Paşinyanın atdığı addımlar əks-effekt verir - ŞƏRH

Mübariz Əhmədoğlu: "Yerevanda mer seçkiləri parlament seçkilərinin sürətləndirilməsini  Nikol Paşinyan üçün zərurətə çevirdi"

Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən siyasi cameədə sabitlik yarada bilmir. Rəqiblərini sıradan çıxarmaq üçün ən çirkin oyunlara belə gedən inqilabçı baş nazirin bu gedişləri də özünü doğrultmur. Çünki illərlə Ermənistanda oturuşmuş və özünə yer eləmiş Qarabağ klanını asanlıqla zərərsizləşdirmək Paşinyan üçün o qədər də asan başa gəlmir. İnqilabçı baş nazir qarşıdan gələn parlament seçkilərinə qədər rəqiblərini tam sıradan çıxarmağı planlaşdırdığı halda, əks düşərgə də baş nazirə qarşı adekvat fəaliyyətini davam etdirir. Bu fəaliyyət isə sadə ermənilər arasında Paşinyanın mənfi imicini formalaşdırmaqdan ibarətdir. Son aylarda düşmən ölkədə yaşanan proseslər belə deməyə əsas verir ki, antipaşinyançıların planı baş tutur. Elə son mer seçkiləri də bunu təsdiqlədi. Düzdür, seçkilərdə Paşinyanın dəstəklədiyi namizəd qalib gəlsə də, amma etiraf etmək lazımdır ki, bu qələbə əslində məğlubiyyətə bərabər qələbə idi. Çünki cəmi 5 ay əvvəl hakimiyyətə gəlmiş bir siyasi liderin komandası və ya onun dəstəklədiyi namizədin ümumi seçicilərin cəmi 30 faizdən artıq səs yığması belə deməyə əsas verir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Yerevan mer seçkiləri parlament seçkilərinin sürətləndirilməsini  Nikol Paşinyan üçün zərurətə çevirdi. Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətinin ilk testi Yerevan şəhər Ağsaqqallar Şurasına seçkilər oldu: "Bu seçkilər həm də meri seçməli idi. Baş nazir Nikol Paşinyanın dəstəklədiyi komik aktyor A.Marutyan 81,06 faiz səslə qalib gəldi. Bu 294 min109 seçicinin səsi deməkdir. Yerevan şəhərində seçici siyahılarına 848 min 343 nəfərin adı daxil edilmişdi. Hesablasaq Nikol Paşinyanın namizədi olan A.Marutyanın 34, 67 faiz səsin qazandığını görərik. Yerevanda seçicilərin ümumi sayının 848 min 343 nəfər olması şübhə doğurur. Yerevanda cəmi 1 milyon hüdudlarında əhali yaşayır. Xarici vətəndaşların səsvermədə iştirakına icazə verilsə də, bu barədə xüsusi iri rəqəmlərə rast gəlmədik. A.Marutyanın təbliğat kampaniyasını şəxsən Nikol Paşinyan özü aparırdı. Hətta A.Marutyanın xatirinə Nikol Paşinyan Dağlıq Qarabağa qoşunların təmas xəttinə gəldi, Kəlbəcərdən Gəncəyə binokl tuşladı. Yerevana qayıdarkən yolda ölkəsinin müharibəyə hazır olduğunu bəyan etdi. A.Marutyanın təbliğat mitinqində Nikol Paşinyan bu vaxtadək erməni tərəfinin 3-4 Azərbaycan hərbçisini öldürdüyü barədə məlumat verdi. Başqa sözlə, Nikol Paşinyan A.Marutyanın seçilməsi üçün var qüvvəsi ilə çalışdı. Nəinki çalışdı, hətta xalqın adından parlamenti buraxacağı ilə digər siyasi qüvvələri hədələdi. Bütün bunların hamısının nəticəsi 34,67 faiz oldu". Mərkəz rəhbəri deyib ki, halbuki 4 ay bundan öncə Nikol Paşinyanın reytinqi 100 faiz idi: "2,5 ay bundan öncə 94 faizə düşdü. 1 ay bundan öncə 40 faizə endi. Təbliğat kampaniyası dövründə A.Marutyanın reytinqi 22 faizə düşdü. A.Marutyanın reytinqi elə Nikol Paşinyanın reytinqi deməkdir. Nikol Paşinyanın hədələri və polisin müdaxiləsi əhalini qorxutdu. Seçkidə iştirak edənlərin ümumi sayı azaldı, təxminən 44 faiz oldu. Bu da A.Marutyanın (N.Paşinyanın) reytinqini 34,67 faizə qaldırdı". Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri deyib ki, Yerevan şəhər merliyinə seçkilər daha bir problemin üstünü aşkarladı. Onun sözlərinə görə, polisə edilən anonim zənglər seçkinin gedişini dəyişə bilər: "Məhz belə anonim zənglər nəticəsində polis "Çiçəklənən Ermənistan" Partiyasının qərargahında 2 dəfə yoxlama apardı. Yerevan şəhər merliyinə seçkilər siyasi prizmadan daha maraqlıdır. Birincisi, Nikol Paşinyanın reytinqi sürətlə aşağı düşür. İkincisi, seçicilərin iştirakının sayının az olması görünür Nikol Paşinyanın son variantı idi. Birləşmiş Ştatlara gedərkən yolüstü Paris aeroportundan facebook vasitəsilə canlı efirə çıxdı, iştirakçıların sayının azlığından qorxmamağı tövsiyə etdi. Onun fikrincə, bu seçkilərdə "qazellərlə" seçicilər daşınmır. Əslində bu Nikol Paşinyanın etirafı olmaqla yanaşı, həm də acizliyi idi. Onun sözü ilə Yerevan şəhərinin böyük əksəriyyəti evindən ən uzağı 500-600 metr məsafəyə gedib, səsvermədə iştirak etmədi. Üçüncüsü, Nikol Paşinyan parlament seçkilərinə getməyin vaxtını irəli çəkməyə məcburdur. Çünki reytinqi sürətlə aşağı düşür. 22 faizin 34,67 faizə qalxmasının səbəbi həm də Robert Köçəryana nifrət faktoru ola bilər. Yaxın zamanlarda A.Marutyanın da səhvləri Nikol Paşinyanın səhvlərinin sayını daha da artıracaq. Eləcə də "Sasna srerçilər" müstəqil qüvvə kimi formalaşacaqlar. "Sasna srerçilər" Serj Sərkisyan, Robert Köçəryana müxalif olmaqla yanaşı, həm də Nikol Paşinyana müxalifdir. Nikol Paşinyan mer seçkilərinin təbliğat kampaniyası dövründə parlamentin buraxılmasını aktuallaşdırmışdı. O zaman bu hədə idisə, indi artıq Nikol Paşinyan üçün zərurətə çevrilir. Nikol Paşinyanın atdığı addımlar əks-effekt verir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31