Deputat KTMT-ya qoşulmağa qarşı çıxdı
24 Sentyabr 2018 14:43 SiyasətMillət vəkili Vahid Əhmədov bəzi deputat həmkarlarının Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması ilə bağlı təkliflərinə sərt reaksiya verib. "Olaylar"ın xəbərinə görə, bu barədə üzvü olduğu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında danışan deputat bildirib ki, təklifi irəli sürənlər iddia edirlər ki, Azərbaycan bu təşkilata qoşularsa, Dağlıq Qarabağ problemi həll olunar: "Unutmayaq ki, Azərbaycan müstəqilliyini əldə etmək üçün çox qanlı yol keçib. Ona görə Azərbaycanın KTMT-yə daxil olması düzgün deyil. Düzdür, Rusiya böyük ölkədir və Rusiya ilə yaxşı siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrimiz var və dövlət başçıları arasında da gözəl münasibət mövcuddur , bu münasibətlər indi də davam edir. Ancaq, bu, o demək deyil ki, Azərbaycan hər hansı bir hərbi bloka daxil olmalı, müsətqilliyini əldən verməlidir? Buna yol vermək, KTMT-yə qoşulmaq olmaz". Qeyd edək ki, bu təkliflə millət vəkili Əli Hüseynli çıxış edib və onun təklifi həmkarı Qüdrət Həsənquliyev tərəfindən dəstəklənib.