“ADEX-2018” Azərbaycanın hərbi qüdrətinin göstəricisidir

Silahlı qüvvələrimiz ən müasir silahlarla təchiz olunur

Azərbaycanda strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlaması respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Məhz  ölkədə müdafiə sənayesinin inkişafı nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər nailiyyətlər əldə edilib. Konkret olaraq ordumuz yeni texniki imkanlar əldə etməklə yanaşı, həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyib. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.

Belə ki, Bakıda 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX-2018 öz işinə başlayıb. Məlumat üçün qeyd edək ki, ildən ilə ADEX  sərgisinə marağın artması və yeni dövlətlərin, şirkətlərin qoşulması müşahidə olunur. Bu dəfə də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silahların xarici ölkələrə satışı artırılıb. Sərgidə MSN-nin 260-dan artıq hərbi məmulatı nümayiş olunur. Bununla da Azərbaycanın müasir silah və texnikasının, eləcə də milli müdafiə kompleksinin imkanları nümayiş olunur. Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunur. Burada, sərgini ziyarət edənlər ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan "Vitta" Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.

Həmçinin bu il "ADEX-2018" sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224  şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcəkdir. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr ADEX 2018 sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib. Belə ki, 2016-cı il ilə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır. Sərgidə digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda MİQ, "Leonardo", ОАК, "Motor Siç", "Rusiya Vertolyotları" və "Aeronautics Group" kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edirlər.

Bu isə o deməkdir ki, ölkəmizdə ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir. Hərbi təyinatlı məhsullar istehsal edən Azərbaycan sənayesinin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada ərsəyə gətirilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Digər tərəfdən, ildən-ilə ölkə daxilində istehsal olunan məhsulların keyfiyyəti ilə bərabər kəmiyyətində də böyük artım var. Müdafiə sənayesi üzrə yaradılan istehsalat sahələri Azərbaycan Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin edir.

Diqqətçəkən başqa bir cəhət də Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü Silahlı Qüvvələrimizi silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməyə qadir olmasıdır. Qeyd edək ki, xarici bazarlarda Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara böyük maraq var. Bunu indiyə qədər keçirilən və ölkəmizin istehsalı olan müdafiə məhsullarının nümayiş etdirildiyi sərgilər təsdiq edir. Beynəlxalq miqyasda Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məmulatlara böyük maraq göstərilməsinin səbəbi onların keyfiyyətli olması, müasir tələblərə cavab verməsidir. Bir çox dövlətlər ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışırlar. Qısa müddətdə respublikanın hərbi potensialının artırılması məqsədilə yaradılan müdafiə sənayesi sahəsində əldə olunan nailiyyətlərə məhz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqəti sayəsində nail olunub. Yeni istehsal sahələrinin açılışında iştirak edən Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı fikirlərini bildirib və görülmüş işləri yüksək qiymətləndirib.

Azərbaycan prezidenti İlham Əliyev  üçüncü "ADEX-2018" Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə də tanış olub. Dövlət başçısına bildirilib ki,  "ADEX-2018" sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda Silahlı Qüvvələrin modernləşdirilməsi ilə yanaşı, həm də son illərdə yerli istehsal hesabına hərbi birləşmələrin müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31