır. Bu adam anlamır ki, Azərbaycan Qarabağ, torpaq məsələsində kimsəyə güzəştə gedən geyil və getməyəcək. Bunu dəfələrlə cənab prezidentimiz də ən yüksək tribunalardan söyləyib. Azərbaycan güzəşti işğalçı və təcavüzkarla Ermənistanla illərdir aparılan danışıqlar prosesidir. Bu, onlara ən böyük güzəştimizdir, bundan savayı nə onlar, nə də açıq-gizli himayədarları heç nə gözləməsinlər. Qarabağ Azərbaycanındır, Azərbaycan olub və olacaq. Bunu Paşinyan da, onu ortaya salıb oynadan, gülüş vəziyyətinə salanlar da birdəfəlik və ömürlük qulaqlarına sırğa etsinlər!". Millət vəkili eyni zamanda, Azərbaycan nümayəndə heyətinin Paşinyanla bağlı sərt bəyananın da olduqca mühüm məsələ olduğunu bildirib və qeyd edib ki, orada bir daha Azərbaycan dövlətinin mövqeyi qətiyyətli, birmənalı şəkildə öz əksini tapıb.
Nurlan