“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olacağına ümid edirik”
26 Sentyabr 2018 16:08 SiyasətSon zamanlar Azərbaycan və Rusiya prezidentlərinin çoxsaylı görüşləri iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırıb".
Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkili bildirib ki, bu gün dövlətimiz müstəqil stabil siyasət yeritdiyi üçün müxtəlif ölkələr Azərbaycanla tərəfdaşlıq etməkdə maraqlıdırlar: "Azərbaycan dövləti də xarici ölkələrlə əməkdaşlıq edir, nümayəndələrini ölkəmizə dəvət edir. Rusiya bizimlə qonşu dövlət olduğu üçün bu münasibətlərə daha çox yer ayrılır. İki qonşu dövlət arasındakı qarşılıqlı münasibətləri təhlil etsək görərik ki, təkcə iqtisadi münasibətlər milyard dollarlarla ölçülür. İllər keçdikcə isə artım tempi müşahidə olunur".
Millət vəkili onu da qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı yaxşı münasibətlər düşmən Ermənistanı narahat edir: "Son zamanlar prezidentlərin ardıcıl görüşlər keçirmələri erməniləri çaşdırıb. Bilmirlər hansı tərəfə üz çevirsinlər. Sürüşkən mövqe nümayiş etdirirlər. Prezidentlərin görüşü zamanı müzakirəsi nəzərdə tutulan məsələlər barədə danışırlar və bunu bəyan edirlər. Azərbaycanla Rusiya arasında qarşılıqlı investisiya qoyuluşu artmaqdadır. Enerji təhlükəsizliyi sahəsində birgə layihələr həyata keçirilir, nəqliyyat sektorunda əməkdaşlıq genişləndirilir. Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq sahəsində də irəliləyiş var. Müstəqil siyasət yürüdən Azərbaycan Qərbin sanksiyaları ilə üzləşən Rusiyaya həmişə dəstək olur. Növbəti görüş hər iki ölkə üçün indiki məqamda vacib strateji görüş hesab oluna bilər. Azərbaycan xalqı bu görüşdə bir sıra məsələlərin yoluna qoyulacağına ümid edir. Rusiyanın ən vacib məsələmiz olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olacağına ümid edirik".
azadinform