"Ölkə başçısının səsləndirdiyi fikirlər Ermənistana növbəti xəbərdarlıq idi" - Tahir Rzayev
25 Sentyabr 2018 15:11 Siyasət"Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbir və həmin tədbirdə Prezident İlham Əliyevin geniş nitqlə çıxışı ölkəmizdə parlamentə verilən qiymətin bariz nümunəsi idi. Dövlət başçısı çıxışında parlamentin fəaliyyətinə, millət vəkillərinin gördüyü işlər haqqında geniş məlumat verməklə yanaşı, ümumilikdə ölkə parlamenti tərəfindən görülən işləri yüksək qiymətləndirdi".
Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Prezident İlham Əliyevin Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ciddi mesajlar verdiyini dilə gətirən deputat söyləyib ki, dövlətimizin başçısı beynəlxalq qurumların və xarici ölkələrin nümayəndələrinə problemin həlli yolunu göstərdi.
T.Rzayev bildirib ki, Cənab Prezident çıxışı zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunacağının vacibliyini və bu torpaqların hər zaman Azərbaycan torpağı kimi qalacağını beynəlxalq təşkilatların diqqətinə çatdırdı: "Ölkə başçısı bir daha bəyan etdi ki, ölkəmiz istənilən yolla torpaqlarını işğaldan azad edəcək".
Dövlət başçısının çıxışında Ermənistandakı vəziyyətə toxunduğunu dilə gətirən deputat vurğulayıb ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasının region böyük problemlərə yol açacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu: "Cənab Prezident İlham Əliyev beynəlxalq təşkilatlara, xarici ölkə nümayəndələrinə ciddi mesaj verdi ki, onların təmsil etdikləri təşkilat və dövlətlər də bu işlə məşğul olmalıdır. Çünki bu gün işğalçının cəzasız qalması regionda daha böyük problemlərə yol aça bilər. Ona görə də bu məsələ ilə bağlı hər bir dövlət, hər bir parlament üzvü öz səsini çıxarmalıdır".
T. Rzayev əlavə edib ki, Ölkə başçısının yubiley iclasında Azərbaycanın güclü orduya malik olması ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana növbəti xəbərdarlıq idi: " Ölkə başçısı bununla bir daha bəyan etdi ki, düşmən ölkə həyata keçirdiyi siyasətdən əl çəkməsə o zaman Azərbaycan öz torpaqlarını istənilən an hərb yolu ilə işğaldan azad etməyə hazırdır".
SİA