“Rusiya Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsinə çalışır” - YAP-ın şöbə müdiri

"Rusiya prezidenti Vladimir Putinin Bakıya səfər etməsi münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir".

Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir: "Bu münasibətlər birdən-birə yaranmayıb, on illiklərin nəticəsidir. Nə Rusiya, nə də Azərbaycan sıradan bir ölkədir. Azərbaycan hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz qısa zaman çərçivəsində dünyanın güclü dövlətinə çevrilib. Bu baxımdan Rusiya ilə Azərbaycanın dostluğu hər iki ölkənin maraqlarına xidmət edir. Rusiya ilə Azərbaycanın dostluğu regionda stabilliyin yaranmasına, inkişafın sürətlənməsinə xidmət edir. Ölkələr qarşılıqlı olaraq ilk növbədə neft-qaz, kənd təsərrüfatı, yeni texnologiyaların tətbiqi sahəsində, dünya silah bazarında nüfuz qazanmaq istiqamətində əməkdaşlıq edirlər. Azərbaycan ikitərəfli münasibətlərin üçüncü dövlətin əleyhinə yönlənməsində maraqlı deyil. Bu da ikitərəfli münasibətləri möhkəmləndirir, etibarlı edir".

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31