Paşinyanın qeyri-ciddi davranışları
Və ya Nikol okeanın o tayında Kremlə hansı mesajı verdi?
25 Sentyabr 2018 12:57 SiyasətVə ya Nikol okeanın o tayında Kremlə hansı mesajı verdi?
Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən özünün qeyri-səmimiliyi və qeyri-ciddiliyi ilə ad çıxarıb. Verdiyi açıqlamalar, bəyanatları bir müddət keçdikdən sonra təkzib edən, yaxud verdiyi açıqlamalara zidd hərəkət edən Paşinyan bu xüsusiyyətinə görə, getdikcə Ermənistanda arzuedilməz şəxsə çevrilir. Təkcə Ermənistanda deyil, artıq beynəlxalq aləmdə də Paşinyan qeyri-ciddi siyasi fiqur kimi tanınır. Onun inqilab yolu ilə hakimiyyətə gəldiyi ilk gündən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı verdiyi aqressiv bəyanatlar, İrəvanın danışıqlar prosesində iştirak etməyəcəyi barədə sərsəmləmələrinin üzərindən çox keçmədən işğalçı ölkənin xarici işlər nazirini elə Qarabağ probleminin həlli məqsədilə keçirilən danışıqlar prosesinə göndərməsi, hakimiyyət dəyişikliyi zamanı bundan sonra Ermənistana Rusiya təsirinin azalacağı barədə verdiyi açıqlama və ölkədə antiRusiya əhval-ruhiyyəsi formalaşdığı bir ərəfədə mövqeyini kəskin dəyişərək Rusiyaya səfər etməsi və Moskva-İrəvan əməkdaşlığının gələcək perspektivlərindən ağız dolusu danışması, eləcə də bu kimi qeyri-ciddi açıqlama və atılan addımlar Paşinyanın beynəlxalq aləmdə mənfi imicinin formalaşmasına təsir göstərən amillər sırasındadır. Elə bu səbəbdəndir ki, 5 aydan artıqdır hakimiyyəti zəbt etmiş Nikol Paşinyan heç bir xarici ölkəyə rəsmi səfərə dəvət edilmir. Xüsusilə hazırda Qərbdə Paşinyan qeyri-sağlam təfəkkürə malik və siyasi dünyagörüşü zəif olan biri kimi xarakterizə edilir.
Ermənistan baş nazirinin daha bir qeyri-ciddiliyi və belə demək mümkünsə öz tüpürdüyünü yaladığı Birləşmiş Ştatlara səfəri ərəfəsində müşahidə edildi. Məlumat üçün qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da BMT-nin 73-cü sessiyasında iştirak üçün dəvət edilmişdi. Ancaq maraqlısı odur ki, Nikol həmin dəvətdən imtina etmişdi. Səbəb kimi isə İrəvanda keçirilən mer seçkilərini göstərmişdi. Halbuki Paşinyanın Nyu-Yorka səfərdəm imtina etməsinin başlıca səbəbi onun Birləşmiş Ştatlar prezidenti Donald Trampla görüş istəyinə razılığın verilməməsi idi. Nikol Paşinyan ümid edirdi ki, Nyu-Yorka səfəri çərçivəsində Ağ Ev rəhbəri ilə görüşməyə nail olacaq. Ancaq inqilabçı baş nazirin bu istəyinə qarşılıq verilmədiyi üçün o, BMT sessiyasında iştirakdan imtina etmişdi. Lakin Paşinyan bu dəfə də ənənəsinə sadiq qalaraq öz qeyri-ciddiliyi bir daha ortaya qoydu və imtina etdiyi Amerika səfərini reallaşdırmağı qərarlaşdırdı. Bəs görəsən Paşinyanın bu qeyri-ciddiliyinin arxasında hansı məqam dayanır?
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri politoloq Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatlar prezidenti ilə görüşün baş tutmaması Nikol Paşinyanın sözügedən qərarı verməsinə səbəb olan əsas amildi. Politoloq onu da vurğulayıb ki, görünür, Amerika Erməni Assambleyası Nikol Paşinyana yeni təlimatlar vermək üçün Birləşmiş Ştatlara çağırdı: "Nikol Paşinyan Birləşmiş Ştatlara ayaq basan kimi "Heç bir qüvvənin onu devirə bilməyəcəyi"-ni qeyd etməsi, əsasən Rusiyaya mesajıdır. Yerevan şəhər bələdiyyə seçkilərdə qələbəsi onun Rusiyaya və daxildə emissarlarına qarşı əlini gücləndirdi. Çünki, Rusiya Ermənistanda Qarabağ klanına stavka edərək, bu klanın rəhbəri Robert Köçaryana dəstək verir. Robert Köçaryanın da əsas planı situasiyaya uyğun hərəkət edərək, hər hansı yaranacaq qarışıqdan yararlanmaqla Nikol Paşinyanı devirməkdi. Proseslərdən xəbərdar olan Nikol Paşinyanın okenaın o tayından mesajı Kremlə aiddir. O, daxili əks-inqilabçılar qarşısında güclü olduğunu və savaşı davam etdirəcəyini qeyd etdi".
Politoloq deyib ki. Yerevan bələdiyyə seçkilərində Nikol Paşinyanın dəstəklədiyi "Mənim Blokum" siyasi təşkilatı qalib gəldi: "Qeyd edim ki, Yerevan şəhər seçkilərində qələbə əldə edəndən sonra, Paşinyanın məhz ABŞ səfər reallaşdı. Onun ABŞ getməsi sual altında idi. Özü də Yerevan şəhər seçkilərinə görə ABŞ getməcəyini qeyd edirdi".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Nikol Paşinyan bu seçkilərdən sonra, Robert Köçaryana qarşı siyasi təqibləri davam etdirəcək: "Baxmayaraq ki, xalq inqilab gözləntilərindən məyus olaraq seçkidə fəallıq göstərmədi. Bundan sonra Paşinyanın parlament seçkilərinə güclü hazırlaşaraq seçkilərdə qalib gələcəyi şübhəsizdi. O, Robert Köçaryan klanını və Rusiyanın siyasətini Ermənistanda getdikcə sıxışdıracaq. Qeyd edim ki, Ermənistanda yeni hakimiyyətin Qarabağ münaqişəsi ətrafında qeyr-konstruktiv və qızışdırcı bəyanatları, cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yol açır. O, bu kimi siyasətini davam etdirərsə Azərbaycan hərbi təzyiqlərə əl atacaq. Bu birmənalıdır və bu təzyiqlər Ermənistanda daxili böhrana səbəb olacaq".
Süleyman